Dekabrın 6-da 6 dövlət orqanında inzibati vəzifələrin 2 və 4-cü təsnifatlarına uyğun olan 9 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 2-si inzibati vəzifələrin ikinci təsnifatına, 7-si dördüncü təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin aparatlarında şöbə müdiri vəzifələridir.
Qanunvericiliyin tələblərinə uyğun olaraq daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər dekabr 6-dan 20-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.