“Yaşıl” iqtisadiyyatın dünya təcrübəsi

post-img

“Yaşıl iqtisadiyyat”ın formalaşması üzrə bir çox beynəlxalq təşkilatlar özlərinin müvafiq mexanizm və təşəbbüsləri ilə diqqət çəkirlər. “Yaşıl iqtisadiyyat”ın inkişafında ayrı-ayrı ölkələrin təcrübəsindən danışarkən onların həyata keçirdikləri islahatları və istifadə etdikləri mexanizmləri də nəzərdən keçirmək lazımdır. Belə ki, hər  bir dövlətin bu sahədə özünəməxsusluğu var. 

ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev “Yaşıl iqtisadiyyat”ın inkişafında istifadə oluna biləcək mexanizmlərin bəzi variantlarını belə qeyd edir: 1) ekoloji vergi islahatları və alətləri (karbon vergisi, vergi güzəştləri və ixtisarları); 2) intensiv çirkləndirməyə görə cərimə; 3) ekoloji layihələrin mükafatlandırılması üçün “yaşıl subsidiya”lar, qrantlar, kreditlər; 4) ekoloji cəhətdən zərərli fəaliyyətlərə subsidiyaların verilməsinin aradan qaldırılması; 5) birbaşa dövlət xərcləri (ekoloji təmiz infrastruktur və ya təmiz texnologiya üçün tədqiqat və inkişaf (R & D) fəaliyyətinin təşkili), dolayı dəstək (ictimai zəmanətlər və s.). 

Ə.Əliyev qeyd edilənlər barədə aydın təsəvvür yaranması məqsədilə diqqəti bəzi ölkələrin fəaliyyətinə yönəldir: “Böyük Britaniya “yaşıl iqtisadiyyat”ın inkişafı üçün bu istiqamətdə Feed-In Tariffs scheme (FITs) adlı güzəştli tarifdən istifadə edir. Almaniyada isə “yaşıl iqtisadiyyat”ın inkişafı üçün ekoloji vergi (Eco Tax) islahatından istifadə olunur. “Yaşıl subsidiya”lardan alət kimi istifadə edərkən xarici mühit amilləri (qloballaşma, beynəlxalq rəqabət, daxili bazar konyukturası, xüsusilə, istehlakçı psixologiyası və s.) nəzərə alınmalıdır.

Belə bir faktı da qeyd etmək lazımdır ki, “yaşıl iqtisadi sistem”ə keçid üçün beynəlxalq təşəbbüslər və proqramlar bir ölkəyə ziyan, digərinə xeyir verə bilər. Təşəbbüslərin həyata keçirilməsindən öncə düzgün qiymətləndirmə aparılmalı və  insanların yeniliklərə sürətlə adaptasiyası üçün imkanlar yaradılmalıdır”. 

Ə.Əliyevin fikrincə,  “yaşıl iqtisadiyyat”a keçidin mənfi təsirləri daha çox inkişaf etməkdə olan ölkələrdə və təbii resurslarla zəngin olan dövlətlərdə özünü biruzə verə bilər. “Yaşıl iqtisadiyyat”a keçidin ilk dövrlərində buraxılan səhv  digər mərhələlərdə sistemin səmərəsini azalda bilər. Bu vəziyyətdən isə daha çox inkişaf etməkdə olan ölkələr narahatdırlar. Çünki  bu ölkələrin əhalisi insan inkişafı indeksinə, xüsusilə, təhsilin səviyyəsinə görə öndədirlər. Nəticədə inkişaf etməkdə olan ölkələr ilk pilləni daha uğurla tamamlayıb, II mərhələyə qədəm qoya biləcəyi halda, birinci dövrdə insan kapitalının qıtlığına görə uğursuzluqla üzləşə bilərlər. Elə buna görədir ki, bəzi inkişaf etməkdə olan ölkələr, “yaşıl iqtisadiyyat”ın inkişaf etmiş ölkələrin yeni bir siyasi oyunu olduğunu güman edirlər. Bu səbəblə inkişaf etməkdə olan ölkələrə, xüsusilə, neft-qaz kimi təbii ehtiyatlarla zəngin  olan dövlətlərə daha ehtiyatla yanaşılmalıdır. Keçid dövrünün inkişaf etməkdə olan ölkələrdə də uğurla başa çatması üçün onların dəstəyə ehtiyacı var.

Bu kimi mütərəqqi məsələlərə əsaslanaraq onları tətbiq etməyi qarşıya mühüm vəzifə kimi qoyan Azərbaycanda da ətraf mühit qanunvericiliyinin əsas prinsipləri “yaşıl iqtisadiyyat”ın inkişafını nəzərdə tutur. Həmin prinsiplərə sosial-iqtisadi, mənəvi-əxlaqi problemlərin qarşılıqlı həlli, təbii  sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi, ekoloji tarazlığın qorunub saxlanması və mühafizəsi, eləcə də ətraf mühitin mühafizəsinin və təbii sərvətlərdən istifadənin tənzimlənməsində ekosistemli yanaşma aiddir. Bunlarla yanaşı, respublikada ətraf mühitin çirklənmsinə dair sanksiyalar, təbiətdən istifadənin ödənişli olması,  ərazilərdə ekoloji tarazlığın gerçəkləşdirilməsi və pozulmuş təbii ekoloji sistemlərin bərpası kimi məsələlərin də diqqət mərkəzində saxlanılması zəruri sayılır. 

Onu da qeyd edim ki, ölkəmizdə təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiqi, ətraf mühitin biomüxtəlifliyinin qorunması, dövlət nəzarəti və ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət, ətraf mühitə vurulan zərərin qiymətləndirilməsi, ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişaf, insanın həyatının və sağlamlığının mühafizəsi, ətraf mühitin mühafizəsi sahəsində əhalinin və ictimai birliklərin iştirakı, ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, ekoloji qanunvericiliyin Avropa qanunvericiliyinə və beynəlxalq müqavilələrə uyğunlaşdırılması və s. prinsiplərə priorit istiqamətlər kimi yanaşılmalıdır. 

Alim sonda bildirib ki, perspektiv dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin daha çox artacağını nəzərə alaraq, ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə və texnologiyalarına üstünlük verilməlidir.

Belə tədbirlərin həyata keçirilməsi isə  getdikcə cəmiyyətdə yeni təfəkkürə, düşüncəyə əsaslanan müasir “yaşıl həyat tərzi”nin formalaşmasına əlavə imkanlar yaradacaq.  

Ekologiya