BƏƏ-nin karteldən çıxması OPEC-in dağılmasına yol aça bilərmi?

post-img

Bu addım Avropanın enerji bazarını bir daha silkələyəcək

Bu həftə dünya enerji bazarı üçün ən səs-küylü xəbər Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) beynəlxalq neft karteli olan OPEC-dən çıxdığını elan etməsi oldu. Bu məsələ təkcə karteli deyil, bir çox ölkələri də çaşdırdı. Əslində, OPEC onsuz da Hörmüz boğazının bağlanması səbəbindən böyük təzyiq altında idi və uzun müddət olardı ki, daxili narazılıqlar təşkilatı zəiflədirdi. BƏƏ-nin enerji naziri Süheyl əl-Məzrui dövlətinin bu qərarını elan edərək, onu öz hasilatını idarə etmək üçün ölkəyə daha çox sərbəstlik verəcək “strateji baxış” adlandırdı.

Səudiyyə Ərəbistanı və İraqdan sonra üçüncü ən böyük neft istehsalçısının OPEC-dən getməsinə sadəcə texniki bir düzəliş kimi baxmaq əslində, dünyanın enerji bazarını bilməzdən gəlmək olardı. Çünki kartelin nəhəng neft hasilatçılarından olan bir ölkənin üzvlükdən çıxması, onsuz da gərgin olan qlobal enerji sistemi üçün yeni bir qeyri-müəyyənlik mərhələsi açan siyasi parçalanmadır.

Rəsminin qeyd etdiyinə görə, BƏƏ-nin bu addımı özünə görə bir dönüş nöqtəsidir. Səudiyyə Ərəbistanının imtiyazlı tərəfdaşı olaraq, Əbu-Dabi üzv ölkələrin hasilatını məhdudlaşdıran kvotalardan azad olmaq yolunu seçdi. Bu qərar illərlə ölkədə davam edən böyük investisiyalardan sonra gəldi: Əmirliklər hasilatı gündə təxminən beş milyon barelə qədər artırdı, bu isə İranın hasilatından 50 faiz çoxdur. Qısası, ölkə daha çox neft istehsal edə biləcəyi vaxtda hər hansı bir məhdudiyyətdən imtina edir. Rəsmi olaraq, bu, iqtisadi bir qərardır. Amma kartel üçün sərt siyasi jestdir.

İngiltərənin “Financial Times” nəşri bu xəbərdən sonra yazır: “Brent markalı xam neft ardıcıl yeddinci gündür ki, yüksəlməyə davam edir və treyderlər üçüncü ən böyük istehsalçı və onun ən nüfuzlu üzvlərindən birinin 66 yaşlı karteldən ayrılmasının nəticələrindən daha çox İrandakı hadisələrə diqqət yetirirlər”.

Bir çox iqtisadçı-ekspertlər bunu qiymətlərə az təsir göstərən neft bazarının zəif reaksiyası, Hörmüz boğazının bağlanması nəticəsində yaranan qlobal çatışmazlığın müstəsna əhəmiyyətinin nəticəsi hesab edirlər. Eyni zamanda, o da vurğulanır ki, bu, OPEC-in qlobal neft bazarları üçün əhəmiyyətini itirdiyinə işarədir.

“MST Financial”ın enerji bazarı üzrə analitiki Saul Kavoniç yazır: “Bu, OPEC-in sonunun başlanğıcıdır. Səudiyyə Ərəbistanı OPEC-in qalan hissəsini saxlamaqda çətinlik çəkəcək. Venesuela da daxil olmaqla, bəzi ölkələrin də karteldən çıxdığını görə bilərik”.

Tarixə qısa ekskurs göstərir ki, 1960-cı ildə xarici neft şirkətlərinin öz resursları üzərində nəzarətinə qarşı üsyan edən ölkələr tərəfindən qurulan OPEC, 1973-cü ildə üzv ərəb ölkələri, ABŞ da daxil olmaqla, İsraili dəstəkləyən ölkələrə embarqo tətbiq etdikdə güclü bir qüvvəyə çevrildi. Onun təsiri dağıdıcı oldu. Lakin son onilliklərdə kartelin təsiri xeyli zəifləyib, çünki üzv olmayan ölkələr, xüsusən də ABŞ neft hasilatını artırıb. Keçən il OPEC, BƏƏ-nin istehsalı nəzərə alınmazsa, dünya neftinin təxminən dörddə birini istehsal edib. Gücünün və təsirinin zirvəsində bu rəqəm təxminən 50 faiz təşkil edib.

10 il əvvəl OPEC+ alyansı adlanan kartelin üzvlüyünün genişlənməsi onun təsirini bir qədər artırdı. Lakin istehsal kvotalarına riayət edilməsindəki uyğunsuzluq və bazara tədarükü artırmaq və ya azaltmaq üçün zəif qabiliyyət, qrupun qərarlarının əhəmiyyətini zəiflədirdi.

