“Qərbi Azərbaycan aşıqları” diski hazırlanır

post-img

Azərbaycan Aşıqlar Birliyində  “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı” adlı layihə üzərində işlər yekunlaşıb.

Bu barədə XQ-yə məlumat verən qurum sədrinin müavini, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli söylədi ki, layihənin məqsədi əslən Qərbi Azərbaycandan olub, ötən əsrin sonlarında öz dədə-baba yurdlarından didərgin salındıqdan sonra ölkəmizin müxtəlif guşələrində məskunlaşmış aşıqların musiqi repertuarının daha da zənginləşməsinə yardımçı olmaq, onların ifalarından ibarət audiodisk hazırlayıb geniş ictimaiyyətə təqdim etməkdir:

– Birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun rəhbəri olduğu layihə  üzərində işlər icra planında nəzərdə tutulmuş qrafikə uyğun aparılır. Artıq ifaları audiodiskdə yer alan ustad və gənc aşıqların dəqiqləşdirilməsi, ifaların ayrı-ayrılıqda yazıya alınması kimi işlər arxada qalıb. Yaxın günlərdə isə audiodiskin çoxaldılması işləri yekunlaşacaq. Bu zaman Qərbi Azərbaycanın Göyçə, İrəvan, Zəngəzur, Dərələyəz, Ağbaba, Loru-Pəmbək kimi aşıq mühitlərini əhatə etməklə, musiqi və mətn seçiminə də xüsusi diqqət yetirilib. Qərbi Azərbaycan aşıq mühitləri ilə bağlı saz havalarına və vətənpərvərlik, tarixi yurd yerlərimizə həsr edilmiş şeirlərə üstünlük verilib.

Müsahibimiz əlavə etdi ki, audiodiskdə Əməkdar mədəniyyət işçiləri Fətulla Göyçəli və Bəhmən Göyçəli, eləcə də Faxfur Ağbabalı, Ələddin Musaoğlu, Xanlar Xəlilov, İxtiyar Qocayev, Vaqif İbrahimov kimi ustad aşıqlarla yanaşı, Rəfiqə Göyçəli, Nərmin Salahova, Familə Göyçəli, Elməddin Bayramlı, İmran Fikrətoğlu, Ləman Mirzəyeva, Ayaz Əzizoğlu və digər gənc istedadların ifaları da yer alır. 

C.BALABƏY 
XQ

 

Mədəniyyət