Azərbaycanın ilk qadın Olimpiya çempionu Beynəlxalq “Woman Sport” mükafatına layiq görülüb

post-img

Olimpiya çempionu, Azərbaycan Atıcılıq Federasiyasının və Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Zemfira Meftahətdinovanın 60 illik yubileyinə həsr olunan mərasim keçirilib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayı­bov, digər rəsmilər, Gənclər və İd­man Nazirliyinin, həmçinin müxtəlif federasiyaların nümayəndələri və idmançıların iştirak etdikləri tədbirdə əvvəlcə yubilyarın yubilyarın idmançı karyerasını əks etdirən və təbriklərin yer aldığı videoçarxlar nümayiş olu­nub.

Tədbirdə çıxış edən Çingiz Hüseynzadə yubilyarın Beynəlxalq Olimpiya Komitəsi tərəfindən “Wo­man Sport” mükafatı ilə təltif olundu­ğunu bildirib. Ç.Hüseynzadə həmin mükafatı Zemfira Meftahətdinovaya təqdim edib.

Fərid Qayıbov çıxışında Zemfira Meftahətdinovanın Azərbaycanın ilk qadın Olimpiya çempionu olduğunu qeyd edərək deyib: “Zemfira xanımla son iki ildə daha yaxından tanış ol­muşam. O, həm də çox yaxşı insan­dır, müstəqil Azərbaycanın ilk qadın Olimpiya çempionudur. İstərdim ki, onun qızı da Olimpiya çempionu ol­sun. Zemfira xanımın çalışdığı sahə­də də nailiyyətlərinin davam edəcə­yinə inanıram”.

Tədbirdə Azərbaycan Cüdo Fe­derasiyasının İcraiyyə Komitəsinin üzvü Asif Əsgərov, MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Olimpiya çempionları Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli, veteran idmançılar və id­man ictimaiyyətinin digər nümayən­dələri çıxış edərək yubilyarı təbrik ediblər. 

Sonda çıxış edən Zemfira Mef­tahətdinova tədbirin təşkilini özü üçün böyük hədiyyə adlandırıb. Göz yaşlarına hakim ola bilməyən idman­çı qazandığı uğurlarda məşqçisinin əməyinin böyük olduğunu deyib. 

Olimpiya çempionu sonda Prezident İlham Əliyevə, Birinci vit­se-prezident Mehriban xanım Əliye­vaya minnətdarlığını bildirib. Qeyd edib ki, onların idmana qayğı və diqqəti bu sahədə böyük nailiyyətlə­rin qazanılmasında mühüm rol oyna­yır.

L.QURBANOVA, “Xalq qəzeti”



İdman