Fransanın “Causeur” jurnalı yazır ki, OPEC yarandığı gündən bəri “əlaqələndirilmiş istehsal həcmlərinə əsaslanıb. Məhz bu, kartelin qiymətlərə təsir etməsinə imkan verib. Əslində, bu, mexanizm kollektiv intizam və fərdi güzəştlər tələb edirdi. Lakin hər bir istehsalçının öz siyasi və iqtisadi maraqlarının olduğu bir dünyada, intizam getdikcə əngələ çevrilməyə başlayır. Əmirliklər daha çox, daha sürətli satmaq və ən əsası, bunu suveren şəkildə həll etmək istəklərini gizlətmirlər”.

Digər tərəfdən də BƏƏ-nin bu seçiminin arxasında ümumi bir tendensiya dayanır. 2019-cu ildə Qətər OPEC-dən ayrılaraq mayeləşdirilmiş təbii qaza diqqət yetirdi. Əslində, bu qərarların ortaq bir məntiqi var: enerji siyasətinə nəzarəti bərpa etmək və onu milli prioritetlərlə uyğunlaşdırmaq. İqtisadiyyatın şaxələndirməsi ilə bağlı böyük planlar – Səudiyyə Ərəbistanının “Baxış 2030” və BƏƏ-nin sənaye strategiyaları – böyük resurslar tələb edir. Daha çox istehsal etmək və deməli, investisiya ehtiyaclarına uyğun olaraq, bu transformasiyanı sürətləndirmək lazım gəlir.

Ekspertlər qeyd edirlər ki, BƏƏ-nin bu addımının daha az nəzərəçarpan bir nəticəsi var: o, OPEC-i daxildən zəiflədir. Əslində, təşkilat heç vaxt monolit bir blok olmayıb, lakin Ər-Riyadın rəhbərlik etdiyi və bir neçə etibarlı müttəfiq tərəfindən dəstəklənən güclü bir nüvə ilə kartel qorunub. Əmirliklər də onların arasında idi və onların getməsi tarazlığı pozur. Bu da Səudiyyə Ərəbistanının istehsalı azaltmaq və nəticədə qiymətləri dəstəkləmək qabiliyyətini azaldır. Perspektivdə görünən odur ki, bazara öz iradəsini diktə edə bilən bir kartel tədricən məhv olur.

OPEC-dən çıxmaq uzun müddət, əvvəlcədən hazırlanmış strategiyanın məntiqi kulminasiyasıdır. İngiltərənin “UnHerd” veb-saytının şərhçisi Ketrin Porter yazır ki, bunun hansı stimul vəd etdiyi göz qabağındadır. “BƏƏ istehsal gücünün genişləndirilməsinə böyük sərmayə qoyub, lakin OPEC-in kvotaları səbəbindən bundan pul qazana bilməyib. Amma problem təkcə kvotalarda deyil, həm də manevr üçün imkanlardadır. Son 10 ildə BƏƏ sakitcə müstəqil fəaliyyət göstərməyə imkan verən infrastruktur qurub. Həbşan-Füceyra neft boru kəməri Hörmüz boğazından tamamilə yan keçərək, Fars körfəzi əvəzinə birbaşa Oman dənizinə gedib çıxır. Füceyra şəhəri özü əsas saxlanc və ixrac mərkəzinə çevrilib, hətta onun daha da genişləndirilməsi planlaşdırılır”.

Yəni dünya neft tədarükünün təxminən beşdə biri İranın əli çatdığı və buna görə də təchizatda fasilələrə məruz qalan Hörmüz boğazından keçir. BƏƏ maneələri dolanan kəmərlərə investisiya qoymaqla bu riski azaldır. Amma digər tərəfdən, OPEC daxilində qarışıqlıq yaradır.

“Causeur” yazır ki, BƏƏ-nin bu addımına baxmayaraq, simvolizm güclü olaraq qalır. Uzun müddət qlobal enerji sistemində əsas struktur yaradan oyunçu kimi qəbul edilən OPEC indi birliyini itirən bir qurum kimi görünür. Doğrudur, o mövcud olmaqda davam edir, xüsusilə, Rusiyanın da daxil olduğu genişləndirilmiş OPEC+ formatında. Lakin onun nüfuzu sarsılıb və kollektiv intizam tətbiq etmək qabiliyyəti azalıb.

