İstiyə düşsə ürək – ona nə edər kömək?

post-img

Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, isti havalar davam etsə də, geomaqnit sahəsinin avqustun 14-dən sonra sakit səviyyəyə dönəcəyi gözlənilir. Havanın temperaturunun 40 dərəcəni keçməsi ürək-damar sisteminə mənfi təsirini istər-istəməz göstərir. Bu təsirə, hətta sağlam və gənc insanlarda da rast gəlinir. 

Ürək xəstəlikləri olan insanlar isti, günəşli havalarda sağlamlıqlarına daha diqqətli olmalı, günün müəyyən saatlarında bayıra çıxmamalıdırlar.  Çünki havanın temperaturu qalxdıqca, ürək problemi olanlarda təzyiqin artması, qan laxtalanması, infarkt və insult riskinin tez-tez rast gəlinməsi müşahidə edilir. 

Havaların isti keçməsi ürək- damar xəstələrinə necə təsir edir? Bu sualla Elmi-Tədqiqat Kardiologiya İnstitutunun ürəyin işemik xəstəlikləri şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mədinə Əzimovaya müraciət etdik. Kardioloq-ekspert, həm isti havalar, həm də maqnit dalğalarının insan orqanizminə təsiri ilə bağlı ətraflı məlumat verdi:

– Havaların isti keçməsi ilk növbədə ürək xəstəliklərini kəskinləşdirir. İnsultların, hipertoniyanın və infarktların, təxminən, 70 faizi məhz belə  isti havalarda – maqnit burulğanları olan zaman baş verir. Ümumiyyətlə, dünya kardioloq– alimlərinin fikrincə, orqanizm instinktiv olaraq, maqnit sahəsinin dalğalanmalarını həyat üçün təhlükə kimi qəbul edir. Çünki bu, təzyiqin artmasına və digər simptomlara səbəb olur. Bunlar arasında ən çox rast gəlinənlər baş ağrısı, başgicəllənmə, kardiopalmus (səbəbsiz depressiya), təngənəfəslik, yorğunluq və ya əksinə, hiperaktivlik, asteniya (əzələ zəifliyi), sümüklərdə ağrılardır. 

Bu əlamətlərin başvermə səbəbinə gəlincə deyə bilərəm ki, maqnit sahəsinin dalğalanmaları zamanı kapilyarlarda (kiçik damarlarda) qan axınına maneə yaranır və toxumaların oksigen aclığı baş verir. Məhz qanda oksigen çatışmazlığından başgicəllənmə, ürək nahiyəsində ağrılar, gözlərin qaralması və hətta, şüurun itməsi əlamətləri yaranır.

Bundan başqa, oynaqlarda ağrılar başlayır. Çünki xarici (atmosfer) təzyiqin azalması oynaqlarda daxili təzyiqi çoxaldır. Bu, oynaq kapsulunun və bağların uzanması ilə əlaqədardır ki, bu da ağrıları artırır. İnsanlar, həmçinin yuxu pozulmasından, depressiyadan, diqqətsizlikdən, əsəbilikdən, narahatlıqdan şikayətlənirlər. İstidən damarlar genişlənir ki, bədənin artan istiliyini ətrafa ötürsün. Bundan qaynaqlanaraq bədəndə kapilyar partlamaları, ulduzcuqlar, göyərmələr görülə bilər. Ayaqlarında varikoz olanların ayaqlarında ağırlıq, ağrı, baş ağrıları baş verə bilər. Venoz qan problemi olanlarda aşağı ətraflardan başa və əks istiqamətə, qan dövranında çətinlik yaranır. Ona görə onların ürəyinə və başına isti havalarda normal qan axını olmur.

– Belə xəstələr  isti günlərdə neyləməlidirlər?

– İsti havada insan daha çox tərləyir və bu zaman bədən duz və su itirir, kalium, maqnezium yuyulur. Qanın tərkibi maye–plazmadan və digər qan komponentlərindən ibarətdir. İsti havanın təsirindən tər və tənəffüs vasitəsilə bədəndəki suyun bir hissəsinin xaric olması qanın tərkibini dəyişdirir. Belə ki, maye itkisi qanın qatılaşmasına səbəb olur.  Bu da öz növbəsində tromb yaranmasına və lazımi tədbirlər görməyəndə infarkt və insulta şərait yaradır. Damar problemi olanlarda ödem, bədəndə şişkinlik, maye durğunluğu yarana bilər.

