Qiymətlər artdıqca “marqarinləşmə” də çoxalır
Son dövrlərdə ölkənin ərzaq bazarında müşahidə olunan dəyişikliklər fonunda kərə yağı mövzusu xüsusi diqqət çəkir. Rəsmi statistika, ekspert rəyləri və bazar iştirakçılarının qiymətləndirmələri göstərir ki, daxili amillər və qlobal ticarətdə baş verən proseslər, eləcə də beynəlxalq qiymət dalğalanmaları və aparıcı istehsalçı ölkələrin təsiri də nəzərə alınmaqla, bu sahədə həm struktur, həm də kəmiyyət baxımından ciddi dəyişikliyin yaranması zəruridir.
Statistika indi nə deyir?
Son illərədək milli statistika ölkədə heyvandarlığın sürətli inkişafını əks etdirən rəqəmləri gen-bol yayırdı. Gözlənilirdi ki, tezliklə ət, yağ bollaşacaq, qiymətlər aşağı düşəcək. Lakin əksinə oldu: bu məhsullar qıtlaşdı, bahalaşma baş alıb-getdi. Nə oldu mal-qara artımı? Deməli, mal-qaraya nəsə olubmuş...
Bu yerdə bir sovet dönəmi söhbəti yada düşür. Ötən əsrin 70-ci illərinin ət-yağ qıtlığı vaxtı 1-ci kursda oxuyan jurnalist tələbə siyasi tarix professorundan bunun səbəbini soruşub. Müəllim qısaca cavab verib: “Ukraynada mal-qara kütləvi qırılıb. 1-2 ilə vəziyyət düzələcək”. 5-ci kursda tələbə həmin müəllimi küçədə görüb köhnə söhbəti yada salır və vəziyyətin niyə düzəlmədiyini soruşur. Müəllim əsəbiləşib deyir: “Get bu sualı ukraynalılara ver”.
İndi biz ət-yağ qıtlığının aradan qaldırılmasının cavabını kimdən soruşaq?!. Ekspertlər isə bildirirlər ki, respublikada kərə yağı istehsalının azalmasının əsas səbəblərindən biri heyvandarlıqda nəzərə çarpan müəyyən çətinliklərlə bağlıdır. Məsələn, yem bazasının qıt olması, örüş sahələrinin getdikcə azalması vəziyyətə mənfi təsir göstərir. Fermer belə halda heyvan saxlamaqdan imtina edir, onun yerinə kənd təsərrüfatının digər sahələri ilə məşğul olmağa üstünlük verir. Bu da heyvandarlıqda müəyyən tənəzzülə, kərə yağı istehsalının kəskin azalmasına gətirib çıxarır.
İqtisadçı-ekspert Gülmalı Qədimovun sözlərinə görə, bu problemi həm də kənd təsərrüfatında düzgün planlaşdırmanın həyata keçirilməməsi, aqrar sektorun inkişafı ilə bağlı qanunvericilikdə müəyyən boşluqların aradan qaldırılmaması, müəyyən təhlillərin düzgün aparılmaması və çoxşaxəli məhsul əkininə diqqət yetirilməməsi kimi amillər şərtləndirir. Məhz bütün bunların nəticəsidir ki, yerli istehsal getdikcə azalır, idxaldan asılılıq isə güclənir. Hətta idxal məhsulları yerli istehsaldan daha münasib qiymətə başa gəlir. Yerli istehsalın azalması isə rəqabət mühitinin yaranmasının qarşısını alır. Bu, özünü rəsmi göstəricilərdə də aydın göstərir.
Dövlət Statistika Komitəsinin hesabatına görə, cari il yanvarın 1-nə respublikada iribuynuzlu heyvanların sayı 2 milyon 436 min baş, xırdabuynuzlu heyvanların sayı isə 6 milyon 758 min baş olub. 2025-ci il yanvar ayının 1-i ilə müqayisədə isə iribuynuzlu heyvanların sayı 1,2 faiz və ya 30 min baş, xırdabuynuzlu heyvanların sayı isə 2 faiz və ya 139 min baş azalıb. Yeri gəlmişkən, iribuynuzlu heyvanların sayı rayonlar üzrə ən çox Sabirabad (124 min baş), Bərdə (107 min baş) və İmişli (96 min baş), xırdabuynuzlu heyvanların sayı isə ən çox Beyləqan (280 min baş), İmişli (256 baş) və Qubada (242 min baş) olub. Onu da bildirək ki, ötən il ölkəyə 33 milyon 52 min ABŞ dolları dəyərində 308 baş diri qoyun, 91 milyon 458 min ABŞ dolları dəyərində 115 min baş diri iribuynuzlu heyvanlar idxal edilib.
