Yaşar Rzayev – 85
Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan zalında tanınmış yazıçı-publisist, ədəbiyyatşünas alim, keçmiş dövlət qulluqçusu Yaşar Rzayevin 85 illik yubileyinə həsr olunmuş toplantı keçirildi. Tədbirdə çox sayda yazıçı və şairlər, tənqidçi və ədəbiyyatşünaslar, yubilyarın doğmaları, yaxın dostları və media mənsubları iştirak edirdilər.
AYB-nin katibi Səlim Babullaoğlu Yaşar Rzayevi qurumun rəhbərliyi adından təbrik etdi, ona yeni yaradıcılıq uğurları və möhkəm cansağlığı arzuladı.
Tənqidçi Əsəd Cahangir bildirdi ki, Azərbaycan ictimaiyyəti Yaşar Rzayevi uzun illər Lənkəranda rəhbər vəzifələrdə çalışmış yaradıcı ziyalı kimi tanıyır. Onun bir ayağı idarəçilikdə, o biri daim ədəbiyyatda olub. Yazıçı-daramaturq Hüseynbala Mirələmov, nasir Seyran Səxavət, şair Ağacəfər Həsənlli Yaşar Rzayevin nəcib insani keyfiyyətlərindən ürək dolusu söz açdılar, onunla uzun illər davam edən şəxsi dostluq münasibətlərindən qürur duyduqlarını söylədilər.
Türk Ağsaqqalları Birliyinin sədri, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru Sudeyf İmamverdiyev isə çıxışında qeyd etdi ki, Yaşar Rzayev milli dövlətçiyimizə qəlbən bağlı olan, olduqca dəyərli vətənpərvər ziyalıdır. O, respublika parlamentində 1991-ci il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında Bəyanata, həmin il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına imzasını qoyan deputatlardandır. 1995-2000-ci illər ərzində Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyət göstərib.
Bildirdi ki, 1993-cü ilin Lənkəran hadisələri zamanı Yaşar Rzayev yüksək siyasi səbat və vətənpərvərlik nümunəsi göstərmişdir. O, bütün həyatı boyu milli dövlətçiliyimizin möhkəmlənməsinə, ulu öndər Heydər Əliyev ideyalarına sədaqətlə xidmət etmişdir.
AYB-nin Lənkəran filialının rəhbəri, şair Qafar Cəfərli qeyd etdi ki, Yaşar Rzayev yüksək mənəviyyat adamı, çox ləqayətli və vicdanlı şəxsiyyətdir. Professor Vaqif Yusifli isə dedi ki, ötən əsrin 60-cı illərində ədəbiyyata yeni nəfəs gətirən yazarlardan söz düşəndə Yaşar Rzayevin də adı ilk sıralarda çəkilir: “Təəssüf ki, o, çox yazmayıb, amma nə yazıbsa, yaxşı yazıb, ürəkdən yazıb. Onun orijinal, təsirli, yaddaqalan yazı üslubu var. Onun qələmindən çıxan bədii və publisistik əsərləri unutmaq çətindir”.
Lənkəran Dövlət Universitetinin professoru Yadulla Ağazadə Yaşar Rzayevi həm də ədəbiyyatşünas kimi dəyərləndirdi. Qeyd etdi ki, yubilyar “Milli azadlıq şüurunun formalaşmasında Azərbaycan ədəbiyyatının rolu” (1960-1980-ci illərdə) mövzusunda namizədlik və “Azərbaycan romanı siyasi-ideoloji proseslər və milli-mənəvi ideallar kontekstində (1930-1950-ci illər)” adlı doktorluq dissertasiyaları da müdafiə edib. Yaşar Rzayev 5 bədii kitabın, 45-dən çox elmi əsərin 200-ə qədər məqalə, oçerk, resenziya və tərcümənin müəllifidir.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

