AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu beynəlxalq əlaqələr sahəsində səmərəli fəaliyyətini artırmaqdadır.
XQ xəbər verir ki, Türk Dil Qurumu bu günlərdə Şərqşünaslıq İnstitutunun müraciətlərinə cavab olaraq, 50 adda yüksək elmi və tarixi dəyəri olan, nəfis tərtibatlı kitabı instituta hədiyyə edib. Sözugedən nəşrlər Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi tərəfindən instituta çatdırılıb.
Şərqşünas alimlərin elmi araşdırmaları üçün əhəmiyyətli olan kitablar sırasında müxtəlif tipli tarixi və müasir lüğətlər, mənbələr, elmi tədqiqatlar yer alır.
Dəyərli leksikoqrafik əsərlər sırasında Mahmud Kaşqarlının “Divani lügat-it Türk”, Müəllim Nacinin “Lügat-i Naci”, Şəmsəddin Saminin “Kamusi-i Türki” əsərlərini, eləcə də müxtəlif müəlliflərin müxtəlif tipli müasir lüğətləri sırasında “Türkcə bitki adları lüğəti”, “Türkiyədə xalq danışıq dili lüğəti”, “Türkcə lüğət”, “Türk dilində qərb mənşəli sözlər lüğəti”, “Türk dillərində qohumluq bildirən sözlər”, “Türk dilinin etimologiya lüğəti”, “Türk mifologiya lüğəti”, “Türk atalar sözləri lüğəti” və s. qeyd etmək olar.
Hədiyyə edilən kitablar arasında “Dədə Qorqud dastanı” ilə bağlı bir neçə dəyərli kitab var. Bunların sırasında Sadəttin Özçelikin giriş mətni və qeydləri ilə “Dədə Qorqud”un Drezden əlyazması, Ergin Muharremin “Dədə Qorqud kitabı”, Mustafa Kaçalının “Oğuzların diliylə Dədəm Qorqud kitabı” və digər dəyərli nəşrlər var.
Şərqşünas alimlərin ixtiyarına Qazi Bürhanəddinin “Divan”ı, Yusuf Hacib Balasaquninin “Kutadqu Bilik”inin Vyana, Fərqanə və Qahirə nüsxələri, Aşıq Paşanın “Qəribnamə”si kimi qiymətli kitablar verilib.
Əhəmiyyətli elmi əsərlər sırasında A.Dilaçarın “Türk dilinə ümumi baxış”, Tələt Tekinin “Orhon yazıları”, Mertol Tulumun “17-ci əsr türkcəsinin söz varlığı”, Zeynep Korkmazın “Turkiyə türkcəsinin təməli Oğuz türkcəsinin inkişafı”, Yavuz Kartallıoğlunun “Osmanlı danışıq dili” və s. kitablar yer alır.
Anar ƏLİ
XQ