Cari ilin ilk 3 ayında isə ölkədə 5 min 920 ton kərə yağı istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalma deməkdir. İlk baxışda bu rəqəm daxili istehsal potensialının müəyyən səviyyədə qorunduğunu göstərsə də, sahə üzrə mütəxəssislərin fikirləri bu göstəricilərin mahiyyətinə yenidən baxmağı zəruri edir. Onların qeyd etdiyi kimi, “yerli istehsal” adı ilə təqdim olunan məhsulların əhəmiyyətli hissəsi, əslində, idxal olunan xammalın, əsasən də qaymağın ölkə daxilində emalı və ya hazır məhsulun sadəcə qablaşdırılması nəticəsində formalaşır. Bu isə statistik göstəricilərlə real istehsal arasında ciddi fərqin olduğunu göstərir. Nəticə etibarilə, ölkədə kərə yağı üzrə real istehsal potensialı son dərəcə məhdud olaraq qalır.
Bəs idxal niyə azalır?
Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Vəli Abbasovun fikrincə, keçən ilin birinci yarısında kərə yağı idxalının 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 25,6 faiz azalması bazarda baş verən dəyişikliklərin əsas göstəricilərindən biridir. Bu azalma bir neçə mühüm amillə izah olunur. Əvvəla, regionda, xüsusilə İranda baş verən geosiyasi proseslər nəqliyyat-logistika zəncirlərində müəyyən çətinliklər yaradaraq idxal kanallarını məhdudlaşdırıb. Bu, həm idxalın həcminə, həm də strukturuna birbaşa təsir edib.
Digər tərəfdən, bu məsələdə qiymət amili də əsaslı rol oynayıb. Başqa sözlə, orta idxal qiymətinin müəyyən dövrlərdə dəyişməsi pərakəndə bazarda bahalaşma meyillərinin güclənməsi ilə nəticələnib. Maraqlıdır ki, bəzi dövrlərdə idxal qiymətinin nisbətən ucuzlaşmasına baxmayaraq, bu, son istehlak qiymətlərində tələbata uyğun şəkildə əks olunmayıb. Belə bir hal isə bazarda qiymət formalaşması mexanizmlərinin qeyri-şəffaflığından xəbər verir.
Kərə yağı bazarında müşahidə olunan tendensiyalardan biri də istehlak strukturunun dəyişməsidir. Son illərdə sağlam qidalanma meyillərinin güclənməsi fonunda əhalinin bir hissəsi heyvan mənşəli yağlardan imtina edərək bitki yağlarına üstünlük verməyə başlayıb. Statistik məlumatlara əsasən, bitki yağlarının idxalında 5,4 faiz artım qeydə alınması bu tendensiyanın real bazar göstəricilərində öz əksini tapdığını göstərir. Bu dəyişikliklər kərə yağına olan tələbin azalmasına, nəticə etibarilə idxal həcmlərinin aşağı düşməsinə gətirib çıxarır.
Alim bildirir ki, Azərbaycanın kərə yağı bazarında diqqətçəkən digər mühüm məqam ixrac həcmlərində baş verən ciddi azalmadır. Belə ki, əvvəlki dövrlərdə əsas ixrac istiqamətlərindən biri olan Rusiya bazarına göndərilən məhsulun həcmi 12 min tondan 2 min 300 tona qədər geriləyib. Bu azalma, eyni zamanda, təkrar emal həcmlərinin azalması, statistik istehsal göstəricilərinin aşağı düşməsi və daxili bazarda artıq ehtiyatların formalaşma görüntüsünün yaranmasına təsir göstərib. Yeri gəlmişkən, sıralamada vurğulanan “artıq ehtiyatlar” amili, əslində, real istehsal artımı ilə bağlı deyil, bu məsələ ixrac kanallarının daralmasından qaynaqlanıb.
Rəsmi məlumatlara görə, bu gün ticarət müəssisələrinin anbarlarında 62 ton kərə yağı ehtiyatı mövcuddur. Bu göstərici ilk baxışda təhlükəli görünməsə də, bazarın struktur xüsusiyyətləri nəzərə alındıqda ciddi narahatlıqlar yaradır. Belə ki, məhsulun uzun müddət anbarda saxlanılması keyfiyyətin aşağı düşməsinə, istifadə müddətinin azalmasına, eləcə də dövriyyə və dəyər problemlərə səbəb olur. Bu isə nəticə etibarilə istehsalçıların maliyyə dayanıqlığını zəiflədir və qiymətlərin artımına təkan verir.
