COP29-un Yaşıl Zonasında fəaliyyət göstərən sərgi pavilyonunda stend ilə təmsil olunan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin baş investisiya direktoru Tomas Brostrom jurnalistlərə açıqlamasında iqlim konfransının Bakı kimi gözəl bir şəhərdə keçirilməsindən məmnun olduğunu bildirib.
Ötən il Dubayda reallaşan COP28-lə builki COP29-u müqayisə edən Tomas Brostrom vurğulayıb ki, regionda ilk dəfədir ki, belə genişmiqyaslı və olduqca əhəmiyyətli tədbir keçirilir: “Şirkətimizin Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olması da təsadüfi deyil. Çünki bu məsələdə Azərbaycanla ikitərəfli dövlətlərarası əlaqələr böyük əhəmiyyətə malikdir. “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının inşasını reallaşdıran və bu sahədə böyük təcrübəsi olan, eləcə də səmərəli fəaliyyəti ilə dünyada tanınan “ACWA Power” şirkətinin indiyədək tikintisini gerçəkləşdirdiyi stansiyaların enerji istehsalının gücü 42 min meqavatdan çoxdur”.
T.Brostromun sözlərinə görə, son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, əlverişli investisiya iqlimi, xarici investisiyaların qorunması, bu ölkənin uğurlu inkişafı və sabitliyi də hər bir investor üçün önəmli rol oynayır. Beləliklə, böyük nüfuza malik “ACWA Power”nin Azərbaycanda fəaliyyətə başlaması–Xızı rayonunda 240 meqavat gücündə külək elektrik stansiyasının tikilməsi qərarını verməsi də məhz qeyd edilən sabitlik və cəlbedici investisiya amili ilə bağlıdır.
Qeyd edək ki, Azərbaycanın isə belə bir enerji layihəsinə xüsusi önəm verməsi təsadüfi deyil. Çünki respublikamız müstəqillik dövründə bu istiqamətdə bir sıra layihələri uğurla gerçəkləşdirib. Digər tərəfdən, ölkəmizin alternativ və bərpaolunan enerji potensialı ilə zəngin olması artıq öz təsdiqini tapıb. Belə ki, son tədqiqatlar Azərbaycanın quru ərazisində 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun isə 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı dağ çaylarının payına düşür. Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə, ölkəmizin bərpaolunan enerji sahəsində potensialı 200 qiqavata yaxın qiymətləndirilir.