Kür yenidən kükrəyib...

post-img

Baş verə biləcək fəsadların qarşısı alınıb

Son zamanlar yağan aramsız yağışlar nəticəsində Kür çayında suyun səviyyəsinin qalxması bir sıra ərazilərdə olduğu kimi, İmişli rayonunun bir neçə kəndində də pay və bələdiyyə torpaq sahələri su altında qalıb. Yaranmış vəziyyətlə yerindəcə tanış olmaq məqsədilə hadisə yerində olduq.

Məlum oldu ki, rayonun Əlyetməzli kəndinə aid 35 hektar, Məmmədli kəndinə məxsus 5,62 hektar pay torpaq sahəsi, həmçinin kənd bələdiyyəsinin mülkiyyətində olan 11 hektar əkin sahəsi subasmanın təsirinə məruz qalıb. Yaranmış vəziyyətlə əlaqədar olaraq İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev aidiyyəti idarə və təşkilatların məsul əməkdaşları ilə birlikdə su basmış ərazilərə baxış keçirib, operativ tədbirlər görülüb. Belə ki, su altında qalan nəqliyyat yolunda hərəkətin bərpası məqsədilə əraziyə borular çəkilib, suyun axını tənzimlənib və vətəndaşların torpaq sahələrinə təhlükəsiz keçidi təmin olunub. Hazırda rayon icra hakimiyyətinin məsul şəxsləri hadisəni nəzarət altında saxlayırlar.

Azərbaycan Dövlət Su Ehtiyatları Dövlət Agentliyindən bildirilib ki, martın sonundan başlayaraq ölkənin bütün bölgələrində yağan intensiv yağışlar nəticəsində transsərhəd çaylarında, eləcə də daxili çaylarda gursululuq müşahidə olunub. Mövcud vəziyyət nəzərə alınaraq baş verə biləcək fəsadların qarşısının vaxtında alınması, aidiyyəti qurumlar və yerli istismar idarələri ilə koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə agentliyin tabeliyində Regional Su Meliorasiya Xidmətinin rəhbərliyi və aidiyyəti şöbələrinin mütəxəssisləri yerlərə ezam olunub, yarana biləcək fəsadların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.

Ölkədə su ehtiyatından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi, bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə ölkə Prezidentinin sərəncamı ilə yaradılmış komissiyanın aprelin 23-də keçirilmiş iclasında aidiyyəti qurumların təklifləri nəzərə alınaraq Mingəçevir su anbarının iş rejiminə gündəlik nəzarət olunması və həftəlik rejimlər təsdiq olunmaqla Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb.

Aprelin 24-dən Kür çayında suyun səviyyəsinin tədricən enməsi müşahidə olunub və ayrı-ayrı rayonların ərazisində 30-105 santimetr arasında dəyişdiyi müəyyən edilib. Hazırda Kür çayının məcrası ilə suyun Xəzər dənizinə maneəsiz axıdılması təmin edilir, subasma təhlükəsi səbəbindən yerli istismar idarələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilmiş nasos aqreqatları, nasos və elektrik avadanlıqları yerinə quraşdırılır, su basmış ərazilərdən su tədricən kənarlaşdırılır, əhali gündəlik normal təsərrüfat fəaliyyətini davam etdirir.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Sosial həyat