Fars körfəzində ikiqat blokada və beynəlxalq hüquq

post-img

ABŞ qlobal enerji marşrutlarına nəzarəti gücləndirməyə çalışır

Yaxın Şərqdə gərginlik artdıqca, ABŞ–İran qarşıdurması həm hərbi, həm də siyasi müstəvidə yeni mərhələyə keçid alır. ABŞ Konqresi daxilində müharibənin hüquqi çərçivəsi və legitimliyi ilə bağlı müzakirələr dərinləşdiyi halda, Ağ Ev regionda geosiyasi təsirini gücləndirməyə yönəlmiş addımlar atır. İİR rəhbərliyi isə sərt bəyanatlarla çıxış edərək mümkün eskalasiyanın nəticələrinin daha geniş və təhlükəli ola biləcəyinə işarə edir. Beynəlxalq media prosesi diqqət mərkəzində saxlayır.

“Time”: Nümayəndələr Palatası və Senatda gedən müsahibələr göstərir ki, Demokratlar Partiyası Trampın İranla müharibəsini məhdudlaşdırmaq üçün daha fəal şəkildə yollar axtarır. Onlar əmindirlər ki, “Hərbi Səlahiyyətlər haqqında Qətnamə” ilə müəyyən edilmiş 60 günlük müddətin bitməsi, qanunsuz başladığına və lazımi parlament nəzarəti olmadan aparıldığına inandıqları bu müharibəyə etiraz etmək üçün tutarlı şansları ola bilər. 1973-cü il tarixli “Hərbi Səlahiyyətlər haqqında Qanun”a əsasən, əgər Konqres müharibə elan etməyibsə və ya güc tətbiqinə icazə verməyibsə, prezident 60 gündən sonra hərbi əməliyyatları dayandırmağa borcludur. Müddətin 30 günlük birdəfəlik uzadılmasına yalnız o halda icazə verilir ki, prezident qoşunların təhlükəsiz şəkildə çıxarılması üçün bu vaxtın zəruri olduğunu yazılı şəkildə təsdiqləsin. ABŞ-ın İrana qarşı hərbi kampaniyası fevralın 28-də başlayıb. Rəsmi olaraq 60 günlük müddət artıq başa çatıb, lakin Tramp zərbələr barədə Konqresi rəsmən 2 martda məlumatlandırdığı üçün onun razılıq tələb etmək üçün 1 maya qədər vaxtı var idi. Əgər Tramp İran rəsmilərinin nüvə proqramı üzrə danışıqların təxirə salınması müqabilində Hörmüz boğazını yenidən açmaq təklifini qəbul edərsə, demokratların strategiyası dəyişə bilər.

“The Wall Street Journal”: ABŞ digər dövlətlərə Hörmüz boğazından naviqasiya azadlığına zəmanət vermək məqsədi daşıyan yeni beynəlxalq koalisiyanın tərkibinə daxil olmaq barədə təklif göndərib. Məlumata görə, Vaşinqtonun rəhbərliyi altında yaradılan koalisiya iştirakçılar arasında kəşfiyyat məlumatlarının mübadiləsinə, diplomatik fəaliyyətlərin koordinasiyasına və sanksiya rejiminin icrasına nəzarət edilməsinə kömək etmək məqsədi daşıyır. Formalaşdırılan birliyin hərbi xarakteri nəzərdə tutmamasına baxmayaraq, səfirliklərə göndərdiyi sənəddə Dövlət Departamenti xarici nümayəndəliklərə “diplomatik və ya hərbi tərəfdaşlar” rolunda çıxış etməyi təklif edib.

“Press TV”: İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi bildirib ki, Vaşinqton tərəfindən Tehrana qarşı hər hansı yeni təcavüz ABŞ üçün fəlakətlə nəticələnəcək. O, “Amerika fövqəldövlətini Fars körfəzi və Oman dənizi sularında qərq etməklə” hədələyib: “Biz onların xeyli sayda hərbi qulluqçusunu əsir götürəcəyik”, – deyən Rzayi əlavə edib ki, Amerika tərəfi üçün ən sərfəli həll yolu vəziyyətin normallaşdırılması üçün İranın şərtlərilə razılaşmaqdır.

“Tasnim”: İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ tərəfindən İran limanlarının hərbi-dəniz blokadası Fars körfəzindəki problemləri daha da ağırlaşdıracaq və Vaşinqton yekunda qarşıya qoyulmuş məqsədlərə çatmayacaq. “Dəniz blokadası və ya məhdudiyyətlər tətbiq etmək üçün istənilən cəhd beynəlxalq hüquqa ziddir… və iflasa məhkumdur”, – bu fikri Pezeşkian deyib. O əlavə edib ki, bu cür tədbirlər nəinki regional təhlükəsizliyi gücləndirə bilməyəcək, həm də faktiki olaraq gərginlik mənbəyinə çevriləcək və Fars körfəzində uzunmüddətli sabitliyi sarsıdacaq.

“SEPAH”: ABŞ dəniz blokadasını Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat İdarəsinin “X” sosial media hesabında edilən paylaşımda bildirilib: “Tramp hökuməti “dünya enerjisini idarəetmə” strategiyasından “pozucu fəaliyyət”ə yönəldi və Çin, Rusiya və Avropanı zəiflətmək üçün geniş layihənin bir hissəsi kimi dəniz blokadası başlatdı.

“Bloomberg”: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana qarşı mümkün tətbiqi məqsədilə “Dark Eagle” hipersəs raketlərinin Yaxın Şərq regionuna göndərilməsi üçün sorğu verib. Bu sorğuya müsbət cavab veriləcəyi təqdirdə, bu, Amerika hipersəs silahının tarixdə ilk dəfə yerləşdirilməsi olacaq. Agentliyin həmsöhbəti dəqiqləşdirib ki, komandanlıq öz təşəbbüsünü İran tərəfinin buraxılış qurğularını 300 mildən (təxminən 482 km) uzaq məsafədəki hədəfləri vura bilən “Precision Strike Missile” ballistik raketinin təsir radiusunu aşan məsafəyə köçürməsi ilə əsaslandırıb.

“Reuters”: ABŞ Prezidenti Donald Tramp Almaniyadakı ABŞ hərbi kontingentinin sayının mümkün azaldılması məsələsini öyrəndiyini bildirib. Bu həftənin əvvəlində Tramp Vaşinqtonun Tehrana münasibətdə yanaşmasının səmərəsizliyi barədə fikir bildirən Almaniya Kansleri Fridrix Mertsi tənqid edib.

“The Washington Post”: “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi yaxın vaxtlarda Yaxın Şərqi tərk edəcək və əsaslı təmir üçün dislokasiya bazasına qayıdacaq. Məlumata görə, gəmi Virciniya ştatındakı Norfolk hərbi dəniz bazasına artıq mayın ortalarında qayıda bilər, lakin dəqiq tarix bildirilmir. Bu, ABŞ və İran arasındakı danışıqlarda yaranmış durğunluq fonunda atəş gücünün əhəmiyyətli dərəcədə itirilməsinə gətirib çıxaracaq.

Hazırladı:
N.BEYDİYEVA
XQ

Dünya