Azərbaycanda karbon vergisi tətbiq olunacaqmı?

post-img

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda Dayanıqlı İnkişaf Məqsədləri dialoqunda bildirib ki, ötən əsrin 90-cı illərinədək müəyyən ədəbiyyatlar istisna olmaqla, heç bir ölkədə karbon vergisi haqqında fikir bildirilmirdi. Ötən müddətdə isə bu məsələ iqlim gündəliyidə əsas yerlərdən birini tutub. Ona görə də karbon vergisini dünyanın əksər ölkələri tətbiq etməyə başladığı təqdirdə, Azərbaycan da təbii ki, fərqli davranmayacaq.

S.Bəşirlinin sözlərinə görə, karbon vergisi, şübhəsiz ki, real sektora təsir edəcək. Amma biz qlobal reallığı nəzərə almadan qlobal iqtisadidiyyata inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərə bilmərik. Biz bu reallıqları diqqətdə saxlamaq məcburiyyətindəyik: “Mövcud resurslarla istər maliyyə, istər investisiya, istərsə də ticarət sahəsində yüksək nəticələr əldə edirik. Amma bu töhfələr daha çox olmalıdır. Lakin resurslarımız məhduddur. Belə olduğu təqdirdə bu sahələr arasında sinerjini artırmaq lazımdır. Bu, çox asan səslənsə də, bir o qədər çətindir. Bu, qlobal və milli səviyyədə səylərin səfərbər olunmasını tələb edir”.

Yeri gəlmişkən, dünyada geniş tətbiq edilən karbon vergisi ölkələrin atmosferə buraxılan zərərli qaz emissiyalarını azaltmağı hədəfləyir və bu vergi növü istehsal prosesində meydana çıxan karbon, dioksid emissiyalarını məhdudlaşdıran vasitə kimi tətbiq edilir. Karbon vergisi ilk dəfə 1991-ci ildə Finlandiyada qüvvəyə minib. Avropa İttifaqı ölkələri 2005-ci ildən bu verginin tətbiqinə başlayıb.

Hazırda İsveçrə, Norveç, Böyük Britaniya, Kanada, Yaponiya və Yeni Zelandiya kimi ölkələr daxili bazarlarında karbon vergisinin müxtəlif növlərini tətbiq edir. Fəaliyyətə görə karbon vergisinin tətbiqi zamanı məhsullara və ya müəssisələrə istehsal etdikləri emissiyalara nisbətdə vergi öhdəliyi müəyyənləşir. Karbon vergisi tətbiq edən ölkələrin təcrübəsi göstərir ki, bu vergi istixana qazı emissiyalarını səmərəli şəkildə azaldır. Karbon vergisi tətbiq edən ölkələrdə ekoloji cəhətdən təmiz texnologiyalardan istifadəyə üstünlük verilir, nəticədə istixana qazlarının emissiyalarının azaldılması kimi müsbət göstəricilər əldə edilir.

Qeyd edək ki, 2026-cı ildən Avropa İttifaqının (Aİ) sərhəddə karbon ticarət sistemi tətbiqinə başlayacağı gözlənilir. Aİ-yə üzv dövlətlərin qərarına əsasən, üçüncü ölkələrdən bu ittifaqa idxal edilən sement, alüminium, gübrə, elektrik enerjisi, dəmir və polad kimi məhsullara karbon vergisi tətbiq olunacaq ki, bu da Azərbaycanın, ümumilikdə, həmin vergiyə keçidini labüdləşdirəcək. Ona görə də hökumət karbon vergisinin tətbiqi ilə sənaye müəssisələrinin ekoloji problem yaratmaqdan uzaqlaşdırmağa, karbon emissiyasından çəkindirməyə çalışmağı düşünür. Ölkəmizin bu vergi rejiminə keçməsindən sonra karbon vergisinə məruz qalacaq sahibkarlar məlum öhdəlikləri nəzərə alaraq öz gələcək fəaliyyətlərini intizamlı, “yaşıl davranış kodeksinə” uyğun qurmalı olacaqlar. Ən optimal yol isə sahibkarların könüllü şəkildə karbon emissiyasını azaldan texnologiyaların geniş tətbiqinə keçməkdir.

 

Ekologiya