Səudiyyə Ərəbistanı hökumətinə yaxın şərhçilər çərşənbə axşamı Əbu-Dabinin qərarının əhəmiyyətini azaltmağa çalışıblar. Belə şəxslərdən biri, Səudiyyə Ərəbistanının keçmiş baş neft müşaviri Məhəmməd əl-Sabban sosial mediada yazıb: “BƏƏ-nin geri çəkilməsi qlobal neft bazarlarına böyük təsir göstərməyəcək, çünki Əmirliklər istehsal kvotalarını aşıb və aşmağa davam edirlər. Onlar həmişə “dəcəl oğlan” olublar”.

Yeri gəlmişkən, bir faktı da unutmaq olmaz ki, BƏƏ ilə OPEC-in de-fakto lideri olan Səudiyyə Ərəbistanı arasında münasibətlər son illərdə pisləşib. Adətən alyansın tarixində kritik məqamlarda bu iki ölkə sabit neft bazarlarına və Körfəz ölkələri arasında birliyin qorunmasına ortaq maraq göstərərək vahid cəbhədə birləşiblər. Lakin Əbu-Dabi təxminən 10 il əvvəl qarşısına neft hasilatını (əvvəlcə 2030-cu ilə, sonra isə 2027-ci ilə qədər) gündə üç milyon bareldən beş milyon barelə qədər artırmaq məqsədi qoyduqdan sonra iki ölkənin münasibətlərində gərginlik yaranmağa başladı. BƏƏ hasilatı artırmaq üçün yeni imkanlar əldə etdikcə, OPEC kvotalarının daim artırılması tələb olunurdu.

Xüsusilə Avropa nöqteyi-nəzərindən, baş verənlərdən doğan suallar maraqlıdır: Əgər BƏƏ müstəqillik uğrunda mübarizə aparırsa, niyə Qətər də eyni şeyi etməməlidir? Bəs yarımadanın üzərindən boru kəmərləri çəksələr, maye qazı birbaşa Ərəbistan dənizi sahilində saxlasalar və Hörmüz boğazından tamamilə imtina etsələr, necə olar? Əlbəttə, kağız üzərində bu, tamamilə real görünür, amma praktikada ciddi çətinliklərlə üzləşir. Burada Qərb düşüncəsi Fars körfəzinin reallığından fərqlənir. Avropada enerji infrastrukturu etimad və inteqrasiya üzərində qurulub - boru kəmərləri ölkələri birləşdirir, çünki onlar qarşılıqlı faydalı hesab olunurlar. Lakin Fars körfəzi ölkələrində onlara etimadsızlıqla yanaşılır və çox vaxt onlardan təsir vasitəsi kimi şübhələnirlər.

Bəzi analitiklər isə hadisəni, heç də birmənalı olmadığını, ancaq potensial olaraq daha əhəmiyyətli hesab edir və bunu əlaqələndirilmiş enerji idarəçiliyindən strateji müstəqilliyə keçid kimi qiymətləndirirlər. Çünki onilliklər ərzində OPEC qlobal bazarlara neft tədarükünü tənzimləmək və qiymətləri sabitləşdirmək üçün mexanizm kimi fəaliyyət göstərib. Geniş istehsal gücünə malik Səudiyyə Ərəbistanı bazarı balanslaşdırmaq üçün istehsal həcmlərini tənzimləyən bir lövbər rolunu oynayıb.

Ümumiyyətlə, BƏƏ-nin karteldən çıxması yaxın vaxtlara proqnozlaşdırılan məsələ hesab etmək də doğru olmazdı. Şübhəsiz, bu qərarı qabağa çəkməkdə ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaması üzündən Hörmüz boğazının bağlanması oldu. Çünki İranın dünya neftinin beşdə birinin keçdiyi dar su yolu olan Hörmüz boğazına nəzarəti OPEC-in bazarı idarə etmək qabiliyyətinə daha bir zərbə vurdu. Kartelin neft istehsalının yarıdan çoxu Səudiyyə Ərəbistanı, İraq və Küveytdən gəlir. Lakin Tehran bu axınların əksəriyyətini, demək olar ki, dərhal bağlaya biləcəyini nümayiş etdirdi.

“İranla müharibə göstərdi ki, ABŞ qlobal neft axınlarına OPEC-dən daha çox, bəlkə də daha çox təsir göstərə bilər”. Enerji bazarı üzrə analitik Saul Kavoniçin bu qənaəti ilə razılaşmamaq olmur. “Natixis”in baş əmtəə analitiki Coel Hankok bu fikri günün reallıqları baxımından şərh edərək bildirir ki, BƏƏ-nin karteldən çıxması “OPEC-in bazara təsirini tamamilə zəiflədir və İrana alyansın ixracının böyük əksəriyyətinə nəzarət etmək imkanı verir. OPEC bu vəziyyətdə bazar gücünün əhəmiyyətli bir hissəsini itirir və faktiki olaraq, İranın xarici siyasətinin alətinə çevrilir”.

