Bakıda yanmış qazların 75 faizi avtomobillərin payına düşür
“Təmiz Şəhər” ASC-nin şöbə müdiri Mirzə Laçınov bildirib ki, Bakıda atmosferə atılan zəhərli qazların 75 faizi məhz nəqliyyat vasitələrinin payına düşür. Onun sözlərinə görə, yararsız və istismar müddəti bitmiş avtomobillərin tullantıya çevrilərək ətraf mühiti çirkləndirməsi hazırda bütün dünyada ciddi problem sayılır: “Əksər ölkələr bu cür nəqliyyat vasitələrinin zərərsizləşdirilməsi istiqamətində müxtəlif proqramlar tətbiq edir. Vəziyyətdən səmərəli çıxış yollarından biri də həmin avtomobillərin utilizasiyasıdır”.
Şöbə müdiri vurğulayıb ki, utilizasiya proqramlarının dövlət səviyyəsində həyata keçirilməsi ətraf mühitin qorunması baxımından mühüm önəm daşıyır. Bunu zəruri edən əsas səbəb köhnəlmiş və yararsız nəqliyyat vasitələrinin havanın, o cümlədən torpağın və su mənbələrinin çirklənməsində payının artması, onların zəruri ekoloji tələblərə əməl edilmədən pərakəndə utilizasiyası zamanı ətraf mühitə dəyən ziyandır.
Tədqiqatlar göstərir ki, ölkəmizdə nəqliyyat vasitələrindən atmosferə atılan təkcə karbon oksidlərinin miqdarı il ərzində 700 min tona yaxındır. Bu isə nəqliyyat vasitələrinin ekoloji normalara cavab verməsinin ciddi nəzarətdə saxlanmasını tələb edir.
M.Laçınov qeyd edib ki, köhnəlmiş nəqliyyat vasitələri hərəkətin təhlükəsizliyi baxımından da risklər yaradır: “Texniki təhlükəsizlik tələblərinə cavab verməyən nəqliyyat vasitələri yol-nəqliyyat hadisələrinin, o cümlədən bədbəxt hadisələrin sayının artmasına səbəb olur. Bu, nəzərə alınaraq onların utilizasiyasının dövlət səviyyəsində idarə edilməsi artıq müasir dövrün tələbidir. Hər il ölkəmizdə istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlir və yol-nəqliyyat hadisələri nəticəsində yararsız hala düşür”.
Şöbə müdiri əlavə edib ki, hər il orta hesabla 1600-dən çox yol-nəqliyyat hadisəsi baş verir ki, bu da nəticədə yararsız nəqliyyat vasitələrinin sayının artmasına təsir göstərir. 2023-cü ilin statistik məlumatlarına əsasən, ölkəmizin nəqliyyat parkının yalnız 15 faizə qədərini istehsal-buraxılış ili 10 ilə qədər olan nəqliyyat vasitələri təşkil edir. Bu rəqəmin özü də nəqliyyat parkının yenilənməsi üçün tədbirlərin həyata keçirilməsini zərurətə çevirir.
M.Laçınovun sözlərinə görə, ölkə Prezidentinin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi nəzərdə tutulub: “Dövlət Proqramının Tədbirlər Planının 7.3.7.1-ci bəndinə əsasən, sənədin tətbiqində 3 əsas istiqamət müəyyənləşdirilib. Bunlar yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq və yerli avtomobil istehsalını stimullaşdırmaqdır. Proqramın hazırlanmasında 15-ə qədər dövlət orqan və qurumu, o cümlədən xeyli sayda aidiyyəti mütəxəssis və ekspert iştirak edib, bir sıra ölkələrin təcrübələri araşdırılıb. Həmçinin proqramın tətbiqi ilə əlaqədar mövcud qanunvericiliyə yeni müddəalar əlavə edilib, ümumilikdə, 10-dan çox qanunvericlik aktına dəyişiklik və əlavələr olunub.
Proqramın əsas məqsədi köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını gerçəkləşdirməkdir. Bu baxımdan onun əsas predmeti ilkin istifadə xüsusiyyətlərini itirib, mənəvi və fiziki cəhətdən köhnələn, o cümlədən yol hərəkətində istifadəyə yararsız olmaqla tullantı kimi xarakterizə olunan nəqliyyat vasitələridir.
Bütün bunlar nəzərə alınaraq əsas aidiyyəti normativ–tənzimləyici müddəalar öz əksini “Tullantılar haqqında” qanunda tapıb. Bununla belə, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirildiyindən tullantı xüsusiyyətlərinə uyğun gəlməyən, tam və ya qismən yararlı nəqliyyat vasitələri də onların sahibləri tərəfindən öz istəkləri əsasında utilizasiyaya verilə bilər.
Proqram birdəfəlik ödəniş və yerli istehsal olunmuş yeni nəqliyyat vasitələrinin satın alınmasında güzəşt kimi stimullaşdırıcı tədbirlərin tətbiqini də özündə ehtiva edir. Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə www.nvu.gov.az elektron portalı hazırlanaraq ictimaiyyətə təqdim olunub.