Yazın gəlişi, bəzi çiçəklərin açması ilə bağlı insanlarda allergik xəstəliklər müşahidə olunur. Bununla yanaşı, həm də son zamanlar yayılmış virus qrip, angina kimi yoluxucu xəstəliklərin meydana çıxmasına və yayılmasına şərait yaradıb.
Naturopat, təbii vasitələrlə müalicə ilə məşğul olan həkim Fizuli Hüseynov viruslardan qorunmaq üçün xalq təbabəti üsullarından istifadə etməyin yaxşı nəticə verdiyini deyib.
Həkim xəstəliklərdən qorunmaq üçün özünün istifadə etdiyi təbii bitki yağını açıqlayıb. Deyib ki, insanların qapalı məkanlarda, parkda gəzərkən, xəstə insanla təmasda olarkən virusa yoluxmaq üçün ən zəif yeri burundur. Çünki, bütün hallarda viruslar, bakteriyalar daha çox burun vasitəsilə orqanizmə daxil olur.
F.Hüseynov bu barədə jurnalistlərlə söhbətində fikrini belə açıqlayıb: “Mən bir həkim kimi hər gün xəstələrlə təmasda oluram. Ona görə mən viruslardan qorunmaq üçün burnuma ud-hindi yağı damcıladıram.
Küçəyə, bazara, insan çox olan yerlərə getdikdə, siz də hər iki burun dəliyinə 1–2 damcı ud-hindi damızdırıb, viruslardan, xəstəlikdən qoruna bilərsiniz. Çünki elm artıq sübut edib ki, ud-hindi bir çox xəstəliklərin dərmanıdır”.
Z.HÜSEYNLİ
XQ