Azərbaycanda hidrogen istehsalı 2 dəfə artıb

post-img

Alternativ mənbələrdən 2,4 milyard kilovat-saat enerji əldə edilib

Bərpaolunan enerji potensialı baxımından çox zəngin olan Azərbaycan neft və qaz sahələrində region, eləcə də dünya üçün təhlükəsizlik, habelə iqtisadi mənada dəyər mənbəyinə çevrilib. Neft və qaz dəhlizlərini yaradan və bununla beynəlxalq aləmə uğur nümayiş etdirən respublikamız  “yaşıl” enerjinin reallaşmasında da dünyada lider mövqedə olan ölkələr sırasında yer alıb.

Respublikamızda reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ həllinə, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradır. Bunun nəticəsidir ki, hazırda ölkəmizdə  “yaşıl” enerji  növləri uğurla gerçəkləşdirilir və onun  dünya bazarlarına nəqli enerji siyasətinin yeni prioritet istiqaməti kimi diqqətdə saxlanılır. 

Son illər ölkəmizdə sözügedən sahədə bir sıra mühüm layihələr reallaşdırılıb. MDB-də ən böyük və Xəzər dənizi regionunda ilk sənaye miqyaslı günəş elektrik stansiyası – 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyası (GES) istismara verilib. Eyni zamanda, həmin stansiyanın açılışı zamanı digər yeni layihələrin də əsası qoyulub. Belə ki, “Masdar” şirkəti ilə Neftçalanın Bankə qəsəbəsində 315 MVt-lıq, Biləsuvarda isə 445 MVt-lıq GES və Abşeron-Qaradağ rayonları ərazisində 240 MVt-lıq külək elektrik stansiyasının (KES) tikintisi ilə bağlı, ümumilikdə, 1 qiqavat bərpaolunan enerji mənbəyinin istismara buraxılmasını özündə ehtiva edən 3 yeni layihə imzalanıb. Bərpaolunan enerjinin payı isə hazırda 17 faizə yüksəlib.  

Energetika Nazirliyinin yaydığı məlumata əsasən, 7 ay ərzində elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında (İES) 13 milyard 863,7 milyon kilovat-­saat, su-elektrik stansiyalarında (SES) 1 milyard 867,3 milyon kilovat-saat, digər mənbələr üzrə isə 538 milyon kilovat-saat təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında (KES) 33,3 milyon kilovat-saat, günəş elektrik stansiyalarında (GES) 352 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 152,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Beləliklə, “yaşıl” enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1 milyard 327,7 milyon kilovat-saat) nisbətən 1 milyard 77,6 milyon kilovat-saat və ya 1,8 dəfə artaraq 2 milyard 405,3 milyon kilovat-saat olub.

Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14 milyard 323 milyon kilovat-saat (İES-lərdə 12 milyard 590,6 milyon kilovat-saat, SES-lərdə 1 milyard 732,4 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 277,7 milyon kilovat-saat (İES-lərdə 116,7 milyon kilovat-saat, SES-lərdə 124,2 milyon kilovat-saat, Günəş ES-də 36,8 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 25,1 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 643,2 milyon kilovat-saat təşkil edib.

Bütün bunlar qlobal çağırışların önündə gedən Azərbaycanın hazırda bir çox istiqamətlər üzrə yeni dövrün tələblərinə ən yüksək səviyyədə reaksiya verən ölkələrdən biri kimi tanındığını deməyə əsas verir.  Belə çağırışlardan ən önəmlisi isə bütün dünyada ildən-ilə artan enerji tələbatının ekoloji cəhətdən təmiz, “yaşıl yollar”la ödənilməsidir. İstehsalı bərpaolunan enerji mənbələrinə əsaslanan bu cür potensial isə hazırda ölkə üzrə 27 min  meqavat həcmində qiymtləndirilir.

Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürüldüyü və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə payının 30 faizə çatdırılmasının (hazırda 17 faiz təşkil edir) hədəf kimi müəyyənləşdirildiyi nəzərə alınmaqla bu istiqamətdə bir çox işlər görülür. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurla bərabər, Naxçıvanı da “yaşıl enerji” zonası elan etməsi bu hədəfə çatmağın mühüm istiqaməti kimi diqqət mərkəzində saxlanılır.   

