Milli Kitabxanada “Milli uşaq ədəbiyyatının görkəmli nümayəndəsi - Abdulla Şaiq” adlı virtual və “Abdulla Şaiq – 145” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
24 fevral 2026-cı il tarixində Milli Kitabxanada tanınmış yazıçı, şair, dramaturq, tərcüməçi və pedaqoq Abdulla Şaiqin anadan olmasının 145 illiyi münasibətilə “Milli uşaq ədəbiyyatının görkəmli nümayəndəsi - Abdulla Şaiq” adlı virtual və “Abdulla Şaiq – 145” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə görkəmli ədibin şeirləri, qəzəlləri, poemaları, pyesləri, hekayələri, povest və romanları, tərcümələri, tərtibçi və redaktor olduğu kitablar, həmçinin Abdulla Şaiqin həyatı, nəsr və tərcümə yaradıcılığı, dramaturgiyası, vətənpərvərlik, etika və tərbiyə, qadın azadlığı məsələlərinə aid baxışları, pedaqoji və ədəbi-tənqidi görüşləri, ev muzeyi və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları və fotolar nümayiş olunur.
Ənənəvi sərgi bir həftə davam edəcək.
Virtual sərgi ilə tanış olmaq istəyənlər
https://anl.az/el/vsb/Abdulla_Saiq/index.htm linkindən istifadə edə bilərlər.
Abdulla Axund Mustafa oğlu Talıbzadə (Abdulla Şaiq) 1881-ci il fevral ayının 24-də Tiflisdə ruhani ailəsində anadan olub. O, Tiflis və Xorasanda təhsil alıb, 1901-ci ildə Bakıya gələrək 1934-cü ilədək Sabunçu və Bakı məktəblərində Azərbaycan dili və şəriət fənlərini tədris edib.
Abdulla Şaiq “Əlifba”, “Uşaq çeşməyi”, “İkinci il”, “Gülzar”, “Milli qiraət”, “Müntəxabat”, “Türk çələngi”, “Ədəbiyyat”, “Türk ədəbiyyatı”, “Gülşəni ədəbiyyat” adlı dərsliklər və proqramlar hazırlayıb.
Abdulla Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri “Laylay” adlı uşaq şeri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb. Bir sıra şeirləri “Dəbistan” və “Məktəb” uşaq-gənclər toplularında çap olunub. Xalq ədəbiyyatını toplayıb araşdıran Abdulla Şaiq bu örnəklər əsasında “Tıqtıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” kimi mənzum nağıllar da yazmış, 1910-cu ildə yazdığı “Gözəl bahar” pyesi ilə milli uşaq teatrının əsasını qoyub.
Nəsr yaradıcılığına 1905-ci ildə romantik “İki müztərib və ya əzab və vicdan” yarımçıq romanı ilə başlayan ədib “Məktub yetişmədi”, “Köç”, “Daşqın”, “İntiharmı, yaşamaqmı”, “Göbələk”, “İblisin huzurunda”, “Dursun”, “Əsrimizin qəhrəmanlar”ı kimi bir çox hekayə, povest və romanlar, “Tələbə və həyat” pyesini qələmə alıb.
Abdulla Şaiq V.Şekspirin “Maqbet” pyesini, C.Sviftin “Qulliverin səyahəti” romanını, A.S.Puşkinin, M.Lermontovun, İ.Krılovun, M.Qorkinin, Nekrasovun əsərlərini dilimizə çevirib.
1990-cı ildən Bakıda Abdulla Şaiqin ev-muzeyi fəaliyyət göstərir. Hazırda Azərbaycan Dövlət Kukla Teatrı Abdulla Şaiqin adını daşıyır.



