Ölkəmizdə data mərkəzlərinin inkişafına “yaşıl” işıq!

post-img

“AzərEnerji” ASC və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) rəqəmsallaşma, kibertəhlükəsizlik və data mərkəzlərinin inkişafı üzrə birgə fəaliyyət istiqamətlərini razılaşdırıblar. Bu barədə XQ-yə “AzərEnerji”dən məlumat verilib.

Bildirilib ki, “AzərEnerji”nin Baş idarəetmə, elm, tədris və laboratoriya mərkəzində İRİA rəhbərliyinin iştirakı ilə görüş keçirilib. Prezident İlham Əliyevin bu il fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na dair müşavirədə verdiyi tapşırıqlardan sonra keçirilən sayca ikinci görüşdə dövlət başçısının 10 dekabr 2025-ci il tarixli 841 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya” çərçivəsində enerji sistemində həyata keçirilən tədbirlər nəzərdən keçirilib.

“AzərEnerji” tərəfindən edilən təqdimat zamanı Elektroenergetika Obyektləri üzrə Operativ Məlumat Sistemi, SCADA və WAMS/WACS sistemlərinin tətbiqi, monitorinq və operativ idarəetmə imkanları barədə məlumat verilib. Bununla yanaşı, monitorinq məqsədilə xüsusi təchiz olunmuş nəqliyyat vasitələri və enerji obyektlərində rəqəmsal nəzarət mexanizmləri diqqətə çatdırılıb.

İRİA nümayəndələri isə təhlükəsizlik və kibertəhlükəsizlik sistemləri, o cümlədən Kiber Təhlükəsizlik Mərkəzinin fəaliyyəti barədə məlumat verərək birgə əməkdaşlıq və ixtisasartırma imkanlarını təqdim ediblər.

Müzakirələr zamanı enerji ilə əlaqəli data mərkəzlərinin enerji təchizatı, strateji obyektlərin yaxınlığında data infrastrukturunun qurulması, fiber-optik şəbəkənin inkişafı və “AzərEnerji”nin myGov.az platforması ilə inteqrasiyası məsələləri də əhatə olunub. Qeyd edilib ki, inteqrasiya mərhələli şəkildə həyata keçiriləcək və istifadəçi sayının artırılması nəzərdə tutulur.

XQ

İqtisadiyyat