“Foto Səhrab Umıyevindir”

post-img

Allah ulu öndər Heydər Əliyevə rəhmət eləsin. Ümummilli liderin nəinki siyasi-diplomatik fəaliyyəti, Azərbaycanın sabahı naminə həyata keçirdiyi çoxsaylı layihələr, gördüyü işlər, hətta, onun adına həsr olunmuş tədbirlər də bizə yeni ideyalar verir, maraqlı mövzular ərsəyə gətirir. 

Bir müddət əvvəl Qəbələ Rayon İcra Hakimiyyətinin və YAP rayon təş­kilatının birgə keçirdiyi “Heydər Əliyev və azərbaycançılıq təfəkkürü” adlı yubi­ley tədbirində Bakıdan dəvət edilmiş üç nümayəndədən biri kimi mən də iştirak edirdim. Rayona bu səfərim redaksiya rəhbərliyinin “Ölkədə yaşayan azsaylı xalqların həyatı, mədəniyyəti və ənənələ­ri ilə bağlı” yazılar hazırlamaq tapşırığının yerinə yetirilməsini də təmin etdi, – “Yaşı yetmişdən çox olan bütün həmkarlarımı­za hörmətlə yanaşmaq, onlar haqqında qəzet materialı hazırlamaq hər birimizin borcudur” – xatırlatmasına cavab olacaq bu sətirlər ərsəyə gəldi. 

Azərbaycan Alban-udi dini icmasının sədri, Bakı Dövlət Universitetinin dosenti Robert Mobili ilə ictimai-siyasi məzmun­lu müsahibəm ötən ay oxuculara təqdim edilmişdi. Bu gün isə hələ ötən əsrin yetmişinci illərinin əvvəllərində rayon­da çıxan “Qalibiyyət” qəzeti üçün gənc “əmək qəhrəmanı” İttifaq Qaçayevin – bu sətirlərin müəllifinin fotosunu dəfələrlə çəkmiş Səhrab Umıyevdən söz açmaq istəyirəm. Onunla ulu öndərin rayon mərkəzindəki abidəsi önünə gül dəstələri qoyduğumuz mərasimdə görüşdük. Ge­ridə qalan illər Səhrab müəllimin görü­nüşünü “redaktə” eləsə də, xasiyyəti, rəftarı 44–45 il əvvəlki gözəlliyini saxla­yır. Elə özü haqqında məlumatları mənə göndərməkdən imtina etməsi də yetmi­şinci illərdəki xasiyyətinin günümüzədək dəyişmədiyini göstərirdi. Ancaq o, mənim xahişimi yerinə yetirməsə də, dəyərli həmyerlimiz Zahir Kərimovdan bəzi ma­terialları ala bildim. 

Xatırladım ki, “Qalibiyyət” qəzeti mə­nim taleyimə heç zaman silinməyəcək qədər möhkəm şriftlərlə yazılıb. Qəzetin yetmişinci illərdəki redaktoru – rəhmətlik Ramazan İsmayılovun imzası və möhürü ilə mənə verilmiş arayışı hələ də saxla­yıram. Orada yazılıb ki, beş il rayon qə­zetinin ştatdankənar müxbiri olmuş İttifaq Qaçayevin gələcəkdə peşəkar jurnalist kimi yetişəcəyinə tam əminik. Zaman sü­but etdi ki, Ramazan müəllim doğru proq­noz veribmiş. 

Doqquzuncu sinifdə oxuduğum ildən Bakıya köçdüyüm günədək hər ayın son bazar günü bu redaksiyada toplaşdığı­mız “Bahar” ədəbi məclisini də heç za­man unuda bilmirəm. Məclisin rəhbəri, şair Tacəddin Şahdağlı, yerli şairlər Şə­rif Tahirli (professor Ədalət Tahirzadənin atası), Şakir Xəyal, istedadlı gənclər (təbii ki, həmin illər üçün) Bumdan Emin Ədilov, Qəmərvandan Həmzət Həmzə­yev, Nohurqışlaqdan Abid Tahirli (indi professordur) , Nicdən Əhməd Əhmədov, Mirzəbəylidən Mirhəsən Ağayev və indi adını xatırlaya bilmədiyim başqa ədəbi yaradıcılıq həvəskarlarının hərəsinin öz yeri var idi. 

Amma Səhrab Umıyevin yeri tamam başqa idi. O, həqiqətən, başqalarından seçilirdi. Allaha şükür ki, indi də seçilir. Məndən cəmi üç-dörd yaş böyük olma­sına baxmayaraq, həmişə ona Səhrab müəllim deyirdim. Buna haqqım da var idi. Çünki o, qəzet redaksiyasında işlə­yirdi, mən isə kolxozda mexanizator idim. Yadımdadır, bir dəfə o, rayon komsomol komitəsi fəallarının fotolarını çəkirdi. Mə­nim fotomu “DT-75” markalı şum trak­torunun tırtılı üstündə çəkmişdi. Amma mən istəyirdim ki, həmin foto “Qalibiyyət” qəzetini oxuduğum məqamda çəkilsin. Səhrab müəllim daha yaxşı məqamı seç­mişdi. 

…Eyni bürcün altında dünyaya gəlmi­şik. Zahir müəllimin göndərdiyi material­da oxuyuram ki, Səhrab Sədi oğlu Umı­yev 1949-cu il fevralın 19-da Vəndam kəndində doğulub. Telefonçu işləyib, Sumqayıtdakı 41 nömrəli texniki peşə məktəbində oxuyub, boru prokati zavo­dunda kəsici işləyib. 1970-ci ilin avqust ayından bugünədək isə “Qalibiyyət” (in­diki “Qəbələ”) qəzetində foto -müxbir iş­ləyir. 1977–1979-cu tədris illərində Azər­baycan Jurnalistlər İttifaqının nəzdindəki Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. Həmin ildən başlayaraq, ölkənin müxtəlif qəzet və jurnallarındakı çıxışlarına start verilib. 

Eyni zamanda bildirilir ki, onun foto və fotoetüdləri “Sovet kəndi”, “Azərbay­can gəncləri”, “Bərəkət” qəzetlərində , “Azərbaycan qadını” , “Kənd həyatı”, “Mədəni maarif işi”, “Azərbaycan təbiəti”, “Kooperativ iscisi” , “Təşviqatci” , “Müxbir” və “Pioner” jurnallarında verilib. Rayonda olanda öyrənmişdim ki, “Qəbələdə regio­nal siyasət bəhrələri və inkişaf istiqamət­ləri” adlı kitabda onun çəkdiyi fotolar da yer alıb. Mükafatlarına gəlincə isə Səh­rab müəllim İbrahim bəy Musabəyovun anadan olmasının 100 illiyi, eləcə də, “Qalibiyyət” qəzetinin birinci nömrəsinin çapdan çıxmasının 50 illik yubileyi müna­sibətilə fəxri fərmanlarla təltif olunub. 

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”



Mədəniyyət