“Paris-2024”: Olimpiya həyəcanı başlandı

post-img

Dünən Paris-2024 Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib.

Fransa paytaxtındakı məşhur Sena çayında təşkil olunan tədbir Bakı vaxtı ilə saat 21:30-dan başlayaraq yayımla­nıb. Mərasim minlərlə idmançını daşı­yan 85 gəminin Austerlitz körpüsündən hərəkəti ilə başlayıb və 6 kilometrlik məsafəni əhatə edib. Qeyd edək ki, açı­lış mərasimi ilk dəfə olaraq yarışların baş tutduğu stadiondan kənarda keçi­rilib.

Azərbaycan komandası ölkələrin paradında 16-cı sırada yer alıb. Ölkə­mizin bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəm­məd Abdullayevdir. Olimpiya Oyun­larının vətəni hesab olunan Yunanıstan yığması parada birinci sırada çıxıb. Fransa isə ev sahibi ölkə kimi sonuncu olub.

Olimpiadada neytral statusda ya­rışacaq Rusiya və Belarus idmançıları isə açılış mərasimində iştirak etməyib­lər.

Xatırladaq ki, Azərbaycan milli­si budəfəki Oyunlarda 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. İd­mançılarımızın hər birinə ürəkdən uğurlar arzulayırıq. 

Cüdoçularımıza böyük ümidlər bəsləyirik 

Bu gün Olimpiya proqramının ən maraqlı və baxımlı idman növlərindən biri hesab olunan cüdo yarışları start götürür. Təkcə döyüş sənəti deyil, həm də güclü fəlsəfi anlayış olan bu gözəl idman növünün 1882-ci ilə qədər keç­mişə uzanan zəngin tarixi var. Məhz o zaman Tokioda yapon Jigoro Kano Buddist məbədində məktəb qurub və onu “Kodokan” adlandırıb. 

Qeyd etmək lazımdır ki, cüdonun banisi uzun illər idmanın fədakar təb­liğatçısı olub. Artıq 1886-cı ildə cüdo Yaponiyanın polis və hərbi akademiya­larında, sonra məktəblərdə və universi­tetlərdə tədris olunurdu. XIX əsrin son­larından isə Kano Avropada da cüdonu təbliğ etməyə başlayıb və Fransada ilk məktəbi açıb. 

Cüdo xüsusilə XX əsrin ikinci ya­rısında Olimpiya hərəkatı çərçivəsində inkişaf etməyə başlayıb. 1951-ci ildə Beynəlxalq Cüdo Federasiyası yara­dılıb. 5 il sonra 20-dən çox ölkədən nümayəndənin iştirak etdiyi ilk Dünya çempionatı keçirilib. Artıq bütün dün­yada populyarlıq qazanan cüdo 1964-cü ildə Olimpiya Oyunlarının proq­ramına daxil edilib. Qadın cüdosu isə 1992-ci ildə Olimpiya ailəsinin üzvü olub. 

Bu gün 180-ə yaxın ölkə Bey­nəlxalq Cüdo Federasiyasının üzvüdür. Budəfəki yarışlarda 5 qitə üzrə 122 ölkədən cüdoçular iştirak edirlər ki, bu da Oyunlara qatılan bütün milli Olim­piya komitələrinin idmançı heyətinin 60 faizini təşkil edir. Yeri gəlmişkən, Olimpiya Oyunlarında cüdo yarışları kişilər üçün 7, qadınlar üçün eyni say­da çəki dərəcəsində, üstəlik, qarışıq komanda turnirində keçirilir. Ümumi­likdə, olimpiadada iştirakçılar 15 dəst medal uğrunda mübarizə aparacaqlar. 

Olimpiadalarda komandamızın iş­tirakına gəldikdə, kişilərdən ibarət yığ­mamız dünyanın ən güclülərindən sa­yılır. Azərbaycanda Cüdo Federasiyası 1972-ci ildə yaradılsa da, ən böyük na­iliyyətlər müstəqillik dövründə əldə edilib. Olimpiya Oyunlarında ilk qızıl medalı “Barselona-1992”də Azərbay­can cüdo məktəbinin yetirməsi Nazim Hüseynov əldə edib. 2008-ci ildə Pekin Olimpiadasında Elnur Məmmədli par­laq qələbə qazanaraq Olimpiya çempi­onu olub. Həmin yarışda Mövlud Mirə­liyev bürünc medala yiyələnib. 

2013-cü ildə Elxan Məmmədov müstəqil Azərbaycanın cüdo üzrə ilk dünya çempionu kimi adını ölkənin idman tarixinə yazıb. Rüstəm Oru­cov və Elmar Qasımov “Rio-2016”da gümüş medala layiq görülüblər. “To­kio-2020”də isə qadın cüdoçumuz İrina Kindzerskaya bürünc mükafat qazanıb. 

Fəxrlə bildirmək istərdik ki, Paris Olimpiadasında kişi komandamız bü­tün çəki dərəcələrində təmsil olunur. Qadın yığmamızın isə 2 üzvü yarışlarda mübarizə aparacaq. Yarışın ilk günündə kişilər arasında 60 kiloqram çəki dərə­cəsində mükafatçılar müəyyənləşəcək. Səkkizdəbir finaldan yarışa qatılacaq təmsilçimiz Balabəy Ağayev Simon Zulu (Zambiya) – Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi ilə görüşəcək. 

Xatırladaq ki, B.Ağayev bu il Av­ropa çempionatında gümüş, Bakı və Tbilisidə keçirilmiş “Böyük dəbilqə” turnirlərində bürünc medal qazanıb. Onun rəqibi – zambiyalı cüdoçu Afrika Oyunlarında və qitə çempionatında bü­rünc medallar əldə edib. 

Cənubi koreyalı isə ötənilki Bakı “Böyük dəbilqə” turnirində bürünc, Daşkənddəki analoji yarışda isə qızıl medal əldə edib. Komandamızın digər üzvü Leyla Əliyeva (48 kq) isə ilk gö­rüşündə Xalimajon Kurbanova (Özbə­kistan) ilə qarşılaşacaq. Leyla Əliyeva ötən il Abu-Dabidə keçirilmiş “Böyük dəbilqə” turnirində bürünc medala sa­hib olub. Onun rəqibi bu il Bakıda, ötən il isə Qazaxıstanda keçirilmiş “Böyük dəbilqə” yarışlarında 3-cü yeri tutub. 

Oyunların cüdo üzrə fərdi yarışları iyulun 27-dən avqustun 2-dək davam edəcək. İlkin görüşlər saat 12:00-da, final bloku isə hər gün saat 18:00-da başlayacaq.

İdman