Azərbaycan paytaxtı 2026-cı ildə bu adı daşımağa namizəddir
Aprelin 21-də Milli Gimnastika Arenasında keçirilmiş mətbuat konfransı gözəl paytaxtımızın, bütün Azərbaycanın idman həyatında mühüm hadisəyə həsr olunmuşdu. Konfransda Bakının 2026-cı ildə dünyanın idman paytaxtı olması üçün namizədliyi irəli sürülmüşdür. Əlbəttə ki, xoş təşəbbüsdür. Bakıya belə yüksək etimad göstərilərsə, idman təşkilatlarımızın birgə səylə, vahid komanda şəklində onu şərəflə doğruldacağına şübhə etməmək olar. Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında və daha neçə-neçə mötəbər yarışda məhz belə olmuşdur.
Mətbuat konfransında Avropanın İdman Paytaxtları Federasiyasının (ACES) baş katibi Huqo Alanso Kastanonun bildirdiyi kimi, Bakının dünyanın idman paytaxtına namizədliyi 12 kateqoriyaya əsasən irəli sürülüb və bu kateqoriyaların hər biri 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Bakı, ən azı, 80-dən artıq bal toplamalıdır ki, 2026-cı ildə dünyanın idman paytaxtı kimi təsdiqlənsin.
Əgər geriyə boylanıb, arxada qalan illəri, həyata keçirilmiş böyük işləri, qazanılmış yüksək nüfuzu xatırlasaq, bunun məhz belə olacağına inana bilərik. Ölkəmizdə, ilk növbədə də Bakıda keçirilmiş yarışların bütün istiqamətlər üzrə lazımi səviyyədə təşkil olunduğu, paytaxtımızın qonaqlarının hər dəfə Azərbaycanı zəngin təəssüratla tərk etmələri haqqında söylədikləri fikirlər yaddaşımızdan hələ silinməyib.
“Bakı-2015” birinci Avropa Oyunlarından o qədər də çox vaxt keçməyib. Azərbaycan paytaxtının idman bazalarının qitənin 50-dən çox ölkəsinin ən yaxşı atletlərinin gərgin mübarizə meydanına çevrildiyi günlərdən bizi 9 illik zaman kəsiyi ayırır. Həmin 2015-ci ilin yayından Azərbaycan tarixdə Avropa Oyunlarının vətəni kimi yaşayır və bu adı fəxrlə daşıyır. Əzəmətli Olimpiya Stadionunda, Heydər Əliyev adına İdman Sarayında, “Tofiq Bəhramov”da, Milli Gimnastika Arenası, Bakı İdman Sarayı, Atıcılıq Mərkəzi, Su İdmanı Sarayı və digər idman qurğularında əla səviyyədə təşkil olunan yarışlardan sonra ümumi rəy belə olmuşdu ki, bu startların təşkilində Bakı elə bir yüksək hədd müəyyənləşdirib ki, hələ uzun müddət o səviyyəyə çatmaq mümkün olmayacaq.
Belə fikirləri nüfuzlu mütəxəssislər, beynəlxalq federasiyaların prezidentləri, milli olimpiya komitələrinin rəhbərləri bildirmişdilər. Yadımdadır, onda Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov “Bakı-2015”i ümummilli layihə adlandırmış və bütün Azərbaycan xalqının bu layihənin həyata keçirilməsi işində çox fəal iştirak etdiyini söyləmişdi. İspaniya Milli Olimpiya Komitəsinin prezidenti Alexandro Blanko isə hələ yarışlar başlanmazdan əvvəl Bakıda Avropa Oyunlarını mühüm tarixi hadisə adlandırmışdı.
Birinci Avropa Oyunları kimi, IV İslam Həmrəyliyi Oyunları da çox mötəbər hadisə idi və Azərbaycan paytaxtının idman tarixində özünə layiqli yer etmişdir. “Bakı-2015”dən cəmi iki il sonra, 2017-ci ilin mülayim may günlərində təşkil edilib, islam ölkələrinin ən yaxşı idmançılarının dostluq və həmrəylik bayramına çevrilən İslamiadanın da yüksək səviyyədə keçirilməsi hamıda rəğbət hissi yaratmışdı. Bakı və bakılıların qonaqpərvərliyi, təşkilatçılıq bacarığı bu dəfə də bütün iştirakçı ölkələrin nümayəndələri tərəfindən layiqincə qiymətləndirilmişdi.
Azərbaycan dövlətinin və idmanının əsl zəfər marşına çevrilən I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları paytaxtımızda hətta Olimpiya oyunları səviyyəsində təşkil edilmiş çox mötəbər yarışlar idi. Bu barədə startların iştirakçılarından və qonaqlardan eşitdiyimiz fikirlər bir daha təsdiq edirdi ki, Bakıda idman həyatı cəlbedicidir və bir an belə dayanmır. Şəhərimiz təkcə ona həvalə edilən böyük beynəlxalq yarışların yüksək səviyyədə təşkili ilə fərqlənmir, həm də burada sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri, onların sağlamlıq və gümrahlıq məşğələlərindən əsl zövq almaları üçün hər cür şərait var.
Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycan paytaxtının 2026-cı ildə dünyanın idman paytaxtı olmağa namizəd seçilməsi təsadüfi deyil. Bakı bu ada layiqli namizəddir və ona göstərilə biləcək yüksək etimadı şərəflə doğruldar!
Azərbaycan dövlətinin, şəxsən onun rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkədə bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi daimi qayğı və diqqət sayəsində bu gün Bakı dünyanın ən yaxşı idman şəhərlərindən biri hesab olunur. Ayrı-ayrı beynəlxalq federasiyaların öz çempionatlarını, olimpiya təsnifat turnirlərini, digər mötəbər yarışları paytaxtımızda keçirmək istəyi bunun bariz nümunəsidir. Deməli, Bakının 2026-cı ildə dünyanın idman paytaxtı olmağa namizədliyinin təsdiqlənəcəyi barədə xəbəri ümidlə gözləyə bilərik.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist