“...Hara baxırsan Əzimzadə”

post-img

Bugünlərdə dünya şöhrətli həmvətənimiz, Sovet İttifaqı çempionatlarında, Beynəlxalq Futbol Federasiyasının (FİFA) və Avropa Futbol Təşkilatları İttifaqının (UEFA) bayrağı altında keçirilmiş oyunlarda dəqiq, obyektiv hakimliyi ilə etimadı layiqincə doğrultmuş beynəlxalq dərəcəli hakim Eldar Muxtar oğlu Əzimzadənin anadan olmasının ildönümü tamam oldu. Yaşasaydı, 89 yaşı tamam olacaqdı. Təəssüf ki, bu günə gəlib çata bilməmiş, respublikamızda ağır bir gündə, 2003-cü il yanvarın 20-də, ömrünün 69-cu ilində həyatının final işarəsi səslənmiş, futbol Əzimzadəsiz qalmışdır. 

İndi mərhum hakimimizə etibar olunmuş məsul görüşləri nəhəng stadi­onlarda on minlərlə tamaşaçı qarşısın­da necə məharətlə idarə etdiyini yada salanda məmnunluq hissi yaşayırsan. E.Əzimzadə respublikamızda, eləcə də, Moskva, Leninqrad, Kiyev, Minsk, Tbilisi, Daşkənd və SSRİ-nin daha neçə-neçə şəhəri ilə yanaşı, Tunis, Da­nimarka, Belçika, Almaniya, Yunanıs­tan, İtaliya, İspaniya, İsveçrə və bir sıra digər dövlətlərdə də gərgin oyunlardan sonra öz işini yaxşı bilən mahir hakim kimi mütəxəssislərin və azarkeşlərin rəğbətini qazanmışdı. 

Unudulmaz həmyerlimizin hakimlik karyerasının zirvəsi isə 1980-ci ildə Moskvada keçirilmiş XXII Yay Olimpi­ya Oyunlarının futbol turnirinin həlledici final görüşü olmuşdur. “Lujniki stadio­nunda 85 min tamaşaçının izlədiyi və Çexoslovakiya komandasının ADR kollektivinə 1:0 hesabı ilə qalib gəldi­yi oyundan sonra hər iki komandanın məşqçiləri belə bir ümumi fikir söylə­mişdilər ki, meydançada ən yaxşı təsir bağışlayan görüşün hakimi idi. 

Həmin axşam E.Əzimzadə çox təb­riklər qəbul etmiş, FİFA-nın rəhbərlə­rindən, futbol icmalçılarından, müxtəlif ölkələrin təmsilçisi olan həmkarların­dan ünvanına xoş sözlər eşitmişdi.

… Dəfələrlə SSRİ-nin ən yaxşı on hakimindən biri olmuş, üç dəfə isə si­yahıda adı birinci çəkilmiş, 1979-cu ildən FİFA referisi kimi beynəlxalq oyunlara da təyinat almış E.Əzimza­də vəfatından 5 il əvvəl – 1998-ci ildə “Məhəbbətim mənim – futbol” kitabını nəşr etdirmişdir. Müəllif futbol ictima­iyyətimizə xoş xatirələr yaşadan ki­tabında Azərbaycan birinciliklərində, ölkə çempionatlarında, beynəlxalq meydanda idarə etdiyi oyunlar, habelə Azərbaycan Dövlət İdman Komitəsin­də futbol şöbəsinin müdiri, Bakı Bədən Tərbiyəsi Texnikumunda direktor müa­vini kimi gördüyü işlər, keçdiyi uğurlarla dolu yol haqqında ətraflı danışmışdır. 

“Təbrik nidaları” başlıqlı qeydlər­lə tamamlanan kitabda bir çox məş­hur mütəxəssis E.Əzimzadəyə, onun hakimlik dəst-xəttinə rəğbətini səmi­mi-qəlbdən ifadə etmişdir. 

İndi oxuduğunuz məqalə üçün başlığa çıxardığımız sözlər görkəmli mütəxəssis, bir çox il ərzində Mosk­vanın “Spartak” komandasının baş məşqçisi kimi Bakının da qonağı ol­muş, eləcə də, ölkə yığma komanda­sını çalışdırmış Konstantin Beskova məxsusdur. O, 1981-ci ildə keçirilmiş “Spartak”–“Dinamo” (Kiyev) görüşün­dən əvvəl oyunun bakılı hakimə tapşı­rıldığını öyrəndikdə heyrətlə demişdi: “Yenə Əzimzadə… Orda Əzimzadə, burda Əzimzadə. Hara baxırsan Əzim­zadə…”.

Tunisdə yeniyetmələrdən ibarət komandalar arasında dünya birinciliyi (1977-ci il) ərəfəsində isə FİFA prezi­denti Joao Avelanj E. Əzimzadəyə bö­yük ümid bəslədiyini bu sözlərlə ifadə etmişdi: “Cənab Əzimzadə, arzum bu­dur ki, Nikolay Latışevə oxşayasınız”. 

Xatırladaq ki, moskvalı N.Latışev həmin illərdə ölkənin ən məşhur hakimi kimi yüksək nüfuz sahibi idi. 

UEFA prezidenti doktor Artemio Franki də 1979-cu ildə oynanılmış Belçika–Şotlandiya matçından son­ra həmyerlimizin hakimliyinə biganə qalmamışdı: ”Çətin oyunu dəqiq idarə etdiyinizə görə sizə təşəkkürümü bildi­rirəm”. 

Bir az əvvəl xatırlatdığım N.Latışev isə bir dəfə belə demişdi: “Eldar Əzim­zadə həyatda çox sakit və təvazökar insandır. Meydançada isə bakılı hakimi tanımaq olmur”.

Kiyevin “Dinamo” komandasının unudulmaz sol kənar hücumçusu, sonralar da bir çox il ərzində bu klubun baş məşqçisi kimi böyük uğurların sevincini yaşamış Valeri Lobanovski 1980-ci ildə baş tutmuş “Dinamo”–“Spartak” (Moskva) görüşündən sonra oyunun bakılı hakiminə minnətdarlığını bu sözlərlə bildirmişdi: “Eldar, bu oyunda hakimliyinə görə çox sağ ol. Bir də ki, ölkənin 1 nömrəli hakimi seçilməyin münasibətilə səni təbrik edirəm. Mən sənə inanırdım”. 

“Eldar, dünya biriciliyinə yaxşı baş­lamısan, belə də davam elə”. Bu fikri isə 1977-ci ildə Tunisdə yeniyetmələr arasında dünya birinciliyinin startında FİFA-nın vitse-prezidenti Valentin Qra­natkin söyləmişdi. 

Viktor Ponedelnik. Bu ad sovet futbolu tarixində ən məşhur mərkəz hücumçularından biri kimi yaşayır. O, Rostovun OİK komandasının şərəfini qorumuş, SSRİ yığmasında oynamış, hətta sonralar çox populyar “Futbol- Xokkey” həftəliyinin redaktoru da ol­muşdu. Rostovluların 1979-cu il ölkə çempionatında Moskva spartakçıları ilə oyunu mürəkkəb hava şəraitində davam etmişdi. Görüş başa çatdıqdan dərhal sonra Ponedelnik Əzimzadəyə müraciətlə demişdi: “Eldar, səni təbrik edirəm. Çətin havada oyunu əla idarə etdin”. 

“Məhəbbətim mənim – futbol” kita­bının “Təbrik nidaları” hissəsi həmin illərdə UEFA-nın hakimlər komitəsinin sədri olmuş Henrix Zaypertin “Torino” (İtaliya) – “Ştutqart” (AFR) görüşün­dən sonra söylədiyi fikirlə yekunlaşıb: “Cənab Əzimzadə, bu oyuna görə sizə minnətdarlığımı bildirirəm. Çox çətin görüş idi”. 

Bax belə, dünyaca məşhur Eldar Əzimzadə futbol tarixində dəqiq, ob­yektiv, cəsarətli hakimliyinə görə ünva­nına yüzlərlə xoş fikir söylənilmiş unu­dulmaz bir şəxsiyyət kimi yaşayır. 

 

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman