AMEA-nın Kimya Elmləri Bölməsi ötən illə bağlı hesabat verib

post-img

AMEA Rəyasət Heyətinin Kimya Elmləri Bölməsinin (KEB) 2023-cü il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, bölmənin ümumi yığıncağının üzvləri, bölmənin əhatə etdiyi elmi müəssisələrin baş və icraçı direktorları, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, elmi şöbə və laboratoriyaların rəhbərləri, ictimaiyyətlə əlaqələr, təhsil, beynəlxalq əlaqələr və digər şöbələrin müdirləri, Gənc Alim və Mütəxəssislər şuralarının sədrləri və aidiyyəti şəxslər iştirak ediblər.

Əvvəlcə bölmənin əhatə etdiyi elmi müəssisələrdə 2023-cü il üzrə əldə olunan nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq bu gün AMEA-da dövlət başçısının çağırışlarına və müasir dünya elminin prioritet istiqamətlərinə uyğun tədqiqatların aparıldığını bildirib.

Sonra AMEA-nın vitse-prezidenti, AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi şurasının sədri akademik Dilqəm Tağıyev bölmənin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsini təqdim edib. O, diqqətə çatdırıb ki, 2023-cü ildə Kimya Elmləri Bölməsinin əhatə etdiyi elmi müəssisələrdə 12 problemə aid 41 mövzuya dair 124 tədqiqat işi, 162 mərhələ aparılıb, 2 mövzu, 64 iş, 59 mərhələ tamamlanıb və bu tədqiqatlardan 10-u tətbiq olunub.

Sonra Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov, Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev, Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Abel Məhərrəmov, Polimer Materialları İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, ETN Yüksək Texnologiyalar Parkının baş direktoru iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev çıxış edərək təmsil etdikləri qurumlarda əldə olunan mühüm nəticələri diqqətə çatdırıb, bölmənin 2023-cü ildəki fəaliyyətini yüksək qiymətləndiriblər.

XQ

Elm