Azərbaycan oftalmologiyasının dünya şöhrətli alimi

post-img

Aprelin 28-də Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə və mərkəzin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.

Mərasim iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar. Akademik Zərifə Əliyevanın əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub və tər çiçəklər düzülüb.

Konfransın açılışında səhiyyə naziri Teymur Musayev bildirib ki, akademik Zərifə Əliyevanın çoxistiqamətli elmi yaradıcılığı 12 monoqrafiyada, 160-dan çox elmi işdə öz əksini tapıb. Bununla yanaşı, böyük alim 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Akademikin uğurlu elmi fəaliyyətinin əsas mahiyyəti yalnız göz xəstəliklərinin müxtəlif bölmələrini əhatə edən elmi işlərdən deyil, problemin həllinə xüsusi yanaşma bacarığının olmasından ibarətdir. Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti yalnız ölkəmizdə deyil, beynəlxalq miqyasda da yüksək qiymətləndirilib.

Azərbaycan səhiyyəsinin Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində inkişaf etdiyini bildirən T.Musayev söyləyib: “Milli Oftalmologiya Mərkəzinin fəaliyyəti sübut edir ki, müasir səhiyyə yalnız texnologiya və biliklə deyil, həm də insanlara yaxın olmaq, onların ehtiyaclarını hiss etmək və vaxtında dəstək göstərmək bacarığı ilə ölçülür. Zərifə xanım Əliyevanın adını daşıyan bu müqəddəs ocaq, əslində, təkcə bir tibb müəssisəsi deyil, bir missiyadır. Bu missiya insanlara işıq bəxş etmək və sağlam gələcəyin təmin olunmasına xidmət etməkdir”.

Sonra akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi haqqında videoçarx nümayiş etdirilib.

Mərkəzin direktoru, professor Elmar Qasımov qeyd edib ki, akademik Zərifə Əliyevanın elmi əsərləri müasir həkimlərin masaüstü kitabı kimi istifadə olunur və bir çox xarici dillərə tərcümə edilib. Mərkəzin fəaliyyətindən bəhs edən Elmar Qasımov 23 şöbədən ibarət tibb ocağında dövlət tərəfindən lazım olan bütün tədbirlərin görüldüyünü və hər il avadanlığın yeniləndiyini deyib: “Mərkəzdə peşəkar və yüksək potensiallı tibb heyəti var. Milli Oftalmologiya Mərkəzinin Gəncə, Şəki və Masallı filialları fəaliyyətdədir. Artıq xəstələr Bakıya gəlmədən yaşadıqları yerlərdə müalicə ala bilirlər”.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli isə bildirib ki, akademik Zərifə Əliyevanın elmi fəaliyyəti Azərbaycan tibb elminin beynəlxalq nüfuzunun artmasına böyük töhfə verib və bu irs gələcək nəsillər üçün mühüm elmi məktəb rolunu oynayır. Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışında səhiyyə sahəsində aparılan islahatların və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Türk Cümhuriyyətləri Oftalmologiya Dərnəyinin sədri professor Öner Gelişken akademik Zərifə Əliyevanın elmi məhsuldarlığı ilə yanaşı, insanyönümlü yanaşmasının, etik dəyərlərin bu gün də həkimlər üçün nümunə olduğunu diqqətə çatdırıb.

Konfrans çərçivəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Göz Bankının rəsmi açılışı da olub.

Beynəlxalq konfransda oftalmologiyanın aktual məsələləri geniş şəkildə müzakirə edilib. Konfrans çərçivəsində aparılan müzakirələr həm nəzəri biliklərin, həm də praktiki təcrübənin paylaşılmasına şərait yaradır və aparılan elmi diskussiyalar oftalmologiya sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verəcək.

Konfransda Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev, Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin onkoloq-cərrahı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru professor Əziz Əliyev, yerli mütəxəssislər, Rusiya, Türkiyə, İtaliya, Özbəkistan və digər ölkələrdən gələn tanınmış oftalmoloqlar iştirak ediblər.

XQ



Sosial həyat