Sərbəst güləşçilərin “Paris-2024” iddiaları

post-img

Baş məşqçi daha çox medal gözləyir

Başa çatmaqda olan 2023-cü il bir sıra parametrlər üzrə, o cümlədən növbəti Yay Olimpiya Oyunlarına hazırlıq baxımından həlledici il kimi mühüm əhəmiyyət kəsb edir. Olimpiya Oyunlarında əsas medal ümidlərimizdən olan sərbəst güləşçilər bu il dörd illiyin baş yarışına vəsiqə əldə etmək üçün bütün gücləri ilə meydanda mübarizə aparıblar. 

Onlardan yalnız birinin – Maqo­medxan Maqomedovun Olimpiadada iştirakı rəsmiləşib. İdmançımız və­siqəni Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 97 kiloqram çəki dərəcəsində finala yük­səlməklə qazanıb. 

Milli güləşimizə çox bənzəyən bu idman növünün sərbəst üsulunda təmsilçilərimizin əldə etdikləri nailiy­yətlərə nəzər salsaq, onun ənənələ­rinin ölkəmizdə nə qədər zəngin olduğunu görərik. Təsadüfi deyil ki, Azərbaycan idmanının ilk Olimpiya medalı (“Helsinki-1952”, Rəşid Məm­mədbəyov (57 kq, gümüş) güləşin məhz bu növü üzrə qazanılıb. Daha bir sərbəst güləşçi Aydın İbrahimov (57 kq) “Tokio-1964”də bürünc medal qazanıb. 

Müstəqillik illərinin ilk 2 meda­lı da sərbəst güləşin payına düşüb. İstedadlı güləşçimiz Namiq Abdul­layev (42 kq) Atlanta Olimpiada­sında gümüş, Sidney Yay Olimpiya Oyunlarında isə qızıl medala sahib olub. Müstəqillik illərində sərbəst güləş üzrə ən yaxşı nəticələr “Lon­don-2012” (3 medal) və Rio Olim­piadasında (5 medal) əldə edilib. London Oyunlarında Azərbaycan komandasının aktivinə 2 qızıl meda­lın 2-sini də məhz sərbəst güləşçilər yazdırıblar. Əvvəlki iki Olimpiadadan fərqli, “Tokio-2020”də isə cəmi 1 id­mançımız (Hacı Əliyev, 65 kq, II yer) mükafatçılar sırasında yer ala bilib. 

Bəs güləşçilərimizin növbəti Olimpiya Oyunlarında iştirak şansları necə qiymətləndirilir? Ümumiyyət­lə, bu ili sərbəst güləşçilərimiz üçün uğurlu hesab etmək olarmı? 

Bu suallara Azərbaycanın sər­bəst güləş üzrə yığma komandası­nın baş məşqçisi Xetaq Qazyumov belə cavab verdi: 

– Əminliklə deyə bilərəm ki, seç­mə turnirdə komandamızdan olan hər bir iştirakçının potensial olaraq lisenziya qazanmaq şansı var. Gələn il Olimpiya Oyunları üçün ilk Avropa təsnifat turniri Azərbaycanda keçirilə­cək. İkinci dünya təsnifat turniri Tür­kiyədə olacaq. İlk turnir Bakıda keçi­rildiyi üçün yarışa daha məsuliyyətlə hazırlaşacağıq. Təbii ki, maksimum sayda lisenziya qazanmağa çalışa­cağıq. Düşünürəm ki, lisenziyaların sayı ilə bağlı proqnoz vermək peşə­karlıqdan kənardır. 

Azərbaycan Güləş Federasiyası­nın, məşqçi heyətinin və idmançıların üzərinə böyük məsuliyyət düşür və biz bunu yaxşı dərk edirik. Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etmək üçün əlimizdən gələni etməyə çalışacağıq.

Xetaq Qazyumov Azərbaycan milli komandasının builki nəticələ­rindən də danışdı:

– Bu ilin birinci yarısı çox uğurlu alındı. Kişilərdən ibarət komandamız Avropa çempionatının qalibi olub. Həmçinin, U-15 və U-17, eləcə də, U-23 komandaları yüksək nəticələr qazanıblar. 

Baş məşqçi Azərbaycan Güləş Federasiyasının yeni ildə ən istedadlı gənclər üçün internat məktəbi açma­ğı planlaşdırdığını bildirdi. O qeyd etdi ki, bütün yaş qrupları üzrə mo­nitorinq və təsnifat yarışları keçirilə­cək ki, bununla da istedadlı güləşçilər müəyyənləşdiriləcək. 

Ötən Yay Olimpiya Oyunların­da sərbəst güləş üzrə yeganə mü­kafatçımız, üçqat dünya, dördqat Avropa çempionu Hacı Əliyev kar­yerasında son Olimpiadaya hazır­laşır:

– Paris Olimpiadasına lisenziya əldə etmək üçün bütün gücümüzlə hazırlaşırıq. Olimpiya Oyunlarının qalibi adını qazanmaq ən böyük ar­zumdur. 

Bu il Avropa çempionatının qali­bi olmuş Əliabbas Rzazadə (57 kq), qitə çempionatının ikiqat mükafatçısı Turan Bayramov (74 kq) və digər is­tedadlı güləşçilərimizdən də gözlən­tilər böyükdür. 

Leyla QURBANOVA
XQ

İdman