Şəki şəhər Heydər Əliyev Mərkəzində AMEA-nın Şəki Regional Elmi Mərkəzi (REM) tərəfindən ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə “Heydər Əliyev elmin keşiyində” mövzusunda tədbir keçirib.
Əvvəlcə Ulu öndərin həyat və ictimai-siyasi fəaliyyətini əks etdirən sərgiyə baxış olub.
Daha sonra dahi lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şəki REM-in Tarix və epiqrafika şöbəsinin elmi işçisi Elçin Vəliyev geniş məruzə ilə çıxış edərək, ulu öndər Heydər Əliyevin zəngin həyat yolu, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin siyasi, sosial və iqtisadi inkişafına verdiyi mühüm töhfələr haqqında məlumat verib. O, Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində həyata keçirdiyi islahatları, milli dövlətçiliyin möhkəmlənməsinə yönəlmiş addımlarını və müasir Azərbaycanın formalaşmasındakı tarixi rolunu xüsusi qeyd edib.
Məruzəçi Ümummilli liderin siyasi yolunun bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirildiyini bildirib. Çıxışında 2020-ci ildə qazanılmış şanlı Zəfərin əsasında Ulu öndərin müəyyənləşdirdiyi strateji xəttin, ölkənin hərbi, siyasi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi istiqamətində atdığı addımların dayandığını qeyd edib.
Şəki REM-in Ədəbi-mədəni mühit və folklor şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Yusifova çıxış edərək ümummilli lider Heydər Əliyevin elmə və mədəniyyətə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib. O, Ulu öndərin Azərbaycanda elmi potensialın gücləndirilməsi, mədəni irsin qorunması və ədəbi mühitin inkişafı istiqamətində həyata keçirdiyi mühüm layihələri xatırladıb, bu siyasətin bu gün də uğurla və qətiyyətlə davam etdirildiyini diqqətə çatdırıb.
Sonda ulu öndər Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Qabil YUSİFOĞLU
XQ




.jpg)

