Daşkənddə Xalid Səid Xocayev adına Azərbaycanşünaslıq Mərkəzi açılıb

post-img

Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetində Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində XX əsr türkoloji elminin görkəmli nümayəndəsi, özbək əsilli Azərbaycan alimi Xalid Səid Xocayevin adını daşıyan Azərbaycanşünaslıq Mərkəzinin açılışı olub.

Mərkəzin açılışında çıxış edən Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafının məmnunluq doğurduğunu bildirib, bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib. O, Azərbaycan dili, tarixi, mədəniyyəti, ədəbiyyatının təbliği məqsədilə yaradılmış Mərkəzin tarixi əhəmiyyətini qeyd edib.

Xalid Səid Xocayevin irsinin Azərbaycan və Özbəkistan xalqları üçün ortaq elmi-mənəvi dəyər olduğunu söyləyən akademik Rafael Hüseynov bildirib ki, həyatının böyük hissəsini Azərbaycanda elmi fəaliyyətə həsr edən Xalid Səid Xocayev türkoloji elmin inkişafına mühüm töhfələr vermiş alimlərdən biri kimi tarixdə özünəməxsus yer tutub. Ədibin irsi bu gün də аktuallığını qoruyur və Türk dünyasının ortaq elmi yaddaşının mühüm hissəsi kimi qiymətləndirilməlidir.

Akademik Rafael Hüseynov bu cür mərkəzlərin yaradılmasının gənc nəslin bu irslə daha yaxından tanış olması və elmi biliklərinin genişlənməsi baxımından böyük önəm daşıdığını vurğulayıb.

Mərasimdə qeyd olunub ki, yeni yaradılan Azərbaycanşünaslıq Mərkəzi Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətini əks etdirən kitablar, foto-materiallar və müxtəlif tədris vəsaitləri ilə təmin edilib. Mərkəzin tərtibatında Azərbaycan və Özbəkistanın dövlət bayraqları, görkəmli şəxsiyyətlərin portretləri, Azərbaycanın xəritəsi və digər vizual elementlər yer alıb.

Bildirilib ki, bu mərkəz tələbələrin Azərbaycan dili və mədəniyyəti ilə daha yaxından tanış olması, eləcə də elmi müzakirələrin və birgə layihələrin həyata keçirilməsi üçün mühüm akademik platforma rolunu oynayacaq.
Açılış mərasimində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetinin rektoru Sanjar Adilov iştirak ediblər.

Qabil YUSİFOĞLU
XQ





Elm