Kulinarlarımız Pakistanda birincilik qazanıblar

post-img

Bakı Kulinariya Assosiasiyasının aşpaz komandası beynəlxalq müsabiqədə ölkəmizi uğurla təmsil edib. Onlar Pakistanın Lahor şəhərində 16-cı dəfə gerçəkləşən “Sirr qutusu” (Salonniere Mystery Box) beynəlxalq müsabiqəsinin çempionat mərhələsində milli yeməklərimizi müasir üslubda ilk dəfə təqdim ediblər. 

Bakı Kulinariya Assosiasiyasının prezidenti İlkin Əkbərzadə müsabiqə barədə XQ-yə məlumatında qeyd etdi:

–Komandamız  mütəmadi olaraq bir çox beynəlxalq müsabiqələrdə iştirak edir. Qatıldığımız bütün tədbirlərdə Azərbaycan mətbəxi nümunələrini nümayiş etdirməklə, ləziz təamlı yeməklərimizi tanıtdırırıq. Bununla məişət mədəniyyətimizi də təbliğ edirik. Hər müsabiqədə nümayiş etdirdiyimiz yeməklərimizin dadı ziyarətçilərdə böyük maraq yaradır. Eyni zamanda, yeməklərin tarixi barədə də qonaqları məlumatlandırırıq.

 Azərbaycan kulinariyası tarixinə və özünəməxsusluğuna görə, digər dövlətlərin mətbəxindən fərqlidir. Milli xörəklərimiz ləzizliyi və hazırlanma texnologiyası baxımından da seçilir. Yeməklərimizi hazırlayarkən müasir kulinariyanın tələblərini də nəzərə alırıq. Buna görə də, qatıldığımız hər bir beynəlxalq müsabiqədə yüksək keyfiyyət göstəriciləri ilə öndə olmağa çalışırıq. Bu müsabiqənin çempionat mərhələsində peşəkar ustalarımızın hazırladığı milli yemək nümunələri ilə birinci yeri tutduq. Azərbaycan milli yeməklərini müasir üslubda təqdim edən komandanın məharəti böyük maraq doğurdu.

Bu yarışda komandamızın ilk dəfə iştirak etdiyini deyən İlkin Əkbərzadə söylədi ki, 4 nəfərlik heyət qızl medal qazanıb. 

–Bu müsabiqə dünyada ən böyük kulinariya müsabiqələrindəndir. Komandamız Pakistanın 20  komandası ilə yarışırdı. Aşpazlarımızın peşəkarlığı onlara birincilik qazandırdı. Bizim komandanın xörəkləri müsabiqədə heyranlıq doğururdu. Bütün kriteriyalar yerində idi. Yeməklərin hazırlanmasından, gigiyena qaydalarına əməl edilməsinə aşpazlarımız həssaslıqla yanaşırdı. Yarışda 5 növ milli yemək nümunəsi təqdim etdik. Birinci yeməyimiz cənub mətbəxinə aid “Ləvəngi” idi. Yanında gül püresi və qarnir olaraq gavalı sousu da qoyulmuşdu.  Bütün ərzaqları Bakıdan götürmüşdük. İki cür içki hazırlamışdıq. Biri reyhanlı və çiyələkli şərbət, o biri isə südlə qatışdırılmış ananaslı kokteyl idi. Düzdür, ikinci içki Pakistana aiddir. Biz onu elə hazırlamışdıq ki, özləri də çox bəyəndilər. Sonra Xəzər dənizinin ağ balığından modern şəkildə şorba bişirdik. Hisə verilmiş qaymaqlı toyuq və qızıl balıqdan nümunələr də təqdim etdik.

Müsahibimizin dediklərinə əlavə olaraq bildiririk ki, müsabiqə Pakistan Beynəlxalq Qida Sənayesi Sərgisi çərçivəsində reallaşıb. Yarışmada ölkəmizi komandanın kapitanı Sərxan İmanlı, üzvlər Emin Əliyev, Elxan Mirzəyev və İlqar Əhmədov təmsil ediblər. Çempionata dəvət olunmuş hakimlərdən biri də Bakı Kulinariya Assosiasiyasının prezidenti İlkin Əkbərzadə olub.

Xatırladaq ki, assosiasiyanın aşpazlar komandası bu il Ümumdünya Aşpazlar Birliyinin dəstəyi ilə təşkil olunmuş qitə çempionatında “Karaçı Aşpazlar Assosiasiyası”nın qızıl medalını da qazanıb.

Ceyhun ALIŞLI 
XQ

 





Mədəniyyət