Azərbaycanda aparılan arxeoloji tədqiqatlar barədə Tokioda elmi sərgi keçirildi

post-img

Yaponiyanın paytaxtı Tokio şəhərində Azərbaycan və Yaponiya arxeoloqlarının  əməkdaşlığı çərçivəsində aparılan elmi tədqiqatların nəticəsinə həsr edilmiş elmi tədbirlər silsiləsi keçirilib. Tədbirlər elmi müzakirələri və Azərbaycanın Qazax rayonunda yerləşən Damcılı mağarasının elmi əhəmiyyətini ictimaiyyətə tanıdan sərginin təşkilini ehtiva edib. Tokio Universiteti və Universitet Muzeyinin dəvəti ilə tədbirlərdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, doktorant Ülviyyə Səfərova, Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev də iştirak ediblər.

Azərbycandan olan ziyarətçilər Tokio Universitet Muzeyinin, həmçinin, İntermediateka  muzeyinin (JP Tower Intermediatheque / IMT) müxtəlif dövrlərə və regionlara aid eksponatları ilə tanış olublar. Eyni zamanda səfər çərçivəsində tədqiqatçılar və alimlərin iştirakı ilə keçirilən elmi seminarda  Prof. Yoşihiro Nişiaki Azərbaycanın qərb bölgəsində aparılan elmi-tədqiqat işləri ilə bağlı geniş məruzə ilə çıxış etdi.

Qeyd etmək lazımdır ki, 2015-ci ildə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Tokio Universiteti arasında imzalanan memoranduma əsasən Yaponiya - Azərbaycan birgə beynəlxalq arxeoloji ekspedisiyası təşkil edilmişdir. Tədqiqatların başlıca məqsədi - Cənubi Qafqaz regionunun Orta Kür hövzəsində mezolitdən neolitə keçidin tədqiqi ilə yanaşı paleolit və mezolit ovçu-yığıcıların sosial-iqtisadi həyatı haqqında məlumat əldə etmək idi. 2016-2019-cu və 2022-ci  illərdə baş tutmuş arxeoloji  tədqiqatlara Yaponiya tərəfdən Tokio Universitetinin professoru, Tokio Universitet Muzeyinin direktoru Yoşihiro Nişiaki rəhbərlik etmişdir. Azərbaycan tərəfdən ekspedisiyaya müxtəlif illərdə t.ü.f.d. A.Ə. Zeynalov, t.ü.f.d. M.M. Mansurov və t.ü.f.d. Y.Məmmədov həmrəhbər olublar. Bu qazıntılar Damcılı mağarasının Cənubi Qafqazın nadir çoxtəbəqəli arxeoloji abidəsi olduğunu sübut etməyə imkan yaradıb və bir sıra elmi məsələlərin həllinə öz töhfəsini verib.

















Elm