Bu məbləğ hələlik 5,2 trilyon dollara bərabərdir
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera təmsil etdiyi təşkilatla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi, enerji keçidinin sürətləndirilməsi, eyni zamanda, “yaşıl enerji” texnologiyalarına qlobal investisiyalar yatırılması və Bakının evsahibliyi edəcəyi COP29 barədə nikbin açıqlama verib.
O, mediaya müsahibəsində deyib: “Biz iqlim dəyişikliyi ilə mübarizənin səmərəliliyindən danışarkən, ilk növbədə, bu sahədə sərmayələri 4 dəfə artıraraq 5,2 trilyon dollara çatdırmaq barədə düşünməliyik. Eyni zamanda, prioritet kimi müəyyənləşdirilən infrastruktur, siyasət və bacarıqlar kimi məsələlərə diqqəti artırmalıyıq. Həmçinin müzakirə etdiyimiz xətt üzrə infrastrukturun yenilənməsinə və gücləndirilməsinə dəstək verə biləcək çoxtərəfli maliyyə qurumları haqqında fikirləşməliyik”.
Françesko La Kamera daha sonra qabaqcıl təcrübə platformasına çevriləcək iqlim konfransında ən sərfəli bərpaolunan yanacaq kimi hidrogenin tam rəqabətqabiliyyətliliyi barədə fikirlərin səsləndirilməsi və bununla bağlı qəraraların qəbulu diqqətdə saxlanılmalıdır. Hazırda hidrogen istehsalının maya dəyərinin aşağı düşdüyü müşahidə olunur. Düzdür, bəzi sahələrdə artıq rəqabətlidir, lakin, ümumiyyətlə, “yaşıl hidrogen”ə olan tələbatı dəstəkləmək, bazarı istiqamətləndirmək, bu sahəyə kifayət qədər tələbat yaratmaq üçün uğurlu strategiyalara ehtiyacı var.
Baş direktor müsahibənin sonunda Azərbaycanın COP29 konfransını uğurla keçirmək üçün hər cür imkana malik olduğunu bildirib. O, Bakıda yeni maliyyə öhdəliyi barədə qərar veriləcəyinə əminliyini ifadə edib.