Lənkəranlı yazarın yubileyi

post-img

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran bölməsi və Vilvan kənd tam orta məktəbin təşkilatçılığı ilə bu təhsil ocağının akt zalında yazıçı-publisist, Prezident təqaüdçüsü Etibar Əhədovun anadan olmasının 75, yaradıcılığının 50 illiyi qeyd olunub. 

Məktəbin müəllimi Afaq Mirzəyeva yorulmaz qələm sahibi olan yubilyarın həyat və yaradıcılığı barədə ətraflı mə­lumat verib. Qeyd edilib ki, Etibar Əliağa oğlu Əhədov 1948-ci ildə Vilvanda ana­dan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və Mətbuat İşçiləri Ümumittifaq İxtisasartırma İnstitutunun jurnalistika sənətkarlığı şöbəsini bitirib. Orduda həqiqi hərbi xidmət keçəndən sonra Lənkəran radio verilişləri redaksi­yasının redaktoru kimi çalışmağa başla­yıb. Sonra rayonda çıxan “Leninçi” (indiki “Lənkəran”) qəzetində məsul katib, re­daktor müavini və redaktor olub. Peşə­kar jurnalist bir ara “Lənkəranın səsi” qə­zetini buraxıb, uzun illər Lənkəran Dövlət Universitetinin mətbuat və informasiya xidmətinə rəhbərlik edib. Hazırda “Aş­karlıq” qəzetinin təsisçisi və baş redak­toru kimi fəaliyyət göstərir. Müxtəlif şəx­siyyətlər və dövlət xadimləri haqqında, həmçinin tarixi-etnoqrafiya mövzusunda 60-a yaxın kitabın müəllifidir. Azərbay­can Jurnalistlər və Yazıçılar birlikləri­nin, Reklamçılar İttifaqının üzvü, "Qızıl qələm" media mükafatı laureatıdır.

Yubilyarın ömür yolunu əks etdirən vi­deokadrlar göstərildi, həmçinin onun ki­tablarından ibarət sərgi nümayiş etdirildi. 

Sonra Lənkəran Şəhər İcra Hakimiy­yəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin mü­diri Ülviyyə Əliyeva yazıçının rayonun ictimai-siyasi həyatında fəal iştirakından söz açdı və yubilyara şəhər icra hakimiy­yətinin fəxri fərmanını təqdim etdi. AYB Lənkəran Bölməsinin sədri, yazıçı Qa­far Cəfərli, yazıçı-jurnalist Səyavuş Sü­leymanlı, “Azad Azərbaycan” qəzetinin redaktoru, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, teleaparıcı Camal Mir­zəyev, tədqiqatçı-tarixçi İldırım Şükürza­də, kəndin ziyalılarından Elçin Əhədov və başqaları yazıçıya ən xoş arzularını çatdırdılar. 

Tədbir boyu məktəb şagirdlərinin ifasında yubilyara həsr olunmuş şeirlər səslənib, əsərləri əsasında hazırlanmış səhnəciklər, musiqi və rəqs nömrələri nümayiş etdirildi. Sonda yubilyar Etibar Əhədov çıxış edərək tədbirin iştirakçıla­rına minnətdarlığını çatdırıb. 

Ağaddin BABAYEV
Lənkəran

Mədəniyyət