“MathCamp 2023” riyaziyyat düşərgəsinə qeydiyyat yenidən başlayır

post-img

Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi təşkilatçılığı ilə "Tələbələrin İnkişaf və Əməkdaşlıq Platforması" layihəsi çərçivəsində Quba rayonunda “MathCamp 2023” adlı riyaziyyat düşərgəsinin növbəti mövsümü başlayır. 

"Xalq qəzeti"nə verilən məlumata görə, düşərgənin keçirilməsində əsas məqsəd tələbələr arasında riyazi təfəkkürün inkişafı üçün yeniliklərə yol açan idrak fəaliyyətinin formalaşdırılması, riyaziyyatın yeni təlim texnologiyalarından istifadə edərək tələbələrdə məntiqi təfəkkürü, təsvir və ixtiraçılıq bacarığının inkişaf etdirilməsi, elmi dünyagörüşünün və  riyazi nəzəri, praktik biliklərinin gücləndirilməsidir.

Düşərgədə kimlər qeydiyyatdan keçə bilər: Ali təhsil müəssisələrinin riyaziyyat, fizika və əlaqəli ixtisaslarında 

🔹 bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələr;

🔹 magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr;

🔹 qeyd edilən ixtisaslar üzrə son 3 il ərzində məzun olmuş şəxslər.

Düşərgə çərçivəsində təcrübəli müəllim və ekspertlər tərəfindən inteqrativ təlimə, alqoritmik yanaşmaya, məsələlər həllinə və ali riyaziyyat elementlərinin öyrənilməsinə istiqamətlənmiş xüsusi dərslər, seminarlar və vorkşoplar təşkil ediləcək.

Məlumat üçün bildirək ki, fevral ayında keçirilməsi nəzərdə tutulan riyaziyyat düşərgəsinin təxirə salınmasının əsas səbəbi müraciət edən namizədlərin böyük əksəriyyətinin ixtisaslarının qeyd edilən istiqamətlə uzlaşmamasıdır. Düşərgədə iştirak üçün öncədən qeydiyyatdan keçən və imtahanda iştirak edən namizədlər yenidən müraciət edə bilərlər. 

Düşərgədə iştirak etmək istəyən namizədlər 8 mart 2023-cü il tarixinədək https://forms.gle/jfM93oR2BZCvBBYP7 linki vasitəsilə qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərinin yoxlanılması məqsədilə qiymətləndirmə mərhələsində iştirak etməlidir. Uğurlu nəticə əldə edən namizədlərə düşərgə haqqında ətraflı məlumat təqdim olunacaq. 

Elm