Builki Olimpiya Oyunları, demək olar ki, dünyanın bütün idmançılarının diqqətini cəlb edib, hər kəs orada iştirak etməkdə maraqlı olub. Ancaq avstraliyalı otüstü xokkeyçi Mett Dousonun Olimpiadada iştirak etmək üçün göstərdiyi canfəşanlıq – barmağını amputasiya etdirməsi idman dünyasını şoka salıb.
M.Douson iki həftə əvvəl Pertdə məşq edərkən sağ əlinin barmağını sındırıb və həkimlər tam sağalmanın aylar çəkəcəyini söyləyib. Lakin 30 yaşlı idmançı üçüncü dəfə Olimpiadada iştirak etmək arzusunu reallaşdırmaq üçün barmağını oynağından kəsərək atıb. Bu, həm komanda yoldaşlarını, həm də məşqçisini heyrətə salıb. Zədəsindən cəmi 16 gün sonra, şənbə günü o, Argentina ilə qarşılaşmaq üçün komandası ilə meydanda olacaq.
İdmançı bildirib ki, paltardəyişmə otağında barmağının sındığını görəndə zədəsinin nə qədər ciddi olduğunu anlayıb və huşunu itirib. Həmin an o, olimpiya arzusunun bitdiyini düşünüb. Lakin plastik cərrahla məsləhətləşdikdən sonra çıxış yolu tapıb. Cərrah ona barmağın bərpası üçün əməliyyatın uzun vaxt aparacağını deyib. Tam funksiyanın bərpa oluna bilməyəcəyini öyrənən idmançıya deyilib ki, barmağı kəsildikdən 10 gün sonra o, olimpiadada iştirak edə bilər.
M.Douson tələsik qərarını belə izah edib: “Bilirəm ki, karyeramın sonuna yaxınlaşıram və bu, mənim son Olimpiadam ola bilər”.
Komandanın kapitanı Aran Zalevski bildirib: “Onun xəstəxanaya getdiyini və barmağını kəsdiyini eşitdik. İnsanların burada olmaq üçün böyük fədakarlıqlar etdiyini bilirik”.
M.Douson 2018-ci il Birlik Oyunları ərəfəsində ciddi zədə alıb, xokkey çubuğu ilə vurulduqdan sonra bir gözünü itirmək təhlükəsi ilə üzləşib. Buna baxmayaraq, o, həmin turnirdə qızıl medal qazanan Avstraliya üçün oynamağa davam edib və Tokio Olimpiadasında gümüş medal qazanıb.