“Zərifə Əliyeva” gəmi-bərəsi 681-ci səfərə çıxıb

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsindən 4 il ötür. Görkəmli oftolmoloqun adını daşıyan gəmi alimin doğum günündə 681-ci səfərə çıxıb.

Bu barədə XQ-yə ASCO-nun məlumatında bildirilib ki, səfərlər çərçivəsində gəmi-bərə ilə 427 vaqon, 2 min 439 minik avtomobili, 25 min 226 yük avtomobili (TIR) və 23 min 330 sərnişin daşınıb. Səfərlər Aktau–Ələt, Ələt–Aktau, Türkmənbaşı–Ələt, Ələt–Türkmənbaşı, Kurık–Ələt və Ələt–Kurık istiqamətləri üzrə həyata keçirilib.

Qeyd edək ki, “RoPax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunub. Gəminin tikilib istismara verilməsinə 3 il vaxt sərf olunub. 30 nəfərlik heyət üzvünün idarə etdiyi gəmi-bərə ilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR daşımaq mümkündür. Gəminin uzunluğu 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyü 7,5 metr, sürəti isə 14 uzeldir. Gəmi-bərə 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili daşımaq imkanına malikdir.

“Zərifə Əliyeva” gəmi-bərəsi Xəzər hövzəsində istismar olunan digər gəmi-bərələrdən daha öndədir. Belə ki, gəmidə yük lifti, helikopter meydançası, dalğalı havada gəminin sabitləşdirilməsi sistemi, dartıcı lokomotivlər var.

Azərbaycan Prezidenti İlham Əliyev iştirakı ilə suya buraxılmış gəmi-bərə ilk səfərini 2022-ci il mayın 5-də də Qazaxıstanın Kurık limanına edib. Ümumilikdə, gəmi Aktau – Ələt, Ələt – Aktau, Türkmənbaşı – Ələt, Ələt – Türkmənbaşı, Kurık – Ələt, Ələt – Kurık istiqamətləri üzrə çoxsaylı səfərlər həyata keçirib.

“Zərifə Əliyeva” gəmi-bərəsi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olan ASCO-nun digər bərələri ilə birgə yükdaşımalara, eləcə də əlverişli coğrafi mövqeyə malik ölkəmizin tranzit potensialının reallaşdırılmasına mühüm töhfə verir. ASCO-nun bu gəmi-bərəsinin “Zərifə Əliyeva” adlandırılması Azərbaycan dənizçilərinin görkəmli alim və həkim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın xatirəsinə sonsuz ehtiramının ifadəsidir”, – deyə məlumatda qeyd olunub.

XQ

İqtisadiyyat