Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair – 2024) keçirilir.
Builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunub. Sərgidə 19 ölkədən 47 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) AMEA-nın stendində öz nəşrləri ilə təmsil olunur.
MEK direktoru dosent Hüseyn Hüseynov və əməkdaşlar beynəlxalq sərgidə müxtəlif platformalarda, eyni zamanda təqdimatlarda fəal iştirak ediblər. MEK rəhbəri oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümü ilə əlaqədar Cəbrayıl şəhərində keçiriləcək sərgiyə təqdim edilmək üçün “Mədəniyyət Könüllüləri” İctimai Birliyinə kitablar hədiyyə edib.
MEK-in tərtibatında 2024-cü il ərzində işıq üzü görmüş kitablar, monoqrafiyalar və biblioqrafiyalar stendi ziyarət edən qonaqlara təqdim edilir. Bunların sırasında “Heydər Əliyevin aforizmləri” audiodiski (Azərbaycan və ingilis dillərində), “Görkəmli dövlət xadimi Heydər Əliyev”, “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə olan “Azərbaycan ekologiyası”, Qayıdış Konsepsiyasına həsr edilmiş “Qərbi Azərbaycan”, “Azərbaycanın elm və mədəniyyət xadimləri” silsiləsindən “Ziya Bünyadov”, “Böyükağa Əzimov”, “Tofiq Nağıyev”, “Tariyel Talıbov”, “İlham Ələkbərov” və digər adda biblioqrafik göstəricilər, “İnformasiya bülleteni”, “Təbiət bir kitabdır” adlı aforizmlər toplusu və başqa dəyərli nəşrlər yer alıb.
Qeyd edək ki, cari ilin sentyabr ayında fəaliyyətə başlamış “MEK könüllüləri” də öz növbəsində AMEA-nın stendini ziyarət edənləri məmnunluqla qarşılayır, nəşrlər haqqında dolğun məlumat verirlər.