Vəhşi dəvələrin nəsli kəsilməyəcək

post-img

Monqolustan və Çinin əlçatmazlığında səhra nəhəngləri ciddi qorunur 

Əvvəlcə onu xatırladaq ki, planetimizdə vəhşi dəvələrin olduğunu ilk dəfə Rusiya səyyahı, coğrafiyaçı və naturalisti  Nikolay Prjevalski (1839 – 1888) müəyyən etmiş və geniş məlumat hazırlamışdı. Onun bütün səyahətləri Çar tərəfindən dəstəklənirdi və hətta bu səyyaha general-mayor hərbi rütbəsi də verilmişdi. Prjevalski  Asiyanın böyük ölkələrinə bir neçə dəfə səyahət etmiş, Monqolustan, Şimali Çin və Tibet ərazilərində özünəməxsus tədqiqatlar aparmışdı. 

Rusiyalı mütəxəssislərin hazırladığı dzen.ru saytında verilmiş “Havtaqay  və ya vəhşi dəvə” (Хавтагай или дикий верблюд) (dzen.ru/a/ZLJVGs5-YjK-e2UB) adlı məqalədə qeyd edilir ki, məməlilər fəsiləsindən olan dəvələr min illər əvvəl əhliləşdirilsələr də, onların yaxın “qohumları” arasında hələ də vəhşi həyat sürənlər var. Bəzi mütəxəssislərin “vəhşi qozbellər”, monqolların isə havtaqay adlandırdığı bu cütdırnaqlılar Çinin və Monqolustanın  insanların məskunlaşmadığı ucqar dağlıq ərazilərdə yaşayırlar. Onlar sərt qayalarda və enişlərdə dağ keçilərindən də yaxşı gəzə bilirlər. 

Yeri gəlmişkən, monqol mətbəxində içi nazik doğranmış ətlə doldurulan qalın piroq növlərindən birinə havtaqay deyirlər. Rus mütəxəssislər bu mətbəx nemətinin vəhşi dəvələrlə hansısa əlaqəsi olduğunu deyə bilmirlər. 

Ev dəvələrindən xeyli dərəcədə arıq görünüşlü və çevik hərəkətli olan vəhşi dəvələr birhörgüclüdür. Ev dəvələrinin qabaq ayaqlarının dizində yük heyvanlarına xarakterik olan qabarlar var. Vəhşi dəvələr yük götürmədiyinə görə, həmin qabarlar yoxdur. Ağ, qara, qonur rəngli ev dəvələrinin sayı bilinməz dərəcədə çoxdur. ­Qonur rəngli vəhşi dəvələrin sayı isə nəslin tamamilə məhv ola biləcəyi dərəcədə azalmışdır. Halbuki Prjevalskinin sözlərinə görə onlar əvvəllər Mərkəzi Asiyanın bütün ölkələrində yaşayırdılar. Yaxşı ki, son zamanlar Çin və Monqolustan dövlətləri onların qorunmasını ciddi nəzarət altında saxlayırlar. 

Havtaqaylar, adətən, sürü şəklində yaşayırlar və hər sürü ən çoxu 20 başdan ibarət olur. Ev dəvələri kimi onlar da uzun müddət susuz və qidasız yaşaya bilirlər. Buna baxmayaraq, su olan ərazilərə çatmaq üçün gündə yüz kilometr məsafə qət edirlər. Mütəxəssislər yazırlar ki, yetkin havtaqaylar ekstremal vəziyyətdə bir ay susuz qala bilirlər. Üstəlik, ev dəvələrindən fərqli olaraq, havtaqaylar duzlu – dəniz suyunu da içirlər və heç bir fəsad hiss eləmirlər. 

Bundan başqa, vəhşi dəvələr imkan olduğu halda da az yeyirlər. Onların qida rasionu əsasən  kollu bitkilərdən ibarətdir ki, həmin bitkiləri  digər otyeyənlər çeynəyə bilmirlər.  

Digər özünəməxsus xüsusiyyətlərindən biri də odur ki, hava çox isti olanda onlar ağızlarını açaraq küləyə qarşı gedir, ev dəvələrinin quyruğuna nisbətən daha uzun olan quyruqları ilə özlərini küləkləyirlər. 

Çöldə, dağda onların düşməni çox olmasa da,  yeganə düşmən çox təhlükəlidir. Əvvəllər onların yaşadığı ərazilərdə pələnglər də var idi. İndi isə həmin ərazilərdə vəhşi dəvələrin  düşməni ancaq canavarlardır. Alimlər yazırlar ki, vəhşi dəvələr canavardan xilas olmaq üçün saatda 65 kilometr sürətlə qaça bilir. Müxtəlif dövrlərdə döyüş dəvələri kimi istifadə edilmiş ev dəvələri isə belə sürətlə heç zaman qaça bilməyiblər. 

Təəssüf ki, bu gün havtaqayların sayı  bir neçə yüz başdan çox deyil. Buna görə də onların nəslinin kəsilməsinin qarşısını almaq üçün mübarizələr aparılır. Ancaq ekoloqlar yenə də həyəcan zəngi çalırlar ki, havtaqayların nəsli tükənə bilər. 

Xatırladaq ki, bu dəvələr  “Qırmızı kitab”a iki adla – vəhşi dəvələr və havtaqaylar adıyla düşüblər. Vyana Universiteti alimlərinin  2010-cu ildə apardığı veterinar – tibbi tədqiqatların nəticəsi olaraq belə ­qərara gəlinib ki, havtaqaylar ev dəvələri ilə eyni növ yox, müstəqil növdür. 

Çin alimləri isə 2007-ci ildəki genetik tədqiqatlar nəticəsində (havtaqayların DNK-sının öyrənilməsi nəzərdə tutulur)  sübut etmişdilər ki, vəhşi dəvələr və lamalar ümumi əcdadlarından 25 milyon il əvvəl ayrılmışlar. Bu nəticəyə əsaslanan rus mütəxəssis deyir ki, əgər onlar 25 milyon il yaşayıblarsa, bundan sonra da xeyli müddət dözəcəklər. 

İ.QAÇAYEV

 



Sosial həyat