Mövcud vəziyyətin ən mühüm xüsusiyyətlərindən biri kərə yağı bazarının idxaldan yüksək asılılığıdır. Ekspertlərin qiymətləndirmələrinə görə, hazırda bu göstərici 90 faiz səviyyəsindədir. Bu isə o deməkdir ki, bazarda baş verən hər hansı xarici şok – istər geosiyasi, istər logistika, istərsə də qiymət dəyişiklikləri birbaşa daxili bazara ötürülür. Bu asılılıq həm də ərzaq təhlükəsizliyi baxımından ciddi narahatlıq yaradır və yerli istehsalın inkişaf etdirilməsini strateji zərurətə çevirir.
Azərbaycanın kərə yağı bazarı bu gün bir neçə paralel problemin təsiri altındadır. Bu, ilk növbədə, yerli istehsalın zəifliyi, idxaldan yüksək asılılıq, ixrac bazarlarının daralması, qiymət formalaşmasında qeyri-sabitlik, istehlak strukturunda dəyişiklik kimi çətinliklərdə özünü göstərir. Belə bir vəziyyətdən çıxış yolu kimi südçülük sektorunun inkişafı və xammal bazasının genişləndirilməsi, yerli istehsalın stimullaşdırılması, idxalın şaxələndirilməsi, ixrac bazarlarının diversifikasiyası, bazarda şəffaf qiymət mexanizmlərinin formalaşdırılması məsələləri zəruri prioritetlər olaraq daim diqqətdə saxlanılmalıdır.
Beləliklə, kərə yağı bazarında müşahidə olunan dəyişikliklər təkcə bir məhsul seqmenti ilə məhdudlaşmır, bütövlükdə, ölkənin ərzaq təhlükəsizliyi və aqrar siyasətin səmərəliyi ilə sıx bağlıdır. Bu baxımdan mövcud tendensiyaların düzgün qiymətləndirilməsi və vaxtında uyğun tədbirlərin görülməsi xüsusi önəm daşıyır.
Qlobal bazar nə diktə edir?
Ölkənin kərə yağı bazarında müşahidə olunan mənfi dəyişikliklərin yaranmasına daxili amillərlə yanaşı, həm də qlobal ərzaq ticarətində baş verən proseslər, beynəlxalq qiymət dalğalanmaları və aparıcı istehsalçı ölkələrin diktəsi də birbaşa təsir göstərir. Son illərdə beynəlxalq bazarlarda süd məhsullarının qiymətində bahalaşmanın nəzərə çarpması, xüsusilə 2022-2024-cü illərdə enerji qiymətlərinin yüksəlməsi, yem xərclərinin artması və logistika problemlərinin kərə yağı istehsalının maya dəyərini artırması da vurğulanan fikrin bariz ifadəsidir.
Beynəlxalq statistikaya görə, son 3 ildə dünya bazarında kərə yağının topdansatış qiyməti orta hesabla 15-25 faiz artıb, bəzi dövrlərdə bu göstərici daha yüksək olub. Bu isə Azərbaycanın idxaldan asılı bazarı üçün əlavə təzyiq yaradıb. Çünki ölkədə daxili istehsal zəif olduğu üçün qiymət formalaşması əsasən xarici bazarlardan asılıdır. Azərbaycanın vəziyyətini daha yaxşı anlamaq üçün region ölkələrinin təcrübəsinə də nəzər salmaq vacibdir. Belə ki, Türkiyə son illərdə südçülük sektoruna ciddi dövlət dəstəyi göstərərək daxili istehsalı artırmağa nail olub. Subsidiyalar, fermerlərə verilən güzəştlər və kooperativ sisteminin inkişafı nəticəsində hazırda qardaş ölkə həm daxili tələbatı ödəyir, həm də müəyyən həcmdə ixrac həyata keçirir.
