Ulu atamız – Alp Ər Tonqa
“Ədəbiyyat qəzeti”nin baş redaktoru filologiya üzrə fəlsəfə doktoru Azər Turanın “Türkün atası Alp Ər Tonqa (Azərbaycan və Anadolu fatehi)” kitabı çap olunub.
Kitab Atatürk Mərkəzində nəşrə hazırlanıb, “Elm və təhsil” nəşriyyatında çap edilib. Redaktoru Dəyanət Osmanlıdır. Akademik Nizami Cəfərov kitabın ön sözündə yazır: “Azər Turanın "Türkün atası Alp Ər Tonqa (Azərbaycan və Anadolu fatehi)" kitabı həcmcə elə böyük olmasa da, əhatə etdiyi məsələlərin genişliyinə, ehtiva olunan fakt, mülahizə və mövqelərin rəngarəngliyinə, ən başlıcası isə, əsaslandığı elmi-metodoloji prinsiplərin mükəmməlliyinə görə kifayət qədər fundamental əsərdir. Və bu daxili fundamentallıq özünü, hər şeydən əvvəl, onda göstərir ki, müəllif nə ayrı-ayrı rəqəmlərin dəqiqləşdirilməsinə, nə bu və ya digər coğrafi koordinatın ora-bura çəkilməsinə, nə də etimoloji janqlyorluğa meyil göstərmədən, birbaşa mötəbər epik miqyaslarla işləməyə üstünlük verir”.
Azər Turan qədim ümumtürk eposu “Oğuz kağan” – Herodot “Tarix”i – Firdovsi “Şahnamə”si – “Oğuznamə”lər xətt-xronologiyası ilə Madiva – Franxrasyan – Madyes – Əfrasiyab – Alp Ər Tonqanın tərcümeyi-halını elə panoramlı ölçülərlə bərpa edib ki, tarixdə möhtəşəm rol oynamış bütöv və hər cəhətdən əzəmətli bir etnosun bioqrafiyası dövrdən-dövrə təhrif olunmuş şəkildə yox, necə varsa, elə görünür.
“Həyatın 12 qaydası”
Məşhur kanadalı klinik psixoloq Cordan Peterson “Həyatın 12 qaydası” adlı kitabında “Müasir dünyada hər kəs nəyi bilməlidir?” kimi çətin suala cavab verməyə çalışır. Müəllif qədim ənənələrin uzaq dövrlərdə qalmış əlçatmaz həqiqətlərini qabaqcıl elmin bugünkü kəşfləri ilə heyrətamiz şəkildə birləşdirir.
“Qanun” Nəşrlər Evinin “Özünüinkişaf” silsiləsindən Əli Nəcəfxanlının tərcüməsində təqdim etdiyi bu kitab vasitəsilə doktor Peterson mücərrəd əxlaqı prinsiplər, psixologiya, mifologiya, din və şəxsi təcrübələr haqqında yazılmış esselər vasitəsilə insanlara faydalı həyat düsturları verir. Birləşmiş Krallıqda və Kanadada çap olunmuş kitabın qısa müddətdə 3 milyondan çox nüsxəsi satılıb.
Müəllif incə yumoru və təəccüb doğuran mətləbləri elə izah edir ki, anlayırsan: – Çox asanlıqla hər kəsi tənqid edənləri niyə dəhşətli tale gözləyir? Küçədə pişik görəndə onu niyə sığallamaq lazımdır? İnsanlar qəzəbli, lovğa və kinli olanda necə dəhşətli yola düşdüklərini bilirlərmi? Kitabda belə hikmətli suallara psixoloji baxımdan əsaslandırılan cavablar tapmaq mümkündür. Əsərin başlıca məziyyəti ondan ibarətdir ki, kitabda inandırıcı şəkildə yer alan mülahizələr insanı düşünməyə vadar edir.
“Ana, sən mələkmisən?”
Şair-tərcüməçi, Türk Ədəbiyyatı Vəqfinin fəxri üzvü İbrahim İlyaslı çağdaş türk uşaq şeirinin ünlü ismi, şair Bestami Yazqanın “Ana, sən mələkmisən?” kitabını Azərbaycan türkcəsinə uyğunlaşdırıb. Kitab Bakıdakı “Qələm Nəşrlər Evi”ndə işıq üzü görüb.
AYB Poeziya bölməsinin rəhbəri və Əli Kərim adına Sumqayıt Poeziya Evinin direktoru olan şair İbahim İlyaslı indiyədək rus poeziyası nümunələrinin bədii tərcüməsi, eləcə də türkdilli xalqların ədəbiyyatından seçmələri dilimizə mükəmməl uyğunlaşdırması ilə tanınıb.
Bestami Yazqan çağdaş türk uşaq ədəbiyyatının ünlü simalarındandır, dəfələrlə ölkəsində “İlin yazarı” adına layiq görülüb. Kirpiyi ilə od götürərək, balasını sevə-sevə böyüdən, mələk kimi başı üstündə dolaşıb hifz edən analar haqqında gözəl uşaq nəğmələri bir oxunuşdan yadda qalır. Yeni topludakı bədii nümunələr “Ana təravətli şeirlər” başlığı altında toplanıb. Dünyanın müqəddəs varlığı olan anaya övlad sevgisi, onun fədakarlıqlarına qədirbilənlik duyğuları ilə yazılan şeirlər bilavasitə uşaqlarda vətənpərvərlik və mənəvi dolğunluq hissləri aşılayır.
Haqqın qəbul etdiyi
Ən gözəl diləkmisən?
Ətrafımda dolaşan
Şirin bir mələkmisən?
İbrahim İlyaslının çevirməsində Yazqanın belə səmimi ifadələrlə süslənmiş, təbiiliyi və axıcılığı ilə diqqət çəkən şeirləri ilə tanış olduqca oxucuda bu nümunələrin sanki bizim öz ləhcəmizdə yazıldığı qənaəti güclənir. Kitabın rəssamı Sevgi İçigendir.
Ə. DOSTƏLİ
XQ