Azərbaycan-Türkiyə əməkdaşlığı Qafqazda sabitlik üçün vacib amildir

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin seçildikdən sonra ilk xarici səfərini qardaş Türkiyəyə etməsi iki ölkə arasında münasibətlərin səviyyəsinin göstəricisidir. Bu artıq ənənə halını almış çox mühüm bir prosesdir. Bu cür səfərlər dövlətlər arasındakı münasibətləri tarixin ən yüksək səviyyəsinə çıxarıb.

Səfər zamanı siyasi, hərbi, iqtisadi, ticarət, mədəniyyət, enerji və s. sahələrdə olan mövzuların diqqətdə saxlanılması münasibətləri daha da inkişaf etdirəcək.

İki ölkənin strateji müttəfiqliyi bir sıra sənədlərlə, xüsusilə də Şuşa Bəyannaməsi ilə möhkəmlənib. İstər regional, istər beynəlxalq məsələlərdə dövlətlərin bir-birinə dəstək verməsi, dünyada sülhün, ədalətin qorunması baxımından çox mühümdür.

Prezident İlham Əliyev andiçmə mərasimində ölkəmizin prioritetlərini elan etdi. Çıxışdan bəlli oldu ki, bu sırada Türk Dövlətləri Təşkilatı çərçivəsində görüləcək işlər, TDT-nin gücləndirilməsi əsas yerlərdən birini tutur. Azərbaycanla Türkiyə TDT çərçivəsində, bu təşkilatın formalaşmasında və inkişafında birgə çox mühüm işlər görürlər. Bundan sonrakı əməkdaşlıq məsələləsinin bu təşkilatı daha da gücləndirəcəyi, regional miqyasdan qlobal miqyaslı bir aktora çevirəcəyi şübhəsizdir.

Səfər zamanı Zəngəzur dəhlizi, onun açılması, bu imkandan yararalanaraq iki ölkənin görəcəyi işlər, enerji təhlükəsizliyi, qarşılıqlı ticarətin həcminin artırılması, hərbi əməkdaşlıq məsələlərinin gündəmdə olması qarşıdakı tarixlərdə yeni imkanlar açacaq.

Qafqaz, onun sabitliyi burada mövcud olan ölkələrin, onların sülh üçün çalışan qonşularının diqqət mərkəzində olmalıdır. Bu baxımdan, Azərbaycan-Türkiyə əməkdaşlığı Qafqazda sabitliyin təmin olunmasında, Qafqaz Evinin qurulmasında və buraya kənar müdaxilələrin qarşısının alınmasında da mühümdür.

Mübariz GÖYÜŞLÜ,

Müasir İnkişaf Birliyinin sədri, BDU-nun müəllimi, siyasi şərhçi

 

Siyasət