Muxtar respublikanın yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti burada ekoloji cəhətdən təmiz enerji istehsalına imkan verir. Bu sırada isə günəş enerjisindən istifadə imkanları daha çox ön plana çıxır. Hesablamalara görə, Naxçıvan ərazisində günəşli saatların orta illik miqdarı 2600-2800 saat, hər kvadratmetrə düşən günəş enerjisinin intensivliyi isə 0,8-1,2 kilovat-saat təşkil edir. Bu isə o deməkdir ki, bütün fəsillərdə günəş enerjisindən istifadə imkanı mövcuddur. Qeyd etmək lazımdır ki, son illərdə muxtar respublikada ekoloji cəhətdən  təmiz enerji istehsalı məqsədilə bir sıra addımlar atılıb. Xüsusilə yeni günəş və külək elektrik stansiyalarının tikilib istifadəyə verilməsi Naxçıvanda istehsal edilən ümumi enerjidə bərpaolunan enerjinin payını artırıb.  

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən bildirilib ki, hazırda bu coğrafiyanın alternativ və bərpaolunan enerji potensialından istifadə ilə bağlı konkret dövlət sənədi mövcuddur. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda 11 prioritet istiqamətdən  biri elektrik enerjisi istehsalının və ixracının artırılması ilə bağlıdır ki, burada da əsas məqsəd  “yaşıl enerji” istehsalıdır. Adıçəkilən Dövlət Proqramının qəbul olunduğu 2023-cü ildə muxtar respublikanın elektrik stansiyalarında 474 milyon 569 min 561 kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bunun  da 19,89 faizi su elektrik və 12,75 faizi günəş elek­trik stansiyalarının payına düşür.  

Cari ilin 6 ayında isə ümumi elektrik enerjisi istehsalı 221 milyon  597 min 860 kilovat-saat olub ki, bunun da 105 milyon 137 min 216 kilovat-saatı su elektrik, 30 milyon 337 milyon 144 kilovat-saatı isə günəş elektrik stansiyalarında istehsal olunub. Yeri gəlmişkən, hazırda Ordubad rayonu ərazisində 36 meqavatlıq “Ordubad” və 15,6 meqavatlıq “Tivi” su elektrik stansiyalarının, Şərur rayonunda isə 3 meqavatlıq günəş elektrik stansiyasının tikintisi davam etdirilir.  

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin məlumatında qeyd olunur ki, ötən il sentyabrın 28-29-da Naxçıvanda keçirilən Azərbaycan–Türkiyə 3-cü Enerji Forumu və “Naxçıvan-yaşıl enerji zonası” beynəlxalq konfransında, eləcə də Bakı Enerji Forumunda Naxçıvanın enerji potensialı ilə bağlı xarici şirkətlərlə anlaşma memorandumları imzalanıb. Naxçıvanda “Masdar” şirkəti ilə ilkin mərhələdə gücü 150 meqavat olan günəş elektrik stansiyasının tikilməsi də nəzərdə tutulub. 

“Czech Engineering” şirkəti isə Sədərək rayonunun Türkiyə ilə sərhədində günəş elektrik stansiyalarının inşası, enerji ötürücülərinin tikilməsi və istifadəsi üzrə əməkdaşlıqda maraqlıdır. Eyni zamanda, Almaniyanın “Notus” şirkəti Naxçıvanda “yaşıl enerji” layihələrini reallaşdırmaq niyyətindədir. İlkin mərhələdə pilot layihə olaraq 70 meqavatlıq günəş elektrik stansiyasının Naxçıvanın şimal-qərbində –  Türkiyə ilə sərhəd xəttinə yaxın ərazidə tikilməsi nəzərdən keçirilir. 

Göründüyü kimi, Naxçıvanın “yaşıl enerji” potensialına, xüsusilə, bu enerjinin Türkiyə istiqamətində ixracına böyük maraq var. Buradan da o nəticəyə gəlmək mümkündür ki, yeni layihələr tezliklə Naxçıvanı “yaşıl enerji” dəhlizinə çevirəcək. 

Ekologiya