Ürəyi normal insanlarda isti havada, əslində, təzyiq aşağı düşməlidir, çünki damarlar genişlənir, qan axını sərbəst olur. Lakin qan dövranında balansı düzəltmək üçün daha tez-tez yığılıb açıldığından taxikardiya, ürəkdöyünmə, ritmin artması baş verir. Ürəyin əsas koronar damarlarında dəyişiklik yarananda, yaxud öncədən varsa, onlar istiyə uyğun olaraq genişlənir və qanı qova bilmir. Bu zaman ürək və ya beyinin işemiyası, infarkt riski artır. Arterial hipertenziya xəstələrində təzyiqin göstəriciləri daha da yüksələ bilir. Qanda 
elektrolitlərin miqdarının çoxalması aritmiyanı qıcıqlandırır.

– Maqnit qasırğası, eləcə də isti hava ən çox kimlərə təsir edir? 

– Əsasən, ürək xəstəliyi olan insanlar və qan təzyiqinin aşağı, yaxud yuxarı həddə olmasından daim əziyyət çəkənlər maqnit fırtınasını daha tez hiss edirlər. Belə havalar təzyiqlə bağlı xroniki xəstəlikləri olan insanlara çox təsir edir. Elə insanlar var ki, havadan asılı olurlar. Belə ki, havanın dəyişəcəyini, yağış yağacağını öncədən hiss edirlər. Onlar da maqnit qasırğasından əziyyət çəkirlər. Bundan başqa, hava dəyişikliyi hamilə qadınlara, körpələrə və yaşlılara da neqativ təsir göstərir. Onu xüsusilə qeyd etməliyik ki, maqnit qasırğası havası təmiz, texnologiyadan müəyyən qədər uzaq kənd, dağ yerlərinin əhalisinə təsir etmir. Ondan əsasən, böyük şəhərlərin sakinləri əziyyət çəkir.

–  İsti havanın mənfi təsirini azaltmaq üçün tövsiyələriniz.

– Maqnit qasırğasının insana mənfi təsirini azaltmaq üçün əvvəla, texniki avadanlıqlarla işləmə vaxtını qısaltmaq lazımdır, çünki maqnit fırtınaları təkcə insanlara təsir etmir. Maşın sürənlər ehtiyatlı olmalıdırlar, çünki maqnit qasırğaları zamanı konsentrasiya və diqqət azalır. Stress və emosional partlayışlardan çəkinmək lazımdır. Həddindən artıq yüklənməmək üçün xüsusi konsentrasiya tələb edən işlə məşğul olmaq, artıq fiziki fəaliyyətdən imtina etmək, bunun əvəzinə, gimnastika ilə məşğul olmaq, daha çox gəzmək faydalıdır. Saat 12.00 ilə 16.00 arasında bayırda olmamaqda fayda var. Bu, insanları Günəşin ultra-bənövşəyi şüalarından qoruyar. 

Tez-tez kontrastlı duş qəbul etmək, otağı mütəmadi olaraq havalandırmaq lazımdır. Zərərli, həddindən artıq duzlu və yağlı yeməklərdən, spirtdən istifadə etməmək, qoz-fındığa, meyvələrə, tərəvəzlərə, təzə sıxılmış şirələrə və suya üstünlük verilməlidir. Bu qidalar orqanizmdən maye ilə birlikdə xaric olunan kalium və maqneziumun bərpasına kömək edir. 

Ürək problemi olanlar su qəbulunu artırmalı, sərin, kölgəli, rahat yerdə olmalı, çox uzanmamalı, hərəkətdə olmalı, çölə çıxmamalı, fiziki iş görməməli, təzyiqi, şəkəri, mayeni nəzarətdə saxlamalıdırlar. Həddindən artıq yemək, bədən üçün əlavə stressdir. Yuxu cədvəli hazırlamaq, pərdələri möhkəm bağlayaraq adi günlərdəkindən çox yatmaq tövsiyə olunur.

Müsahibəni hazırladı: 
Zərifə BƏŞİRQIZI 
XQ

 

Sosial həyat