Yaxın Şərq: Diplomatiya dalana dirənib

post-img

Yaxın Şərq regionunda vəziyyət gərgin olaraq qalır. HƏMAS rəhbəri İsmayıl Haniyənin qətlindən sonra İran ilə İsrail arasında qarşılıqlı təhdidlərin şiddəti də getdikcə artır. Tehran HƏMAS rəhbərinin öldürülməsinə cavab verəcəyini bildirir, Təl-Əviv də bütün ssenarilərə hazır olduğunu diqqətə çatdırır. Böyük dövlətlər də regionda böyük müharibənin başlamaması üçün diplomatik səylərini gücləndirir.

Qəzza zolağında atəşkəsin əldə edilməsi ilə bağlı aparılan diplomatik danışıqlar heç bir nəticə vermir. Diplomatiya da nəticə verməyəndə toplar işə düşür. Hər gün İsrailin və HƏMAS-ı dəstəkləyən “Hizbullah” hərəkatının bir-birinə raket zərbələri endirmələri barədə xəbərlər yayılır. İranın da HƏMAS lideri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsindən sonra İsraildən qisas alacağı barədə səsləndirdiyi bəyanatlar gərginliyi daha da artırır. Qərb, eləcə də İslam ölkələri İranı zərbə endirilməsi məsələsində təmkinli olmağa çağırsalar da, Tehran niyyətindən dönməyəcəyini bildirir. Son günlərdə dünya mətbuatında yayılan təhlili yazılarda vurğulanır ki, dünya Tehranın İsrailə qarşı hərbi əməliyyat keçirəcəyinə şübhə etmir. 

Belə bir gərginlik fonunda Qərb ölkələri, xüsusilə də ABŞ regionda vəziyyətin nəzarətdən çıxmaması üçün diplomatik fəaliyyətini gücləndirir. Vaşinqton rəsmiləri hücum edəcəyi təqdirdə İrana cavab veriləcəyini vurğulamaqla yanaşı, Tehranı qisas əməliyyatından çəkindirməyə nail olmaq üçün Türkiyə ilə təmaslarını gücləndirir. Türkiyə KİV-i yazır ki, qardaş ölkənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin dövlət katibi Entoni Blinken ilə telefon danışığı zamanı Vaşinqtonu Qəzza ilə danışıqlar aparılması və daimi atəşkəsə nail olunması üçün İsrailə təzyiq göstərməyə çağırıb. Ankara əbəs yerə narahat olmur, çünki İran və “Hizbullah”ın cavabının bölgədəki vəziyyəti daha da gərginləşdirəcəyi və genişmiqyaslı regional müharibəyə səbəb ola biləcəyi ilə bağlı qorxular artır.

ABŞ diplomatik fəaliyyətini davam etdirməklə yanaşı, regiona hərbi qüvvələr də göndərir. Bu, ABŞ-nin İsraili İranın istənilən hücumundan qorumaq əzmini nümayiş etdirmək məqsədi daşıyır. Pentaqon rəhbəri Llyod Ostinin dediyi kimi, Vaşinqton müttəfiqini qorumaq üçün bütün mümkün addımları atacaq. İranın konkret olaraq nə etməyi planlaşdırdığı hələ də bəlli deyil. Apreldə İranın Suriyadakı konsulluğuna zərbə endirdikdən sonra İranın İsrailə əvvəlki birbaşa hücumunda Tehran yüzlərlə pilotsuz təyyarə və müxtəlif növ raketlərdən istifadə etmişdi. Bölgədəki və onun hüdudlarından kənardakı müşahidəçilər İran və yaxud “Hizbullah” tərəfindən “intiqam hücumu”nun yaxın günlərdə baş verə biləcəyini güman edirlər. 

S.ELAY 
XQ

 



Dünya