Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov mediaya müsahibəsində iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin hər birinin özünəməxsus rolu barədə danışarkən, bildirib ki, inkişaf etmiş ölkələrdə iqtisadiyyat və sənaye sürətlə inkişaf etdiyindən həmin dövlətlərdə daha çox istixana qazı emissiyası müşahidə olunur. Buna görə də iqlim dəyişikliyi ilə mübarizədə daha çox məsuliyyət daşıyır, eyni zamanda, texnoloji yeniliklər, maliyyə dəstəyi və müasir infrastruktur sahələrində liderdirlər. Belə bir şəraitdə onlar Paris Sazişinə və COP28-də qəbul olunmuş Qlobal Baxış sənədinə uyğun olaraq ən yüksək ambisiyaya can atmalıdırlar. İnkişaf etməkdə olan ölkələrə dəstək göstərməli və iqlim maliyyəsini də artırılmalıdırlar.
F.Mütəllimov bildirib ki, inkişaf etməkdə olan ölkələr isə adətən daha az iqtisadi resurslara malikdirlər və inkişaflarını davam etdirmək üçün enerji və infrastrukturun genişləndirilməsinə ehtiyac duyurlar: “Bu ölkələr iqlim dəyişikliyinə qarşı tədbirlər görmək üçün beynəlxalq maliyyə və texnoloji dəstək tələb edirlər. Həmçinin onların adaptasiya və dayanıqlı inkişaf üçün səyləri də böyük əhəmiyyət daşıyır. İnkişaf etmiş ölkələrin bu dövlətlərə maliyyə və texnoloji köməklik göstərməsi beynəlxalq iqlim dəyişiklikləri siyasətinin vacib bir hissəsidir”.
ETSN rəsmisi söyləyib ki, COP29-da ambisiyanın artırılması və fəaliyyətə təkan verilməsi üzərində qurulmuş iki paralel istiqamətə əsaslanan perspektiv baxış təqdim edilib və iqlim maliyyəsinin prioritet olduğu vurğulanıb: “Bu istiqamətlər bir-birini gücləndirir – birindəki irəliləyiş digərinə dəstək olur. Əsas mandatların və iqlim fəaliyyətinin uğurla yerinə yetirilməsi etimad, həmrəylik və inkişaf tempini artırmaq üçün vacibdir. COP29, Paris Sazişi qlobal iqlim tədbirləri və əməkdaşlığı üçün bir sınaq olacaq. Əsas diqqət İqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinə yönəldilərək COP29-da bütün əsas və aktual məsələlərin həllinə nail olunması gözlənilir”.
F.Mütəllimovun sözlərinə görə, COP29 lazımi icra və dəstək vasitələrinin təmin edilməsində, eləcə də ümumi, lakin fərqləndirilmiş məsuliyyətlər və müvafiq imkanlar prinsipinin nəzərə alınması ilə hər kəsin mümkün olan ən yüksək ambisiyaya çatmasında mühüm rol oynayacaq.