Tarixə nəzər salsaq, görərik ki, BƏƏ kartelin yaranmasından bəri OPEC-dən çıxan ilk ölkə deyil. Son illərdə İndoneziya, Qətər, Ekvador və Anqola kimi neft istehsalçıları da təşkilatdan çıxıblar. Ona görə də bəzi analitiklər BƏƏ-nin çıxmasının OPEC üçün ölümcül olması ehtimalını elə də yüksək qiymətləndirmirlər. Əlbəttə, əgər bu, digər ölkələrin çıxması ilə bağlı zəncirvari reaksiyaya səbəb olmazsa.

Maraqlıdır ki, uzun müddət OPEC-də müşahidəçisi və Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş elmi işçisi olan Raad Əlqadiri BƏƏ-nin qərarı ilə bağlı ən “təəccüblü” şeyin onun çıxma vaxtı olduğunu söyləyib. “Bu, bazar motivlərindən daha çox siyasi motivlərə malikdir”, – deyə o bildirib. “Bu, yalnız qısa və ortamüddətli bazar mülahizələri ilə deyil, Yaxın Şərqdə çat vermis geosiyasi xətlərlə bağlıdır”.

Əlqadiri deyib: “OPEC-in nekroloqu dəfələrlə yazılıb, lakin təşkilat hər dəfə buna uyğunlaşıb. Bununla belə, əgər Venesuela, İraq və ya İran ayrılmaq qərarına gələrsə, bu, karteli əhəmiyyətli dərəcədə zəiflədəcək. Bu ölkələr indi OPEC-in qərar qəbuletmə prosesində əvvəlkindən daha çox təsirə malikdirlər”.

Buna baxmayaraq, genişlənmiş OPEC+ alyansı, hətta BƏƏ-nin ayrılmasından sonra belə, hələ də qlobal neft hasilatının təxminən 40 faizini təşkil edir. Əlqadiri vurğulayır ki, bu böyük qrupun birliyini qorumaq OPEC-in gələcəyi üçün əsas olacaq. “Əgər Səudiyyə Ərəbistanı rəhbərliyi bu zəifləmiş alyansı qoruyub saxlasa və onun dağılmasının qarşısını alsa, BƏƏ-nin ayrılmasının nəticələri idarə oluna bilər”.

BƏƏ-nin OPEC-dən çıxmasının Avropa enerji bazarına qeyri-sabitlik gətirəcəyini söyləyən bir çox analitiklər, bu işdə ABŞ-ın “barmağının” olduğunu da istisna etmirlər. Ümumiyyətlə, bu, düşünülmüş Amerika strategiyasının nəticəsi kimi qəbul edilməlidirmi? Qeyd olunur ki, Vaşinqton son illərdə həm diplomatik, həm də öz istehsalını artırmaqla OPEC-in təsirinə yorulmadan meydan oxuyub bu vəziyyətdə ABŞ dolayı yolla faydalanan tərəf kimi görünür. Slans inqilabından bəri onun statusu dəyişib: asılı idxalçılardan əsas istehsalçı və ixracatçıya çevrilib. Onun marağı aydındır: qlobal bazarlarda rəqabət qabiliyyətini qoruyarkən öz iqtisadiyyatını dəstəkləmək üçün qiymətləri kifayət qədər aşağı salmaq. Zəifləmiş OPEC bu məqsədə xidmət edir. İstehsalçılar arasında daha az koordinasiya daha çox dəyişkənlik və bir qayda olaraq, qiymətləri aşağı salmaq üçün daha çox təzyiq deməkdir.

Lakin reallıq daha sadə və sərtdir: kartel istehsalçıların özlərinin milli maraqları ilə bölünür. Əmirliklər ABŞ-ı razı salmaq üçün OPEC-dən ayrılmırlar. OPEC artıq onların ehtiyaclarını ödəmədiyi üçün ayrılırlar.

Analitiklərin təhlillərindən çıxan daha vacib bir nəticə odur ki, qlobal neft sistemi daha az koordinasiyalı və daha parçalanmış hala gəlir. İstehsalçılar sabitlikdən daha çox müstəqillik axtarır, bazarları birləşdirmək əvəzinə təhdidləri aradan qaldırmaq üçün infrastruktur qururlar. Böyük Britaniya və Avropadakı istehlakçılar üçün bu, daha böyük qeyri-sabitlik vəd edir. Təklif artmağa davam edəcək, lakin bir vaxtlar şokları yumşaltmış sistem zəifləyir. BƏƏ-nin OPEC-dən çıxmaq qərarının mahiyyəti budur və onun nəticələri neft qiymətlərindəki sonrakı dalğalanmalardan daha uzun sürəcək.

Hazırladı:
İlqar RÜSTƏMOV,
XQ-nin analitiki

Dünya