2024-cü il Paris Yay Olimpiya və Paralimpiya oyunlarında 5084 medal veriləcək. Bunlardan hələlik neçəsinin qızıl, gümüş və bürünc olacağı məlum deyil. Lakin hər bir medalın tərkibi və maya dəyəri məlumdur.
Olimpiadanın rəsmi saytında verilmiş məlumata görə, hər medalın diametri 85 millimetr, qalınlığı 9,2 millimetrdir. Medalların dizaynı Beynəlxalq Olimpiya Komitəsi ilə razılaşdırılıb. Lakin budəfəki olimpiya medallarını başqalarından fərqləndirən bir xüsusiyyət də var. Onların hər birinin üzərinə Eyfel qülləsinin bərpası zamanı dəyişdirilmiş metal parçaları bərkidiləcək. Bu metal parçası metropol Fransanın xəritədəki təsvirinə uyğun olaraq altıbucaqlı şəklindədir.
Medalların kütləsinə gəlincə, qızıl medal 529 qram, gümüş medal 525 qram, bürünc isə 455 qramdır.
Qiymətlər də bir-birindən kəskin fərqlənir. Bürünc medalın maya dəyəri 10 manatdan azdır. Gümüş medal Fransanın vergi ödəyicilərinə 868 manata başa gəlib. 529 qramlıq qızıl medalın maya dəyəri isə bugünkü kursla, təxminən, 1640 manatdır.
Bir vacib məqamı da qeyd etmək yerinə düşər. Bürünc medal qırmızı latundan tökülür. Onun hazırlanması asan və ucuz başa gəlir. Gümüş medal 920 əyarlı metaldan tökülür və üzərində zərgərlər işləyir. Ən nüfuzlu və bahalı olan qızıl medal isə 6 qram xalis qızıl və 523 qram gümüşdən ibarət xəlitədən hazırlanır.
Medalların dəyəri Tokio Oyunları ilə müqayisədə artıb. Qızıl medal min dollar həddə yaxınlaşır. Qızıl medallar Tokio Oyunlarında 763 dollardan 935 dollara qədər, gümüş mükafatların dəyəri də 415 dollardan 473 dollara qədər artıb.