Rusiya 2014-cü ildən sonra tətbiq etdiyi idxal məhdudiyyətləri fonunda daxili istehsalı stimullaşdırmağa çalışıb. Nəticədə süd məhsulları üzrə özünütəminetmə səviyyəsi artıb. Lakin buna baxmayaraq, keyfiyyət və rəqabətlilik məsələləri hələ də gündəmdədir. Gürcüstan və Mərkəzi Asiya ölkələrində isə Azərbaycan kimi idxaldan asılılıq yüksəkdir. Lakin bəzi hallarda kiçik fermer təsərrüfatlarının inkişafı hesabına kiçik bazarların müəyyən hissəsi yerli istehsal hesabına təmin olunur.
Müqayisələr göstərir ki, Azərbaycanın əsas problemi istehsalın həcmində deyil, strukturudur. Yəni xammal bazası zəifdir, südçülük sektorunda məhsuldarlıq aşağıdır, emal sənayesi daha çox idxal xammalına əsaslanır. Halbuki ölkənin təbii iqlim şəraiti südçülüyün inkişafı üçün kifayət qədər əlverişlidir. Regionlarda otlaq sahələrinin mövcudluğu, kənd təsərrüfatı ənənələri və daxili bazarın həcmi bu sahədə böyük potensialın olduğunu göstərir.
Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert
Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2026-cı ilin ilk 3 ayında respublikaya 36 milyon 169 min dollar dəyərində 5717 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Ötən ilin uyğun dövründə isə bu göstəricilər müvafiq olaraq 53 milyon 721 min dollar və 7 min 686 ton olub. Beləliklə, Azərbaycana adıçəkilən yağların idxalı 2026-cı ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 17 milyon 552 min dollar və ya 32,7 faiz, miqdar ifadəsilə 1968 ton və ya 25,6 faiz azalıb. Yeri gəlmişkən, cari ilin yanvar-mart aylarında ticarət müəssisələrinin anbarlarında 62,1 ton kərə yağı ehtiyatı olub.
İranda baş verən geosiyasi proseslər region ölkələrinin, o cümlədən Azərbaycanın ərzaq, xüsusilə də yağ bazarına birbaşa təsir göstərib. Nəqliyyat və ticarət zəncirində yaranan məhdudiyyətlər, eləcə də regional qeyri-sabitlik idxal strukturlarında dəyişikliklərə gətirib çıxarıb və bu, özünü daha çox qiymət və həcm göstəricilərində büruzə verib. Kərə yağı bazarında isə həm idxal mənbələrinin dəyişməsi, həm də qiymətlərin formalaşması prosesi daha çox diqqət çəkib.
Azərbaycana kərə yağının idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci rübündə 25,6 faiz, yerli istehsal isə 8 faiz azalsa da, bitki yağlarının idxalı 5,4 faiz artıb. 1 kiloqram kərə yağının idxal qiyməti, təxminən, 11 manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz ucuz) təşkil edib. Bu isə deməyə əsas verir ki, kərə yağının mövcud qiyməti istehlak tələbinin kəskin azalmasına əsaslı təsir göstərib. Digər tərəfdən İranda gedən müharibə də kərə yağı idxalının aşağı düşməsini müəyyən dərəcədə şərtləndirib. Bu məsələdə təbii ki, insanların sağlam həyat tərzinə üstünlük verərək rasionlarını bitki yağları ilə əvəz etmələri də mühüm rol oynayıb.
Sözsüz ki, İrandakı indiki vəziyyət bu ölkədən ucuz yağın idxalında müəyyən məhdudiyyətlər yaradır. Lakin buna baxmayaraq, mövcud qiymətlər pərakəndə bazarda bahalaşmanı stimullaşdırır və bu da istehlak göstəricisinin aşağı düşməsinə, nəticə etibarilə yağ idxalının kəskin azalmasına təsir göstərir. Əlbəttə, məlumdur ki, digər ölkələrdən – Uruqvay, Yeni Zelandiya, Səudiyyə Ərəbistanı və Ukraynadan da Azərbaycana yağ idxal olunur. Lakin buna baxmayaraq, ümumi idxalda azalma müşahidə edilir.
Statistik göstəricilərə əsasən, ölkəmizə ən ucuz yağ İrandan gətirilirdi. Yəni məhsulun 1 kiloqramının idxal qiyməti 9 manat 24 qəpik idi və son 3 ayda 1782 ton yağ idxal olunub. Digər ölkələr üzrə isə əsasən Belarus və Yeni Zelandiyadan respublikaya yağ gətirilib ki, bunların da idxal qiyməti, təxminən, 13 manat 50 qəpik təşkil edib.
Vaqif BAYRAMOV
XQ


