“Haber Global”
“Haber Global” telekanalının baş meteoroloqu Bünyamin Sürmeli çıxışında dünyada iqlim dəyişikliyinin ciddi fəsadları ilə üzləşildiyini və bunun Azərbaycan, İspaniya, İtaliya kimi ölkələrin quraqlıq nümunəsində daha çox nəzərə çarpdığını bildirib.
“Planet tarazlıq tapmağa çalışır, lakin antropogen fəaliyyətin nəticələri bu tarazlığı təhlükə altına alır”, – deyə Sürmeli vurğulayıb. O, COP29-da daha təmiz istehsal texnologiyalarına keçid üçün maliyyələşdirmə və qanunvericilik tədbirləri ilə bağlı məsələlərin diqqətdə saxlanıldığını qeyd edib.
Telekanal COP29-da Türkiyə pavilyonunun açılışını da işıqlandırıb, ətraf mühit və iqlim dəyişikliyi naziri Murat Kurumun çıxışındakı məqamları tamaşaçılara xatırladıb. Eyni zamanda, Türkiyənin COP29-da iqlim dəyişikliyi ilə mübarizə üzrə strateji layihələri barədə fikirlərini diqqətə çatdırıb.
B.Sürmeli iqlim konfransının Azərbaycanla qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün əhəmiyyətini vurğulayaraq, Türkiyənin tədbirdə “güclü komanda” ilə iştirak etdiyini söyləyib.
“Cumhuriyet”
Türkiyənin aparıcı media orqanlarından biri olan bu nəşr COP29 gündəliyi və əhəmiyyəti barədə oxuculara məlumat verib.
Qəzetdə “yaşıl” texnologiyalar və iqlim dəyişikliyi ilə mübarizədə ayrı-ayrı dövlətlərin addımlarının müsbət qiymətləndirilməsinin zəruriliyi vurğulanıb.
Nəşr bu yay dünyada demək olar ki, hər gün qeydə alınan anomal istiləri xatırladaraq iqlim dəyişikliyinin insanların içməli suya çıxışını çətinləşdirdiyini, quraqlıqların artdığını və havanın keyfiyyətinin pisləşdiyini diqqətə çatdırıb.
İnkişaf etməkdə olan ölkələrə verilən iqlim maliyyələşdirilməsi vədlərinin tam yerinə yetirilməməsi baxımından 2024-cü ilin iqlim dəyişikliyi gündəliyi üçün heç də yaxşı il olmadığını vurğulayan “Cumhuriyet”, eyni zamanda, “yaşıl” texnologiyaların və ayrı-ayrı ölkələrin səylərinin iqlim gündəliyinə müsbət töhfəsini də yüksək dəyərləndirib, COP29-u insan sağlamlığı və planetin gələcəyi baxımından ilin əsas ekoloji hadisəsi adlandırıb.
“Petra”
İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyi “Bakının COP29 konfransına evsahibliyi etməsi “yaşıl” gələcəyə doğru bir addımdır” sərlövhəli məqalə yayımlayıb. Məqalədə Prezident İlham Əliyevin COP29-un iqlim böhranının praktik həlli yollarını asanlaşdırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığı gücləndirəcəyinə ümidvar olduğu vurğulanıb.
Həmin əlamətdar hadisənin qlobal ictimaiyyətin iqlim dəyişikliyi ilə mübarizə səylərini gücləndirdiyi bir vaxta təsadüf etdiyi, konfransda innovativ təmiz enerji həllərinin nümayiş olunacağı, COP29-a evsahibliyi etməyin Azərbaycanın beynəlxalq imicini artırdığı, eyni zamanda, ölkəmizin Cənubi Qafqaz regionunda sülhə və sabitliyə sadiqliyi vurğulanıb, ekoloji tərəqqiyə nail olmaq üçün daha geniş missiyanın bir hissəsi kimi davamlı sülh və təhlükəsizliyə şərait yaratmaq səyləri qeyd edilib.
“RTS”
Serbiyanın “RTS” radio-televiziya kanalı Bakının evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının birinci günü ilə bağlı reportaj yayımlayıb.
Reportajda Bakı Olimpiya Stadionunun iqlim konfransının əsas məkanı olduğu, 200-dək ölkənin tədbirdə dövlət və hökumət başçıları, ekspertlər və digər nümayəndələrlə təmsil edildiyi bildirilib. İştirakçıların karbon qazı emissiyalarının məhdudlaşdırılması və qlobal istiləşmə səviyyəsinin azaldılması yollarını müzakirə edəcəkləri vurğulanıb.
Serbiya Prezidenti Aleksandar Vuçiçin COP29-da iştirak etmək üçün ölkəmizə səfərə gəldiyi və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyü də diqqətə çatdırılıb. Aleksandar Vuçiçin jurnalistlərə açıqlamasında Prezident İlham Əliyevlə görüşdə Serbiya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın təkmilləşdirilməsi barədə müzakirələrin aparıldığı, Serbiyanın ölkəmizlə birgə Niş şəhəri yaxınlığında qazla işləyən elektrik stansiyası tikmək niyyətində olduğu xatırladılıb, iki ölkə arasında ticarət mübadiləsinin əvvəlki illərlə müqayisədə 30 dəfə artdığı vurğulanıb.
Reportajda bildirilib ki, COP29-da əsas diqqət inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə uyğunlaşa bilməsi üçün maliyyə dəstəyinə və yeni resursların yaradılmasına yönələcək.