Kursk hücumu savaşın taleyini dəyişə bilərmi?

post-img

Məlum olduğu kimi, avqustun 6-da Ukrayna hərbçiləri gözlənilmədən Rusiyanın Kursk vilayətinə hücum edərək 30-35 kilometrədək irəliləyə biliblər. 30-a qədər yaşayış məntəqəsi ələ keçirilib. Yüzlərlə hərbçi əsir götürülüb. On minlərlə sakin isə təxliyə olunub. 

Lakin 2 gündür ki, Rusiya Ordusu əraziyə əlavə qüvvələr yeridərək rəqibin vilayətin içərilərinə doğru yürüşünün qarşısını ala bilib. Vilayətdə bir neçə istiqamətdə ağır döyüşlər gedir. Döyüşdə tərəflərdən hansının üstün gəldiyini söyləmək çətindir. Bütün müharibələrdə olduğu kimi, burada da rəqiblər öz uğurlarını şişirtməyə çalışırlar.    

Dünən Ukraynanın müdafiə naziri Oleksandr Sırski bildirib ki, bu ölkənin hərbçiləri hazırda Rusiyanın Kursk vilayətinin 1000 kvadratkilometrdən çox ərazisinə nəzarət edirlər. Bununla da ilk dəfədir ki, Ukrayna rəsmisi Kreml üçün sürpriz olan hərbi müdaxiləni təsdiqləyib. Bu vaxta qədər Ukrayna Müdafiə Nazirliyi Kursk əməliyyatı barədə susurdu. 

Rusiya-Ukrayna savaşının gedişatında Kursk əməliyyatı keyfiyyətcə yeni mərhələnin başlanğıcı, yəni dönüş nöqtəsi ola bilərmi? Bu suala birmənalı cavab vermək çətindir. Əgər Ukrayna əsgərləri ələ keçirdikləri ərazilərdə istehkamlar quraraq möhkəmlənə və yeni uğurlu hərbi əməliyyatlara imza ata bilsələr, o zaman hansısa ciddi dönüşdən danışmaq olar. 

Lakin bu da danılmaz bir faktdır ki, 1941-ci ildən, yəni Böyük Vətən müharibəsinin başlandığı gündən ilk dəfədir ki, Rusiyanın ərazisinə birbaşa hərbi müdaxilə baş verir. Təsadüfi deyil ki, Ukrayna Prezidenti V.Zelenski Kursk əməliyyatı ilə xalqa ənənəvi müraciətində xırda detallara varmadan “müharibənin təcavüzkar ərazisinə itələndiyini” bildirib. 

Rusiya hərbçiləri hazırda Kurskda ciddi müdafiə tədbirləri görürlər. Əraziyə əlavə canlı qüvvələr və çox sayda texnika yeridilib. Ukrayna Ordusunun əlavə ərazilər ələ keçirməsinin qarşısı alınıb. Vilayətin ərazisində ağır, şiddətli döyüşlərin olacağı ehtimal edilir. 

Sensasiyalı Kursk əməliyyatı ­başladığı andan qlobal medianın gündəmini zəbt edib. Bu barədə şərhlərdə hücumun Vaşinqtonun “xeyir-duası ilə” baş verdiyi ehtimal olunur. Hər halda, Ağ ev ­administrasiyası Kiyevin belə bir “cəsarətli addım” atmasına mane olmaq istəməyib. ABŞ-də 5 noyabr prezident seçkiləri keçiriləcək. Bu ərəfədə Ukraynanın qələbəsi hazırkı iqtidarın reytinqinə müsbət təsir göstərə bilər. Bunu nəzərə alaraq Vaşinqton Kiyevin qarşısına artıq əvvəlki məhdudiyyətləri qoymur.  

Bir daha vurğulamaq istərdik. İndi bütün dünya Rusiyanın mümkün cavab addımlarını gözləyir. Bu tədbirlərin uğurlu, yaxud uğursuz olması müharibənin sonrakı taleyinə ciddi təsir göstərəcək. Görünən budur ki, hələlik Moskva özünü soyuqqanlı aparır və Kurskda ciddi bir hadisə baş vermədiyi mesajını daxili və xarici auditoriyaya çatdırmaq istəyir.   

Rusiya Prezidenti Vladimir Putin baş verənləri şərh edərkən bildirib ki, Ukraynanın niyyəti Kursk bölgəsinə daxil olaraq diqqəti Moskvanın Ukraynanın şərqindəki Donbas bölgəsinə hücumundan yayındırmaq, eləcə də gələcək sülh danışıqlarında daha yaxşı mövqe əldə etməkdir. 

Dövlət başçısı bu qənaətdədir ki, rəsmi Kiyevin Rusiyada sabitliyi pozmaq cəhdləri əbəsdir. V.Putinin sözlərinə görə, Rusiya xalqı Kremlin ölkənin təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi siyasəti tam dəstəkləyir. V.Putin Rusiya ordusuna qoşulmaq üçün könüllülərin sayının artdığını bildirib və Rusiyanın hərbi məqsədlərinə çatacağını vurğulayıb.

Müharibə böyük maliyyə vəsaitləri tələb edir. Bunu nəzərə alaraq Qərb Kiyevə hərbi və maliyyə dəstəyini artırmağa çalışır. Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, Avropa İttifaqı (Aİ) dünən  4,2 milyard avroluq növbəti maliyyə yardımını Ukrayna hökumətinin hesabına köçürüb. Onun sözlərinə görə, bununla da 2024-cü ilin əvvəlindən Aİ tərəfindən ölkəsinə dəstək məqsədilə verilən vəsaitin həcmi 12 milyard avroya çatıb.

Sonuncu tranşın da qarşıdakı dövrdə maliyyələşdirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Aİ rəsmi Kiyevə 4,2 milyard avro vəsaitin ayrılması barədə qərarı avqustun 6-da təsdiqləyib.

Bu arada ABŞ-nin 45-ci prezidenti Donald Tramp milyarder İlon Maska müsahibəsində deyib ki, Rusiyanı Ukrayna hücumdan yayındırmaq mümkün idi, sadəcə Co Baydenin yanlış siyasəti və Ukraynaya  rəhbərliyinin NATO-ya üzv olacağı barədə fikirləri savaşı labüd etdi və bu, on minlərlə günahsız ailə üçün ağır faciələrə yol açdı. 

Tramp həmçinin deyib ki, Ağ evin rəhbəri olduğu dövrdə Rusiya Prezidentini dəfələrlə Ukraynaya hücum planından çəkindirməyə çalışıb və buna nail olub. İqtidarda olduğu dönəmdə cənab Putinlə “yaxşı münasibətləri”nin olduğunu xatırladan D.Tramp, eyni zamanda, bildirib ki, prezident seçildikdən sonra Rusiya-Ukrayna hərbi qarşıdurmasını dayandıra biləcək.

P.S. Dünən qəzetimiz çapa verilərkən məlum oldu ki, Rusiyanın Kursk vilayətində döyüşlər gedən daha bir rayondan əhali evakuasiya edilir. Belə ki, Rusiya KİV-i xəbər verir ki, Kurskun Velikosoldatsk rayonunun əhalisi Ukrayna Silahlı Qüvvələrinin irəliləməsi səbəbindən köçürülür. Bu rayon Kursk AES-ə gedən yolda yerləşir. Bu da o deməkdir ki, Rusiya Ukraynanın Kursk AES istiqamətində irəliləyəcəyini gözləyir.

Məsaim ABDULLAYEV  
XQ

 



Dünya