Könüllülərin son hazırlığı

post-img

Qlobal iqlim konfransına hazırlıq prosesi çərçivəsində COP29 könüllüləri üçün 3 ay davam edən geniş təlim proqramının yekun mərhələsi başa çatıb. Proqram çərçivəsində COP29-un Mavi Zonasında işə cəlb olunacaq könüllülər məkan təlimləri ilə sonuncu hazırlıq mərhələsinə yekun vurublar.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin məlumatına əsasən, məlumat sessiyası, məkan sessiyası və konfrans məkanında gəzinti olmaqla üç hissədən ibarət yekun mərhələyə 1200 könüllü qoşulub. Sonuncu təlim mərhələsinin məqsədi könüllüləri konfrans ərəfəsində tədbir məkanı ilə yaxından tanış etmək və sessiya müddətində onların icra edəcəkləri vəzifələr barədə ətraflı məlumat vermək olub.

COP29 Könüllülük Proqramı bu ilin may ayında elan edilib. Proqrama qoşulmaq üçün müraciət edən 16 min nəfərdən çox namizəd bir neçə mərhələdən ibarət seçim prosesindən keçib və nəticədə müraciət edənlərdən 3 min nəfəri COP29 könüllüsü olaraq seçilib. COP29-a hazırlıq mərhələsində Könüllülük Proqramının iştirakçılarının hərtərəfli məlumatlandırılması və səriştələrinin artırılması məqsədilə ötən aylar ərzində müxtəlif istiqamətlərdə bir sıra intensiv təlimlər reallaşdırılıb.

Tədbirin açılışında çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev iqlim konfransının həm yerli, həm də qlobal əhəmiyyətindən danışaraq bu prosesdə gənclərin, eləcə də könüllülərinin vacib rolunu vurğulayıb. O, könüllülərin üzərinə düşən vəzifələri uğurla icra edəcəklərinə əminliyini ifadə edib.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri, Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova çıxışında Könüllülük Proqramının konfransa hazırlıq prosesinin vacib istiqamətlərindən olduğunu qeyd edərək ötən aylar ərzində könüllər üçün təşkil olunan təlimlərdən danışıb. O, iqlim konfransı tədbirinin uğurlu icrasında əhəmiyyətli payın öz fədakar əməyi, nümunəvi davranışları ilə seçilən dayanıqlılıq səfirləri kimi çıxış edəcək könüllülərin üzərinə düşdüyünü vurğulayıb.

Tədbirə onlayn bağlantı vasitəsilə qoşulan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil COP29 könüllülərini sözügedən qlobal əhəmiyyətli tədbirdə iştirak etmək şansını qazandıqlarına görə təbrik edib, bu məsuliyyətli prosesin bir hissəsi olduqlarına görə minnətdarlığını çatdırıb ifadə və onlara uğurlar arzulayıb.

Tədbirin davamında BMT-nin Baş katibi Antonio Quterreşin COP29 könüllülərinə videomüraciəti də təqdim olunub.

Tədbirin sonunda COP29 könüllülərinin qarşısında, həmçinin çıxış edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir Azərbaycanın bu konfransa ev sahibliyi etməsinə hazırlıqların və təşkilatçılığın yüksək səviyyədə icra edildiyinə xüsusilə diqqət çəkib və COP29 könüllülərinin konfransın səmərəli təşkilinə töhfələrini verəcəyinə inandığını diqqətə çatdırıb.

 

Ekologiya