Hazırda beynəlxalq ictimaiyyəti ciddi narahat edən iqlim dəyişikliyi dünyanın əsas çağırışlarından biridir. Bu qlobal problemin həlli isə ölkələrin sıx əməkdaşlığından və birgə qərarlar qəbul edilməsindən asılıdır. Azərbaycan bu taleyüklü məsələdə fəal rolunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi etməsi ilə bir daha təsdiqləyir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Azərbaycan mediasına müsahibəsində ölkəmizin COP29-a hazırlıq səviyyəsindən, BMT-nin bu istiqamətdə dəstəyindən danışıb, iqlim fəaliyyəti ilə bağlı məsələlərdə inkişaf etməkdə olan ölkələrin rolu və bir sıra mövzular barədə şəraiti dəyərləndirib.
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi respublikamızın COP29-a hazırlığından danışarkən bildirib ki, Azərbaycan bu nüfuzlu tədbirə ciddi hazırlaşır, bu istiqamətdə beynəlxalq təşkilatlarla açıq və səmimi əlaqələrini genişləndirir, öhdəliklərini, məsuliyyətlərini və qarşılaşdıqları çətinlikləri bölüşür. Təbii ki, beynəlxalq ictimaiyyət də Azərbaycanın belə bir taleyüklü məsələdə səmərəli fəaliyyətini dəstəkləyir, iqlim dəyişikliyi ilə mübarizəsini, maliyyə probleminin həllində rolunu yüksək dəyərləndirir.
Saymon Stil “İqlim dəyişikliyi ilə mübarizə səylərində inkişaf etməkdə olan ölkələrin rolunu necə qiymətləndirirsiniz və onlara hansı dəstək tədbirləri lazımdır” sualını isə belə cavablandırıb: “İnkişaf etməkdə olan dövlətlər iqlim böhranında ən az paya malik olan, lakin onun təsirlərindən ən çox əziyyət çəkən ölkələrdir. Bu səbəbdən onların qlobal böhrana ən çox töhfə verən və haqqında danışılan məsələdə məsuliyyət daşıyan inkişaf etmiş, sənayeləşmiş ölkələri bu istiqamətdə hərəkətə gətirmək üçün təsir göstərməyə mənəvi haqqı var. Həmçinin düzgün dəstək nəticəsində onlar yerli səviyyədə uyğunlaşma və dayanıqlığın yaradılması istiqamətində reallaşdırıla biləcək tədbirlərə liderlik edə bilərlər”.
S.Stil müsahibədə hazırda istixana qazı emissiyalarının azaldılmasında və iqlim dəyişikliyinə uyğunlaşmada problemə çevrilən maneələrdən də bəhs edib. İnkişaf etməkdə olan ölkələrə vəd olunan vəsaitlərin çatışmazlığından narahatlığını bildirib və bu problemin həlli yolları ilə bağlı fikirlərini diqqətə çatdırıb. Eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizədə səmərəli prinsiplərin mövcudluğunu, maliyyə və texniki çətinliklərin aradan qaldırılmasının mümkünlüyünü, lakin bu yolda siyasi iradənin çatışmadığını təəssüflə xatırladıb.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi COP29-un gündəmində maliyyə məsələsinin dayandığını, Azərbaycan sədrliyi tərəfindən bunu dəstəkləmək və asanlaşdırmaq üçün böyük səy tələb olunduğunu, eyni zamanda, hazırda 190 ölkə ilə yeni maliyyə məqsədi barədə razılığa gəlindiyini qeyd edib. İcraçı katib, eyni zamanda, bu il hazırlanacaq və gələn il Braziliyada təqdim ediləcək yeni iqlim planlarının ölkələrin milli səviyyədə öhdəliklərini müəyyənləşdirəcəyini, nəticədə emissiyaların 2030-cu ilə kimi yarıyadək, 2035-ci ilədək isə 60 faizə qədər azaldıla biləcəyinə əminliyini vurğulayıb.
