Təhlükəsiz gələcəyin əlçatanlığını iqlim maliyyəsi diktə edəcək

post-img

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Brukinq İnstitutunun Qlobal İqtisadiyyat və İnkişaf Proqramının onlayn konfransındakı çıxışında COP29-un Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirdiyini və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə böyük töhfə verdiyini bildirib.

O, Azərbaycan mediasına müsahibəsində isə COP29-un qlobal dünya əhəmiyyətli tədbir olduğunu bildirərək, iqlim dəyişmələrinin ətraf mühitə, iqtisadiyyata, insanların sağlamlığı və təhlükəsizliyinə ciddi təsir göstərdiyini də vurğulayıb: “COP29 ölkələrə bir araya gəlməyə, iqlim dəyişmələri problemlərini müzakirə etməyə, istixana qazlarının həcminin azaldılması üçün birgə hərəkətlər barədə tədbir və qərarları qiymətləndirməyə, yenilərini qəbul etməyə əlverişli şərait yaratdı. Bu isə onu deməyə əsas verir ki, СОР29 Azərbaycan Sədrliyi əsas beynəlxalq ekoloji sazişlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının və Paris İqlim Sazişinin həyata keçirilməsi üzrə danışıqlar prosesində böyük uğura imza atdı”.

Saymon Stilin sözlərinə görə, COP29 qlobal iqtisadiyyatın və milyardlarla insanın həyatının iqlim dəyişikliyinin fəlakətli təsirlərindən xilas edilməsində iqlim maliyyəsinin oynadığı aparıcı rolu qəbul edən konfrans kimi yadda qalacaq. Maliyyə bazarlarında özəl investisiyaların cəlb edilməsi və “yaşıl” investisiyalar üçün stimulun yaradılması mexanizmlərinin bundan sonra da nəzərdən keçirilməsi daim diqqətdə saxlanılacaq. Bütün bunlarla bərabər, sessiyada iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsinin operativ surətdə artırılması və beynəlxalq karbon bazarlarının ümumi rifaha xidmət etməsini gerçəkləşdirmək istiqamətində hərtərəfli müzakirələr aparıldı.

İqlim maliyyəsinin iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynadığını vurğulayan COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev isə jurnalistlərə açıqlamasında 29-cu iqlim konfransında əsas prioritet olan iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi qəbul olunduğunu mühüm uğur kimi dəyərləndirib: “Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək, ən azı, 300 milyard ABŞ dollarına çatdırılması təmin ediləcək. Bu vəsait dövlət, özəl, habelə çoxtərəfli mənbələr daxil olmaqla bütün mümkün mənbələr hesabına təmin olunacaq. Sənəd inkişaf etməkdə olan ölkələri könüllülük prinsipi əsasında iqlim maliyyəsinə töhfə verməyə çağırır”.

Yeri gəlmişkən, sammitin bağlanış plenar iclasında Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi razılaşmasını elan edib. BMT-nin İqlim Sammiti üçün COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur əvvəlki 100 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcəkdir.

Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il, ən azı, 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bu, COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsidir. Burada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilir. Bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini tapıb.

Bu irəliləyişlər çoxtərəfli iqlim fəaliyyətində ən mürəkkəb və mübahisəli vəzifələri yerinə yetirmək üçün Azərbaycan Sədrliyinin aylarla davam edən intensiv diplomatiyasının məntiqi nəticəsidir. Bu qərarlar 1,5C məqsədinə çatmaq üçün vasitələrin təmin edilməsində xüsusi əhəmiyyətə malik addımlardır. COP29-un prezidenti Muxtar Babayevin sözlərinə görə, bütün dünya Bakıya gələndə bir çox insanlar Azərbaycanın bütün bunlara nail ola biləcəyinə şübhə ilə yanaşırdılar. Onlar tərəflərin razılığa gələ biləcəklərinə inanmırdılar. Hər iki məsələdə yanılma isə artıq hər kəsə bəllidir.

 

Ekologiya