Qlobal iqlim böhranı dünyanı hərəkətə gətirib

post-img

BMT-nin iqlim dəyişmələri üzrə icraçı katibi Saymon Stil Bakıda keçirilən İqlim dəyişmələri ilə mübarizə üzrə Dünya Liderlərinin Sammitinin açılışında qlobal iqlim böhranı ilə bağlı mövqedə əsaslı dəyişiklik baş verdiyini qeyd edib.

BMT-nin iqlim dəyişmələri üzrə icraçı katibinin sözlərinə görə, əvvəllər iqlim dəyişikliyinə qarşı tədbirlərin əsasən, gələcək nəsillərin xilasına yönəldiyindən danışırdıq. Lakin iqlim böhranı ilə bağlı mövqedə əsaslı dəyişiklik baş verib. Çünki iqlim böhranı sürətlə iqtisadiyyatların “qatilinə” çevrilir. 

Hazırda iqlim dəyişikliklərinin nəticələri bir çox ölkələrin ÜDM-nin 5 faizinə qədər azalmasına səbəb olur. İqlim problemi yaşayış xərcləri böhranıdır. Çünki iqlim fəlakətləri ev təsərrüfatlarının və müəssisələrin xərclərinin artmasına gətirib çıxarır.

O qeyd edib ki, bütün ölkələr daha cəsarətli tədbirlər görməzsə, iqlim dəyişikliyinin artan təsirləri inflyasiyanın partlayışına səbəb olacaq: “Pandemiyadan dərs aldıq. Milyardlarla insan kollektiv tədbirlər yetərincə tez qəbul edilmədiyi üçün əziyyət çəkdi. Təchizat zəncirləri dağıldı. Bu səhvi təkrarlamayaq. İqlim maliyyələşdirilməsi inflyasiyadan qlobal sığortadır. Əsas iqlim xərcləri ən böyük “xalq düşməni” olmalıdır. Bu məsələnin hökumətlərin gündəmində ilişib qalmasına icazə versək, bu, fəlakətlə nəticələnəcək. Amma məsələ yalnız iqtisadiyyatı və əhalini xilas etməkdən ibarət deyil”.  

Ekologiya