S.Stil müsahibənin sonunda “Azərbaycan da Birləşmiş Ərəb Əmirlikləri kimi neft ölkəsidir və COP konfransına sədrlik edir. Neft ölkələrinin COP sədrliyi etməsinin, sizcə, nə kimi müsbət tərəfləri var” sualını belə cavablandırıb: “Dubayda əldə edilən qəti nəticə neft və qazdan, qalıq yanacaqlardan imtinanın vacibliyini göstərir. Bu, iqlim böhranından yaranan təsirlərlə mübarizədə əsas diqqət edilməli məqamdır. Neft, qaz və kömür istehsal edən dövlətlər qalıq yanacaqdan uzaqlaşmanın əhəmiyyətini və bunun emissiyaların azaldılmasına təsirlərini göstərməkdə lider ola bilər”.
Göründüyü kimi, bu gün bütün dünya zəlzələlər, torpaq sürüşmələri, daşqınlar, qasırğa və digər təbii fəlakətlərlə üz-üzədir. Təbii ki, bütün bunların ilkin səbəbi planetimizin qeyri-humanist münasibətlərin real hədəfinə çevrilməsidir. Əgər dünyamız həddindən artıq nüvə, döyüş sursatı ilə yüklənirsə, dağıdıcı, viranedici müharibələrin meydanına çevrilirsə, hansı normal həyat tərzindən söhbət gedə bilər?
Bir çox mənfi amillər də dünyanın ekosisteminə ziyan vurmaqdadır. Yaşadığımız elmi-texniki inqilab əsrində əhalinin sürətlə artması, yeni təbii ehtiyatların istifadəyə verilməsi, kənd təsərrüfatının sənayeləşdirilməsi, texniki tərəqqinin sürətləndirilməsi ətraf mühitə öz təsirini göstərir. Texniki tərəqqinin nailiyyətləri bir tərəfdən əhalinin təbiətdən asıllığını azaldırsa, təbii ehtiyatlardan səmərəli istifadəni asanlaşdırırsa, digər tərəfdən də bu nailiyyətlərdən düzgün istifadə olunmaması ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Belə ki, hava, dəniz, şirin su hövzələri çirklənir, meşələr məhv olur, torpaq örtüyü sıradan çıxır, nadir bitki və heyvan növlərinin sayı azalır.
Dünyanın aparıcı elm mərkəzlərinin rəyinə görə, sözügedən qlobal istiləşməyə insanın istehsal və təsərrüfat fəaliyyəti nəticəsində atmosferə atılan karbon qazı və digər istixana effekti yaradan qazların miqdarının durmadan artması səbəb olub. Başqa sözlə, sənayeləşmə dövründən başlayaraq yanacağa (neft, daş kömür, təbii qaz və s.) tələbatın durmadan yüksəlməsi ilə əlaqədar atmosferə atılan karbon qazının miqdarı kəskin artaraq son dövrlərdə ciddi təhlükəyə çevrilib.
İqlim dəyişmələri üzrə ekspertlərin ümumi qənaətinə əsasən, qlobal istiləşməni məhdudlaşdırmağın yeganə yolu dünyanın enerji balansında alternativ enerjinin (külək, günəş və s.) xüsusi çəkisini kəskin artırmaqla, atmosferə atılan karbon qazı və digər istixana qazlarının miqdarının azaldılmasıdır.
Yeri gəlmişkən, hazırda dünyada əhalinin sayının kəskin artması və qlobal ekoloji problemlərin çoxalması nəticəsində “yaşıl enerji”dən istifadəyə tələbat getdikcə yüksəlir. “Yaşıl enerji” istehsalı qlobal istiləşmənin məhdudlaşdırılmasının, ekoloji fəsadlar yaradan karbon emissiyasının minimuma endirilməsinin, həmçinin ekoloji çirklənmənin qarşısını alır.
Bütün bunlarla bərabər, ənənəvi enerjidən “yaşıl enerji”yə keçid bu sahədə yeni yanaşmaların və texnologiyaların tətbiqini stimullaşdırır, eyni zamanda, “yaşıl enerji” sənayesinin inkişafı nəticəsində yeni iş yerləri yaranır ki, bu da davamlı inkişafı şərtləndirir.