Astanada görkəmli şərqşünas sayğı ilə anıldı

post-img

Astanada Lev Qumilyov adına Avrasiya Milli Universitetində görkəmli Azərbaycan tarixçisi və şərqşünası, akademik və ictimai xadim Ziya Bünyadovun anadan olmasının 100 illiyinə həsr olunmuş dəyirmi masa konfransı keçirilib.

“Görkəmli elm xadimi Ziya Bünyadov və onun türkologiya elminin inkişafındakı töhfələri” mövzusunda elmi müzakirəni giriş sözü ilə açan Qazaxıstanın Avrasi­ya Milli Universitetinin prorektoru Janna Kurmanqaliyeva bu il anadan olmasının 100 illiyini türk xalqlarının böyük sayğı ilə qeyd etdiyi dünya şöhrətli şərqşünasın mənalı həyatı və zəngin yaradıcılığından söz açıb. O, Ziya Bünyadovun apardığı fundamental tədqiqatlardan bəhs edərək, qeyd edib ki, akademikin araşdırmaların­da orta əsr müsəlman Şərqi dövlətlərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni tarixi dərin təhlillər əsasında dolğun əksi­ni tapıb. Azərbaycan aliminin aşkar etdiyi və araşdırdığı bir çox nadir mənbələr bu gün də türk dünyasında davamlı istinad olunan ən mötəbər qaynaqlar sırasında­dır.

Beynəlxalq Türk Akademiyasının pre­zidenti, akademik Şahin Mustafayev elmi irsi Azərbaycanın Dövlət mükafatına layiq görülmüş Əməkdar elm xadimi Ziya Bün­yadovun 100 illik yubileyinə həsr olun­muş məclisin Qazaxıstanda Müstəqillik Gününün qeyd olunması ərəfəsinə tə­sadüf etməsini ikiqat əlamətdar hadisə kimi qiymətləndirib. Akademik bildirib ki, onun da müəllimi olmuş Ziya Bünyadov Şərqdə ən böyük elmi mərkəzlərdən biri olan Şərqşünaslıq İnstitutu yaradıldığı gündən ömrünün sonuna qədər burada çalışıb, orta əsrlər Şərqi və Ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb.

Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı, professor Darhan Kı­dırali, ölkəmizin Qazaxıstan Respublika­sındakı səfiri Ağalar Atamoğlanov Sovet İttifaqı Qəhrəmanı, tarixçi alim Ziya Bün­yadovun Azərbaycan xalqının tarixinin saxtalaşdırılması cəhdlərinə qarşı daim ardıcıl və qətiyyətli mübarizə apardığı­nı söyləyiblər, taleyüklü milli məsələlərə münasibətdə hər zaman vətənpərvər zi­yalı mövqeyi ilə seçildiyini vurğulayıblar.

Beynəlxalq Türk Akademiyasının vit­se-prezidenti Asxat Kessikbayevin mo­deratorluğu ilə davam edən elmi məclis­də AMEA Tarix İnstitutunun şöbə müdiri, akademik Nərgiz Axundova “Ziya Bün­yadov: Azərbaycan şərqşünaslığında orta əsr türk xalqlarının ortaq tarixi üzrə tədqiqatların əsasını qoyan alim”, Özbə­kistan EA Milli Arxeologiya Mərkəzinin baş mütəxəssisi, professor Bəxtiyar Ba­bacanov “Xarəzmin tarixi akademik Ziya Bünyadovun tədqiqatlarında”, Avrasiya Milli Universitetinin əməkdaşı professor Samal Tüleubayeva “Ziya Bünyadov və Qafqazla Orta Asiyada milli şərq mək­təblərinin yaranma tarixi”, AMEA Şərq­şünaslıq İnstitutunun əməkdaşı Zemfira Qurbanova “Akademik Ziya Bünyadovun çoxşaxəli şəxsiyyəti və əsərləri” mövzu­sunda məruzələrlə çıxış ediblər.

Konfransın gedişində akademik Ziya Bünyadova həsr olunmuş “Orta Asiya­dakı qədim türk yazıları” yubiley nəşrinin təqdimatı da olub.

Qabil YUSİFOĞLU
XQ



Son xəbərlər