İyunun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçiriləcək.
DİM-dən bildirilib ki, imtahan vermək üçün 1373 namizəd qeydiyyatdan keçib. Onlardan 1036 nəfəri Azərbaycan, 337 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 543 nəfəri oğlan, 830 nəfəri qızdır. 223 nəfər cari ilin, 522 nəfər əvvəlki illərin məzunudur. 628 nəfər isə növbəti illərdə məzun olacaq. On üç nəfər xarici ölkə vətəndaşıdır.
Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahan saat 10:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.
İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- İmtahana buraxılış vərəqəsi.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Binaya mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahanların keçirilməsi üçün 6 bina, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 119 nəzarətçi, 18 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.