Saturnun şimal qütbündə qeyri-adi altıbucaqlı, çoxqatlı tufan tüğyan edir. Bunu ilk dəfə 1981-ci ildə NASA-nın “Voyager” kosmik gəmisi aşkar edib.
Daha sonra, 2006-cı ildə “Kassini” kosmik gəmisi onunla bağlı daha ətraflı təsvirlər və məlumatlar təqdim edib. Məlum olub ki, qasırğanın hündürlüyü təqribən 300, eni 29 min kilometrdir. Tufan saatda, təxminən, 320 kilometr sürətlə hərəkət edən atmosfer qazlarından ibarətdir.
Altıbucaqlının tərəflərinin uzunluğu 14,5 min kilometrdir. Bu da Yerin diametrindən 2 min kilometr uzundur! O, Saturnda ilin vaxtından asılı olaraq rəngini dəyişir, yayda qızılı, qışda isə mavi olur.
Araşdırmalar göstərir ki, Saturn kimi qaz nəhənglərinin bərk səthləri yoxdur, ona görə də onların fırlanma sürətləri mürəkkəbdir. Məsələn, Saturnun fırlanma sürəti ekvator və qütblərdən fərqlidir. Ekvatorun fırlanma sürəti 10 saat 33 dəqiqə 38 saniyədir.
Qütblərdə fırlanma sürəti bir qədər yavaş, təxminən 10 saat 39 dəqiqə 24 saniyədir. Saturnda bir gün orta hesabla 10,7 saat davam edir.
PÜNHAN
XQ